23 Dekabr 2024, Bazar ertəsi

Qapıdan içəri keçib elə bir-iki addım atıb dayanıram. İri hərflərlə yazılmış “Milli dəyərlərimiz” ifadəsi gözümə sataşır, ayaq saxlayıb bu guşəyə diqqətlə baxıram. Balaca samovar, uşaqlar üçün milli geyimlər və sair. Bütün bunlar sanki qapıdan içəri keçənlərə “bura uşaqlara xidmət edir” mesajını verir. Bəli, çox gözəl və uğurlu bir məlumatlandırma üsuludur. Bura, doğrudan da, uşaqlara xidmət edir. Söhbət Adil Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasından gedir.

Geri qayıdıb koridorun sağ tərəfindəki otaqdan oxu zalına keçmək istəyirəm. Elə içəri keçməklə bir guşə yenə ayaq saxlamağıma səbəb olur. Bu guşə kitabxananın adını daşıdığı Adil Babayevə həsr olunub. Burada onun fotoları və müxtəlif kitabları sərgilənib. Xeyli dayanıb onlara nəzər saldıqdan sonra, nəhayət ki, oxu zalına keçirəm.
Zalda əyləşib mütaliə ilə məşğul olan uşaqlara yaxınlaşıram. Üçüncü sinif şagirdi olan Nizami Hacıyev dərslərini hazırladıqdan sonra asudə vaxtını səmərəli keçirmək məqsədilə buraya üz tutduğunu bildirir. O deyir ki, çox vaxt nağıl kitabları oxuyur. Tərbiyəvi əhəmiyyətli nağılları oxumağı sevən Nizami yaşına uyğun olan ədəbiyyatlar seçdiyini və oxuduğu hər kitabdan nəticə çıxarmağa çalışdığını vurğulayır.

