Gün olub yağmalanıb bu ulusun sərvəti, gün olub talanıbdı tarixin səltənəti. Yazılıb yad əlilə mənim ulu keçmişim, yaddaşlardan silinib böyük, şanlı tarixim. Daşınıb əllər üstə kitabələr, əsərlər, unudulmaq istənib mənim milli kimliyim. Duyulmayıb illərcə tariximin harayı, uçulub kərpic-kərpic yaddaşımın sarayı, yaşayıb var olmağı haqq edən tariximə Yaşa! – deyən olmayıb bir İnsandan savayı...
O zaman ki ucaldı səmalarda bayrağım, yenidən vərəqləndi qədim tarix kitabım, bu torpağın üstündə ucaldı abidələr, təkrar-təkrar oxundu toz basmış səhifələr. Araz nəfəsli yurdun bu gün hər qarışında, qayasında, daşında yatan tarix oyanıb, əsrlərdir vətənçün gedən yurd savaşında, elimin insanları böyük zəfər qazanıb.
Tarixin daş naxışı qədim Gəmiqayamın qoynunda yatan sirlər güntək aşkarlananda, Əlincəm bir zirvədə yenidən ucalanda, rəngin qövsi-qüzehdən almış parlaq, şanlı bayrağım coşub dalğalananda bütün dünya bilib ki, bu elin tarixi var, min illərdən bu günə gətirən uzun yolu, böyük bir keçmişi var. Bu yolda ucalıbdı gözəl Gülüstanım da, bu yolda məğrur durub böyük Əlincəm kimi igidlik dastanım da. Müqəddəs Xanəgahım mənəvi dayağımdı, yeddi kimsənə yurdu, umanların ocağı, müqəddəs Əshab-Kəhfim iman dəryamda üzən yelkənli qayığımdı.
Yurdumun paytaxtı da bir ayrı mənzərədi, keçmişimə açılan şəffaf, büllur şüşəli böyük bir pəncərədi. Əvvəllər yeksan olmuş bir qalanın yerində indi məğrurdan-məğrur bir istehkam ucalır – adı Naxçıvanqala. Öncələr xatirəsi min illərin dibinə gömülmüş bu qalanın indi başqa bir halı, başqa bir büsatı var, unutqanlıq, soyuqluq girdabından qurtulmuş, bu gündən nəfəs almış yeni bir həyatı var. Əcəmi seyrəngahı yurdumun aynasıdı, daş qoçlarla, sarayla, türbəylə bəzədilmiş bir tarix mirasıdı.
Fəxr edirəm səninlə, ey qədim Naxçıvanım, gündən-günə ucalan, artan şöhrətim- şanım! Aylar-illər ötəcək, səninçün tarixlərə qızıl hərflə düşmüş möhtəşəm yüzillikdə bütün görülən işlər qiymətli bir keçmişə, bir tarixə dönəcək. Yaşadılan tarixim, qürurum vüqarımdı, ulu şanlı keçmişim vuran şah damarımdı. Bütün görülən işlər, ucalan abidələr tarixə əl uzadan düşmənə bir zərbədi, əlçatmaz və ünyetməz, xoş əməldən yaranan intəhasız zirvədi...
Səbuhi Hüseynov