Bu günlərdə Bakıda “1969” qalereyasında gənc Azərbaycan fotoqraflarının “İslam dünyası və Azərbaycanda multikulturalizm dəyərləri” mövzusunda sərgisi açılıb.
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Fotoqraflar Birliyinin birgə layihəsi kimi təşkil olunan sərgi “Multikulturalizm ili” çərçivəsində keçirilir. Sərgidə naxçıvanlı gənc fotoqraf, “Şərq qapısı” qəzetinin əməkdaşı Əli Xudiyevin də müxtəlif dövrlərdə bu mövzuda çəkdiyi fotoşəkillər nümayiş etdirilib.
Sərgi təşkilatçılarının verdiyi məlumata görə, burada iştirak etmək üçün əvvəlcədən müsabiqə elan edilib. Müsabiqəyə təqdim olunmuş 300-ə yaxın fotoşəkildən 50-si yüksəkixtisaslı münsiflər heyəti tərəfindən seçilərək sərgilənmək üçün tövsiyə olunub. Azərbaycan xalqının malik olduğu tolerantlıq, digər xalqların və dinlərin nümayəndələrinə qarşı münasibətdə hörmət sərgilənən fotoşəkillərin əsas motivini təşkil edib. Qeyd edək ki, sərgidə fotoqraf Əli Xudiyevlə yanaşı, daha 21 peşəkar fotoqrafın çəkdiyi şəkillər nümayiş olunub.
Xəbərlər şöbəsi