Noyabrın 17-də Naxçıvan Dövlət Universitetində “Mərkəzi Araz hövzəsi tarix və mədəniyyət fonunda” adlı ikigünlük beynəlxalq elmi simpozium öz işinə başlayıb. Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu, Naxçıvan Dövlət Universiteti, Türkiyə Respublikası Nazirlər Kabinetinin Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumu, Atatürk Araşdırma Mərkəzi və İqdır Universitetinin birgə təşkilatçılığı ilə keçirilən simpoziumun açılış mərasimində Azərbaycanın və Türkiyənin Dövlət himnləri səsləndirilib.
Atatürk Araşdırma Mərkəzinin rəhbəri Mehmet Ali Beyhan çıxış edərək bildirib ki, tarixboyu türklər öz tarixi və mədəniyyətləri ilə seçiliblər. Dünya sivilizasiyasının əsas məskənlərindən hesab edilən Dəclə və Fərat çayları arasındakı ərazidən – Mesopotamiyadan yayılan Şumer mədəniyyəti türk mədəniyyətinin nə qədər qədim tarixə söykəndiyini göstərir. Ümumiyyətlə, qədim türklər, əsasən, çay vadilərində məskunlaşıblar. Çünki su ehtiyacını təmin etmək, əkin-biçinlə məşğul olmaq, həyatı davam etdirmək üçün çay hövzələri mühüm əhəmiyyətə malikdir. Mərkəzi Araz hövzəsində min illərdir, qədim şəhər mədəniyyəti ilə diqqətçəkən Naxçıvan diyarı da bu bölgənin qədimlərdən üzübəri türk tarixi və mədəniyyətində mühüm rolu olan ərazilərindəndir. Naxçıvan torpağının qədim tarixi bu ərazidə formalaşmış ilkin sivilizasiyanın mövcudluğundan xəbər verir. Naxçıvan türk toplumları üçün istər tarixi, istərsə də müasir əlaqələr baxımından əvəzolunmaz məkandır. Bu mənada, Naxçıvanın ortaq türk tarixində yeri danılmazdır. Buna görə də Naxçıvanda belə bir nüfuzlu beynəlxalq elmi simpoziumun keçirilməsi hər birimiz üçün xüsusi əhəmiyyətə malikdir.
Simpozium iştirakçılarını ali təhsil ocağında görməkdən məmnun olduğunu bildirən Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov qeyd edib ki, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının ərazisi çox qədim tarixə malikdir. Türk dünyasının ən qədim yaşayış və mədəniyyət mərkəzlərindən biri olan Naxçıvan ərazi baxımından kiçik olsa da, bura min illərin tarixini yaşadan qədim yaşayış yerləri, tarixi abidələrlə zəngindir. Muxtar respublika ərazisindəki mağaralar, qədim yaşayış yerləri, möhtəşəm qalalar, qayaüstü rəsmlər tarixin dərin qatlarından xəbər verir. Gəmiqaya abidəsi Naxçıvanın ilkin yaşayış məskəni olduğunu elmi əsaslarla təsdiq etməklə yanaşı, həm də Azərbaycanın ən qədim dövr incəsənətinin, mənəvi və maddi-mədəniyyətinin əhəmiyyətini qoruyub saxlayır. Həmçinin Qazma mağarası, I və II Kültəpə, Xaraba Gilan, Ovçular təpəsi, Oğlanqala və yüzlərlə başqa tarix və mədəniyyət abidələri keçmişimizi bu günə daşıyan tarixi yaddaşımızdır. Bu tarixi və mədəni zənginliyin nəticəsidir ki, Böyük İpək Yolu üzərində yerləşən Naxçıvan Şərqlə Qərbi birləşdirən mühüm ticarət mərkəzlərindən biri olub. Bu gün “Mərkəzi Araz hövzəsi tarix və mədəniyyət fonunda” adlı beynəlxalq elmi simpoziumun məhz Naxçıvanda keçirilməsi bu qədim diyarın keçmişdə olduğu kimi, bu gün də türk tarixinin coğrafiyasında, müxtəlif əlaqələrin qurulmasında mühüm rol oynadığını bir daha təsdiq edir.
