Dekabrın 21-də Naxçıvan Dövlət Filarmoniyasının zalında Naxçıvan Musiqi Kollecinin “Buta” muğam ansamblının konserti olub.
Tədbirdən əvvəl konsertin aparıcıları bildiriblər ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sərəncamlarına əsasən bu təhsil ocağının 30 və 40 illik yubileyləri qeyd olunub. Bu illər ərzində kollecdə milli musiqi alətlərimizin və xalq mahnılarımızın yaşadılması, eləcə də klassik və müasir dünya bəstəkarlarının öyrənilməsi, gənc musiqiçi kadrların yetişdirilməsi sahəsində uğurlar əldə edilib. Məktəbin məzunları ölkəmizin mədəniyyət müəssisələrində, uşaq musiqi məktəblərində çalışaraq musiqi mədəniyyətimizə xidmət göstərirlər. Kollec təhsil müəssisəsi kimi fəaliyyəti ilə bərabər, həm də respublika üzrə keçirilən mötəbər tədbirlərdə, el şənliklərində konsert proqramları ilə çıxış edir. 40 ildən artıqdır ki, kollecdə müxtəlif musiqi kollektivləri də yaradılıb. “Buta” muğam ansamblı da bu kollektivlərdən biridir. Kollektivin üzvləri muğam-dəsgahlar, xalq mahnı və təsniflərindən ibarət maraqlı konsert proqramı ilə ictimaiyyət qarşısında çıxış edirlər. “Buta” muğam ansamblı kollektivinin Naxçıvan Dövlət Televiziyasındakı çıxışları da maraqla qarşılanır. Gənc muğam ifaçıları muğam sənətimizi geniş təbliğ etməklə yanaşı, keçirilən müsabiqələrdə də iştirak edirlər. Qeyd olunub ki, Yaxın və Orta Şərq musiqisində segah yalnız bir növdən ibarət olduğu halda, Azərbaycan musiqisində segahın bir neçə növü vardır. Özünəməxsus tonallıq sistemi olan Azərbaycan segahı variantlarının xarakteri, səslənməsi, yozumu cəhətdən fərqlənir. Böyük bəstəkarımız Üzeyir Hacıbəyov segah muğamının estetik psixoloji əhəmiyyətini xüsusilə qeyd edib.
Vurğulanıb ki, ilk dəfə XVIII əsrdə yaşamış Azərbaycan xanəndəsi Mirzə Hüseyn tərəfindən ifa olunan və onun adı ilə adlandırılan bu segah bu gün də sevilə-sevilə ifa edilir. Bu gün kollecin “Buta” ansamblı “Mirzə Hüseyn segahı” dəsgahı ilə muğamsevərlərin görüşünə gəlib.
Sonra kollecin “Buta” ansamblının ifasında “Mirzə Hüseyn segahı” dəsgahı səslənib. Naxçıvan Musiqi Kollecinin xanəndəlik ixtisasları üzrə təhsil alan tələbələri Mürsəl Tağılı, Pərviz Quliyev, Cavid Babayev və vokal ixtisası üzrə təhsil alan tələbəsi Anar Rzayevin təqdimatında “Mirzə Hüseyn segahı” dəsgahı alqışlarla qarşılanıb. Kollektivin Azərbaycan klassik poeziyasından seçdiyi qəzəllər də xoş təsir bağışlayıb.
Naxçıvan Muxtar Respublikası
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidməti