Ötən həftənin şənbə günü Naxçıvan Dövlət Uşaq Teatrının Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi, şair-dramaturq Həsənəli Eyvazlının “Nadan Xoruz” mənzum nağıl pyesi əsasında hazırladığı tamaşa uşaqlara təqdim edilib.
Tamaşanın məzmunu çox sadədir. Bir sıra nağıllarımızda rast gəldiyimiz Tülkü burada da hiyləgərliyi ilə seçilir. Kələkbaz Tülkü bu dəfə Nənənin toyuq-cücələrinin axırına çıxmaq üçün Xoruzla yalançı dostluq qurmaq istəyir. Nadan, eyni zamanda lovğa və təkəbbürlü Xoruz da buna inanır. Son anda Nənənin sadiq köpəyi Bozdar onları Tülkünün kələyindən xilas edir. Tamaşada lovğalıq, nadanlıq, kələkbazlıq, özünə arxayın olub, heç kəsə inanmamaq kimi mənfi xüsusiyyətlər tənqid edilir.
Tamaşada Nənə surəti Naxçıvan Dövlət Universitetinin tələbəsi Mehri Nəbiyevaya tapşırılıb. O, bu rolu balaca tamaşaçılara özünəməxsus sevgi ilə təqdim edə bilir.
Tamaşanın ən maraqlı surəti olan Tülkünü Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbin şagirdi Nurgül Müslümova təbii və səmimi oyun tərzi ilə canlandırır. Nurgülün aydın diksiyası, hərəkət tərzi, mimikası uşaqlarda emosional təsir yaradır.
Tamaşanın quruluşçu rejissorları Tofiq Seyidovun və Nurbəniz Niftəliyevanın uşaqlarla işləmək bacarıqları maraqlı səhnə əsərinin yaranmasına səbəb olub. Tamaşanın musiqi tərtibatı da xoş təsir bağışlayır. Xüsusilə görkəmli bəstəkarımız Qəmbər Hüseynlinin dünya şöhrətli “Cücələrim” mahnısının səslənməsi uşaqlarda şən əhval-ruhiyyə yaradır.
Gənc rəssam Bəhruz Quliyevin dekor işi də diqqəti cəlb edir. Kənd həyatını, kənd məişətini xatırladan mənzərələr nağıl dünyası ilə vəhdətdə maraqlı görünür.
Bu il 10 yaşı tamam olan Naxçıvan Dövlət Uşaq Teatrının hazırladığı səhnə əsəri balacaların nağıl dünyasını genişləndirmək baxımından gözəl tamaşa kimi diqqəti cəlb edir.
Əli RZAYEV