Türkiyə Respublikası Nazirlər Kabinetinin Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun rəhbəri Derya Örs çıxışında bildirib ki, Naxçıvanda belə bir beynəlxalq simpoziumun keçirilməsi hər birimiz üçün qürurvericidir. Türkiyənin Anadolu bölgəsi, Qafqaz və Mərkəzi Araz hövzəsi əraziləri də daxil olmaqla türk tarixi və mədəniyyətinin qarşılıqlı öyrənilməsi və bu istiqamətdə müzakirələrin aparılması ümumtürk dünyasının maraqları baxımından çox böyük rola malikdir. Naxçıvanda belə bir konfransın keçirilməsi bir tərəfdən bu bölgənin qədim tarix və mədəniyyətə malik olmasından irəli gəlirsə, digər tərəfdən türk tarixinin bir bütöv olduğunun göstəricisidir. İki gün ərzində aparılacaq müzakirələrdə məqsəd bu ərazilərdə uzun illər mövcud olmuş dövlətlərin, bəyliklərin, xanədanlıqların, tarixi şəxsiyyətlərin yaratmış olduqları tarix və mədəniyyətləri bir daha öyrənmək və ortaq türk tarixinin yazılması layihəsi ilə bağlı münbit şərait hazırlamaqdır. İnanırıq ki, hər iki tərəfdən 40-a yaxın elm adamının iştirakı ilə bu istiqamətdə aparılan müzakirələr türk tarixi və mədəniyyətinin maraqlı tərəfləri ilə tanış olmağımıza imkan verəcəkdir.
Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov deyib ki, bu gün Naxçıvanda keçirilən beynəlxalq simpoziumun böyük mənası var. Bundan əvvəl hər iki dövlətin rəsmiləri arasında ortaq türk tarixinin yazılması ilə bağlı razılıq əldə olunmuşdu, eyni zamanda Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutuna da bununla bağlı tapşırıqlar verilmişdi. Biz də öz növbəmizdə Atatürk Araşdırma Mərkəzi ilə protokol imzaladıq və əsas məqsədimiz də tarixdəki türk dövlətləri və bu dövlətlərin qurulmasında rolu olmuş şəxsiyyətlərin qarşılıqlı şəkildə tanıdılmasıdır. Mənim üçün qürurvericidir ki, belə bir möhtəşəm tədbir Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvanda keçirilir. Çünki Naxçıvan çox qədim tarixə və mədəniyyətə malikdir. Böyük İpək Yolu üzərində yerləşən Naxçıvan tarixən Avropa ilə Asiyanı birləşdirən körpü rolunu oynayıb. Bu diyarın qədim sakinləri tarixboyu bura edilən hücumların qarşısını mərdliklə alıblar. Xüsusilə ötən əsrin əvvəllərində erməni daşnakları və onların havadarlarının işğalçı hücumlarının qarşısı yerli naxçıvanlılar tərəfindən mərdliklə alınıb. Zəngəzurun Ermənistana verilməsi ilə Azərbaycanın əsas torpaqlarından ayrı düşən Naxçıvan dövrün bütün çətinliklərinə sinə gərərək tarixdə layiqli yerini tutub və bu gün özünün yeni inkişaf yoluna qədəm qoyub. Dünyanın ilkin sivilizasiya mərkəzlərindən olan bu qədim diyar türk tarixinin öyrənilməsi və təbliği baxımından çox əhəmiyyətli məkandır.
Çıxış edənlər simpoziumun işinə uğurlar arzulayıblar.
“Mərkəzi Araz hövzəsi tarix və mədəniyyət fonunda” adlı beynəlxalq elmi simpozium bölmə iclasları ilə öz işini davam etdirir.
Səbuhi Həsənov