Tanınmış rejissor, Azərbaycan Respublikasının Xalq artisti Vaqif Əsədov Naxçıvan Dövlət Universitetində İncəsənət fakültəsinin Aktyor sənəti ixtisasının tələbələri üçün ustad dərsi keçib.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçilən dərsdən əvvəl nazirliyin əməkdaşı, Azərbaycan Respublikasının Xalq artisti Kamran Quliyev tanınmış sənətkar haqqında tələbələrə məlumat verib. Qeyd olunub ki, 20 ilə yaxın Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında aktyor, rejissor kimi fəaliyyət göstərən Vaqif Əsədov burada P.Messianinin “Sükut divarı”, Sofoklun “Elektra”, Y.Onilin “Qarağaclar altında məhəbbət”, H.Cavid adına Naxçıvan Poeziya Teatrında isə “Azər”, “Mənim tanrım gözəllikdir, sevgidir”, “Yenə o bağ olaydı” əsərlərinə quruluş verib. Vaqif Əsədov özünəməxsus sənət dəst-xətti ilə böyük aktyor nəslinin yetişməsinə də töhfəsini verib. Bildirilib ki, hazırda Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında quruluşçu rejissor kimi fəaliyyət göstərən Vaqif Əsədovun teatr sənətinin inkişafındakı xidmətləri yüksək qiymətləndirilib. O, 1978-ci ildə “Azərbaycan Respublikasının Əməkdar artisti”, 2006-cı ildə “Azərbaycan Respublikasının Xalq artisti” fəxri adlarına layiq görülüb, “Şərəf nişanı” ordeni ilə təltif edilib.
Xalq artisti Vaqif Əsədov “Teatrda aktyor-rejissor münasibətləri” mövzusunda keçdiyi dərsdə milli teatr sənətinin inkişaf tarixindən, qocaman Naxçıvan teatr məktəbinin Azərbaycan teatrının təşəkkülündəki rolundan danışıb. Tanınmış sənətkar incəsənətin müxtəlif sahələrini özündə birləşdirən teatr sənətinin insanların əxlaqi-mənəvi tərbiyəsində, onlarda bədii-estetik zövqün formalaşmasındakı müstəsna əhəmiyyətindən, görkəmli rejissor və teatrşünaslarımızın yaradıcılığından ətraflı bəhs edib. Vaqif Əsədov uğurlu tamaşa üçün 3 əsas komponentin – müəllif, rejissor və aktyor peşəkarlığının olmasını, əsl teatrın rejissor və aktyor truppasının komanda şəklində çalışması nəticəsində yarandığını, tamaşaçıya sənət zövqü bəxş etdiyini vurğulayıb. Öz təcrübəsini tələbələrlə bölüşən Vaqif Əsədov onların aktyor ampluası, tamaşaların janr müxtəlifliyi, dram əsərlərinin uğurlu səhnə təcəssümü üçün vacib amillər, müasir dramaturgiyamızın mövzu və ideya istiqamətləri ilə bağlı suallarını cavablandırıb.
Universitetin Teatr və mədəniyyətşünaslıq kafedrasının müdiri, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, filologiya üzrə fəlsəfə doktoru Gülxarə Əhmədova ustad dərsi üçün tanınmış teatr xadiminə, tədbirin təşkilatçısı olan Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinə minnətdarlığını bildirib.
Mehriban SULTAN