Digər bir azyaşlı oxucu – dördüncü sinif şagirdi Sənan Fətəliyev də bu kitabxanaya tez-tez gəldiyini, buranın kitab fondundan istifadə etdiyini bildirir. Sənan deyir ki, şeirləri çox sevir, elə buna görə də dərsliklərdə oxuduqları ilə qane olmayıb bacardığı qədər çox şeir əzbərləməyə çalışır. Balaca müsahibimizin ağız dolusu danışığından hiss olunur ki, deyəsən, o axtardıqlarını asanlıqla tapdığı bu ünvanı çox sevdiyindən tez-tez buraya gəlir. Balaca müsahibimizə məsləhət görürük ki, şeirə vurğunluğu dərslərində geriləməsinə yol verməsin, bacardığı qədər hər ikisinə də diqqət yetirsin.
Beşinci sinif şagirdi Fidan Ramazanova isə dərslərdə çətinlik çəkdiyi zaman buraya müraciət edərək onları aradan qaldırdığını deyir:
– Burada olan bir çox kitabdan, daha çox lüğətlərdən istifadə edirəm. Xarici dil tapşırıqlarının, demək olar ki, hamısını burada həmin lüğətlərin köməkliyi ilə yerinə yetirirəm.
Məktəb şagirdləri ilə yanaşı, kitabxananın daha azyaşlı üzvləri də var ki, onlar, əsasən, valideynləri ilə buraya gələrək boyama kitabçalarındakı şəkilləri boyayır, səsli nağıl danışan kitablardan nağıllar dinləyir və kitabxananın uşaqlar üçün yaradılan imkanlarından yararlanırlar.
Kitabxananın direktoru Kəmaləddin Axundov deyir ki, burada 8 şöbə fəaliyyət göstərir. Yüz yetmiş minə yaxın kitab fonduna malik kitabxananın 12 min dörd yüz otuz səkkiz üzvü var. Bu il isə 96 nəfər kitabxanaya üzv olub. İl ərzində fonda 242 adda 402 ədəbiyyat daxil edilib ki, bunlardan da 90-ı birinci-dördüncü siniflər üçün dərsliklərdir.
Öyrənirəm ki, kitabxana muxtar respublikada fəaliyyət göstərən rayon, şəhər Mərkəzləşdirilmiş Kitabxana sistemlərinin uşaq şöbələri, eləcə də orta məktəb kitabxanaları üçün metodik mərkəz rolunu oynayır. Belə ki, kollektiv indiyəcən 40-dan çox orta məktəb kitabxanasında “Kitabxana işinin yeni metodları” adlı seminar-məşğələlər keçirib. Əməkdaşlar Naxçıvan Musiqi Kolleci və Naxçıvan Dövlət Universitetində də seminarlarda iştirak ediblər. Hər ayın son həftəsində “Kitabxana günü” keçirilir. Burada kitabxana işində yeniliklər, kitabxana fonduna daxil olan yeni kitablar və sair məsələlər haqqında müzakirələr aparılır.
Hər həftə məktəbəqədər təhsil müəssisələrində “Nağıl günü” keçirilir. Kitabxana əməkdaşları hər dəfə bir xalq nağılını uşaqlara danışdıqdan sonra onlar həmin nağılı video vasitəsilə əyani şəkildə izləyirlər. Sonda isə həmin nağıl üzərində balacalarla müzakirə aparılır, nağıldakı tərbiyəvi cəhətlər uşaqlara aşılanır. Məktəbəqədər təhsil müəssisələrində “Uşaqların nağıl dünyası” adlı sərgi də təşkil edilir. Burada rəngli uşaq kitab və jurnalları, rəsm əsərləri və sair sərgilənir.
Kəmaləddin Axundov deyir ki, kitabxananın oxucuları arasında tez-tez şeir, rəsm və digər müsabiqələr keçirilir, yüksək nəticə göstərən iştirakçılar mükafatlandırılır, oxucuların şair və yazıçılarla görüşləri, eyni zamanda onların tarixi və əlamətdar günlərdə muzeylərə ziyarətləri təşkil edilir. 21 sentyabr – Beynəlxalq Sülh Günü münasibətilə “Biz sülh istəyirik” devizi altında uşaqlar arasında kağız üzərində deyil, tam fərqli tərzdə, asfalt üzərində rəsm müsabiqəsi keçirilib. Müsabiqədə yer tutmayan uşaqlar da buradan çox xoş təəssüratlarla ayrılıblar.
Digər bir fərqlilik isə kitabxananın, Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar nazirliklərinin birgə təşkilatçılığı ilə keçirilən “Təbiətə məktəbli töhfəsi” adlı aksiyadır. Bildiyimiz kimi, istifadə olunmuş bir batareya yerə düşdüyü zaman 2 kvadratmetr ərazini istifadəyə yararsız hala çevirir. Bunun qarşısını almaq üçün aksiya iştirakçıları orta məktəblərdə şagirdlərlə görüşüb aksiyanın mahiyyəti baxımından onları maarifləndirib və ümumi bir vaxt təyin edərək həmin batareya toplayan uşaqları bir yerə yığıblar. Kəmaləddin Axundovun dediyinə görə, uşaqlar birlikdə nə az, nə də çox düz 30 min istifadə olunmuş batareya toplayıb gətiriblər. Həmin batareyalar Fövqəladə Hallar Nazirliyi tərəfindən zərərsizləşdirilib. Uşaqları həvəsləndirmək məqsədilə daha çox batareya gətirənlərə müxtəlif hədiyyələr təqdim olunub. 2017-ci ildə də belə əhəmiyyətli bir aksiya keçirmək planlaşdırılıb.
Yayda “Kitabı sevin”, “Kitab bilik mənbəyidir” adlı 300-400 kitabdan ibarət sərgilər də keçirilir. Bu sərgiləri digərlərindən fərqləndirən onların hər hansısa müəssisədə, ya da qapalı bir yerdə deyil, Naxçıvan şəhərinin müxtəlif park və meydançalarında baş tutmasıdır. Bu zaman uşaqlar maraqla kitabların ətrafına toplanır, diqqətlərini çəkənləri vərəqləyib məzmunu ilə tanış olur, daha sonra isə həmin uşaqların bir çoxu kitabxanaya müraciət edərək buranın oxucusu kimi istədiyi ədəbiyyatı əldə edir.
Kitabxanada “Bacarıqlı əllər”, “Nağıllar aləmi” adlı guşələr də yaradılıb. Bu guşələrdə istedadlı oxucuların əl işlərindən nümunələr yer alıb. Əl işlərinin hazırlanmasında kitabxananın əməkdaşları onlara yaxından köməklik göstərir, lazımi məsləhətlər verirlər.
Kitabxananın yay oxu zalı bəzi oxucular üçün mühüm iş icra edir. Belə ki, təhsil ili ərzində aşağı nəticə göstərən şagirdlər yay boyunca həftədə iki dəfə olmaqla ixtisaslı müəllimlər tərəfindən burada növbəti tədris ilinə hazırlanırlar.
Duzdağ Fizioterapiya Mərkəzində və Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində kitabxananın bölmələri fəaliyyət göstərir. Kitabxana işçiləri sağlamlıq imkanları məhdud, yataqdan qalxa bilməyən uşaqlara hər ay baş çəkir, müxtəlif məktəbli ləvazimatları, bədii kitablar aparır, onların oxumaqlarına köməklik göstərirlər. Bu kateqoriyadan olan 41 uşaq evdə kitabxananın xidmətindən yararlanır.
Ölkəmizdə ümummilli liderimiz Heydər Əliyevin “Uşaqlar bizim gələcəyimizdir” şüarını əzbər bilməyən çox az insan tapmaq olar. Bəzi ailələrdə dəfələrlə rast gəlmişəm ki, uşaqlara ünvanlanan “sən atanın nəyisən?” sualını uşaq heç düşünmədən “gələcəyi”, – deyə cavablandırır. Haqlıdır da. Hər bir uşaq ailənin, cəmiyyətin, ölkənin gələcəyidir. Bu günün uşaqları sabahın gəncliyi, sabahın gəncliyi isə gələcəyimizdir. Bu yolda uşaqlarımızın mütaliə etmələri, onların bu işə cəlb olunmaları vacibdir. Bəhs etdiyimiz kitabxana da öz işini bu istiqamətdə qurub.

 Fatma Babayeva

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR