23 Dekabr 2024, Bazar ertəsi

Ordubad şəhərinin mərkəzində müasir arxitektura üslubunda inşa olunmuş bir binanın qarşısında dayanıb düşüncələrə dalmışam. Daha dəqiq desəm, xəyallar məni 8-10 il əvvələ aparıb. O vaxt Ordubad Şəhər Uşaq Musiqi Məktəbi uyğunlaşdırılmış binada fəaliyyət göstərirdi. Mən də həmin məktəbdə təhsil alırdım. 2009-cu ildə indi qarşısında dayandığım bina tikilərək bizim istifadəmizə verildi. Bu gün öz uğurları ilə ölkə səviyyəsində tanınan Ordubad Şəhər Uşaq Musiqi Məktəbi müasir standartlara cavab verən, hər cür şəraitlə təmin olunmuş binada öz fəaliyyətini davam etdirir. Keçmişdəki kiçik, soyuq sinif otaqları bu gün öz yerini geniş və işıqlı, istilik sistemi ilə təmin olunmuş otaqlara, siniflərdəki köhnə alətlər isə yeni musiqi alətlərinə verib.

Xatirimdədir, məktəbin fəaliyyət göstərdiyi köhnə binada qış fəslində çətinliklə, əllərimiz üşüyə-üşüyə birtəhər dərs keçməyə çalışardıq. İndi uşaqlar fəsildən asılı olmayaraq, hər zaman sinif otaqlarında rahat şəkildə dərslərini keçə bilirlər. Köhnə binada olan şəraitsizlik uşaqlar qədər müəllimləri də narahat edirdi. Yeddiillik musiqi təhsilimin 6 ilini məktəbin köhnə binasında, sonuncu ilini isə bu binada aldım.

Keçmişə nəzər saldıqdan sonra xəyallardan ayrılıb məktəbə doğru addımlayıram. İçəridən eşidilən musiqi nömrəsi məni yenə əvvəlki günlərə qaytarır. Bu, Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi Yaşar Xəlilovun xor üçün işlədiyi “Gülə­bətin” adlı xalq mahnısıdır. 2007-ci ildən bu yana xeyli zaman keçsə belə, hələ də bu əsər yaddaşımdadı. Oxucuların nəzərinə çatdırım ki, 2007-ci ildə Ordubad Şəhər Uşaq Musiqi Məktəbi uşaq musiqi və incəsənət məktəbləri xor kollektivlərinin beşinci respublika müsabiqəsində Naxçıvan Muxtar Respublikasını təmsil etmək hüququ qazanaraq Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin ikincidərəcəli diplomu ilə təltif olunmuşdu. Həmin musiqi nömrəsi məktəbin xor kollektivinin bu gün də repertuarındadır...
1965-ci ildən Naxçıvan şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbinin filialı kimi yaradılan Ordubad Şəhər Uşaq Musiqi Məktəbi bir ildən sonra, 1966-cı ildən müstəqil məktəb kimi fəaliyyətini davam etdirir. İlk dövrlərdə məktəbdə 3 ixtisas – tar, klarnet, fortepiano üzrə, ümumilikdə, 60 şagirdlə 4 müəllim məşğul olub. Daha sonra burada nağara, kamança, skripka, qarmon, vokal və digər ixtisaslar üzrə də dərslər tədris edilməyə başlanıb. Yeni tədris ilindən məktəbdə saz sinfi də fəaliyyət göstərir.
Hazırda məktəbdə 10 ixtisas üzrə 318 şagirdin estetik tərbiyəsi ilə 76 ixtisas müəllimi məşğul olur.
Fəaliyyətə başladığı ildən bu günə qədər məktəbi 1593 məzun bitirib ki, onlardan da 256-sı bu sahədə təhsillərini davam etdirib, ali və orta ixtisas musiqi tədrisi ocaqlarının tələbəsi adını qazanıb. Onu da qeyd edək ki, həmin məzunların əksəriyyəti təhsillərini başa vurduqdan sonra yenidən buraya qayıdaraq məktəbdə müəllim kimi çalışırlar. Demək olar ki, Ordubad Şəhər Uşaq Musiqi Məktəbinin pedaqoji bazasını öz yetirmələri təşkil edir.
Məktəbin uğurları ilbəil artır, müxtəlif ixtisaslarda təhsil alan şagirdlər keçirilən müsabiqələrdə iştirak edir və ilk üçlüyə düşməyə nail olurlar. Məktəbin birincilikdən səsləri gələn şagirdləri də az deyil.
2008-ci ildə bir çox birinciliklərə imza atan məktəb həmin ildə ümummilli lider Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuş uşaq musiqi, bədii sənətkarlıq və incəsənət məktəbləri şagirdlərinin muxtar respublika müsabiqəsində yekun nəticələrə görə “İlin məktəbi” diplomu ilə təltif olunub. Müsabiqədə məktəbin xalq çalğı alətləri orkestri və xor kollektivi birincidərəcəli, nəfəsli alətlər orkestri isə ikincidərəcəli diploma layiq görülüb. Qalib olan xor kollektivi ikinci dəfə xor kollektivlərinin altıncı respublika müsabiqəsində Naxçıvanı təmsil etmək hüququ qazanıb.
Yaradılan şəraitin müqabilində məktəbin uğurlarının ardı-arası kəsilmir, kollektiv bu etimadı doğrultmaq naminə daha səylə çalışır. Əldə edilən nailiyyətlərdə hər bir şagirdin, müəllimin əməyi var. Bütün şagirdlər müsabiqələrdə hər hansısa bir alətdə solo ifaçı kimi çıxış etməsə belə, düşünəndə ki, bu məktəbin 6 kollektivi – xor, xalq çalğı alətləri və estrada orkestrləri, qarmonçalanlar, skripkaçalanlar və nağaraçalanlar ansamblları var, deməli, həmin şagirdlər hökmən bu kollektivlərin birində iştirak edir. Sözsüz ki, müəllimlər həmin şagirdlərin yetişməsində mühüm rol oynayan simalardır. Məktəbin müəlli­mi, xormeyster Səbinə İbrahimova deyir:
– Ümumilikdə götürəndə incəsənətlə məşğul olmaq asan iş deyil, xüsusilə də musiqi ilə, lakin seçdiyiniz sənətə sevgi, həvəs olduqdan sonra bir də baxırsan ki, bacarmaram dediyinin öhdəsindən gəlmisən, həm də ən yaxşı şəkildə. Xor kollektivinə rəhbərlik etdiyim ilk zamanlarda bəzi çətinliklərlə üzləşirdim. Bunlara uşaqların xorun mahiyyətini anlamamağını, səhnə həyəcanını misal göstərə bilərəm. Zaman keçdikcə şagirdlərdən istədiyim nəticələri almağa başladım. Bunun öhdəsindən tək gələ bilməzdim, çünki o qədər uşağı tək idarə etmək heç də asan iş deyil. Bu işdə həmin şagirdlərin ixtisas müəllimləri mənə yaxından köməklik edirdilər. Onlar dərs saatından sonra şagirdlərinə əlavə vaxt ayıraraq xor partiyalarını öyrədirdilər. Bu da mənim işimi xeyli asanlaşdırırdı. Biz keçirilən müsabiqələrdə dəfələrlə yer tutmuşuq, paytaxt Bakıda keçirilən müsabiqələrdə Naxçıvanı təmsil etmək hüququ qazanmışıq. Bundan sonra da var gücümüzlə çalışacaq, bizə göstərilən etimadı doğruldacağıq. “Qazanılan bütün uğurların açarı çalışmaqdır”. Bizimlə söhbətə bu cümləylə başlayan məktəbin direktoru Azər Məmmədov dedi:
– Əlbəttə ki, insan çalışmadan, əziyyət çəkmədən heç nəyə nail ola bilməz. Çəkdiyimiz zəhmətin bəhrəsini görürük. Bunun təməlində duran əsas amil hərtərəfli dövlət qayğısıdır. Buna görə də kollektivimiz məsuliyyətlə çalışır, bizə yaradılan şəraitin müqabilində daha böyük uğurlara imza atmaq üçün səyini əsirgəmir. Məktəbimiz keçirilən müsabiqələrdə dəfələrlə bütün rəqiblərini geridə qoyub. Bu uğurlarda qocaman müəllim Kamal Qəniyevin də payı var. O, xalq çalğı alətləri orkestrinin dirijoru kimi orkestri yüksək səviyyədə müsabiqələrə hazırlayır. Onunla yanaşı, məktəbin 50 illiyi ərəfəsinə 60 illik yubileyi təsadüf edən, əsərlərini hər il müsabiqə proqramına daxil etdiyimiz həmyerlimiz, məktəbimizin yetirməsi olan Yaşar Xəlilov da bu işdə böyük fəallıq göstərir. O, müsabiqələrdə xor və orkestrlərdə yer alan əsərlərinin ifaçısı kimi də çıxış edir.
Azər Məmmədov deyir ki, Naxçıvan Muxtar Respublikası Ali ­Məclisi Sədrinin 21 oktyabr 2016-cı ildə imzaladığı “Ordubad Şəhər Uşaq Musiqi Məktəbinin 50 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam bir daha sübut edir ki, bu məktəb muxtar respublika rəhbərinin hərtərəfli diqqət və qayğısı əhatəsindədir.
50 illik yubileyə hazırlığımız öz axarında gedir. Proqrama Azərbaycan bəstəkarları ilə yanaşı, dünya bəstəkarlarının da əsərlərini daxil etmişik. Gələcəkdə kollektivimiz indiyəcən qazandığımız uğurları daha da artırmağa çalışacaq.
Bu gün məktəbdə ab-hava bir başqadır. Axı kollektiv sıradan bir tədbirə, ya da müsabiqəyə yox, təhsil ocağının 50 illik yubileyinə hazırlaşır.
Kollektivlə sağollaşıb, qapını örtüb pilləkənlərə doğru addımlayıram. Qapının arxasından melodiya səsi gəlir. Bu, Qara Qarayevin bəstəsi olan “Böyük xilaskar” kanta­tasıdır. Çoxdandır bu bəstəkarın əsərlərinə qulaq asmadığımın, onun dəst-xəttinə əməlli-başlı yadırğadığımın fərqinə varır və belə fürsəti əldən verə bilmirəm, bu ifanı dinləmədən məktəblə sağollaşmamalıyam deyə düşünərək ifaya qulaq asıram. Əsər ruhumu necə oxşayırsa, nə vaxt bitdiyindən xəbərim belə olmur. “Heydər xalqım deyəcək, xalq Heydər söyləyəcək”. Mahnının sözlərini təkrarlaya-təkrarlaya pilləkənləri enib məktəbin çıxışına yol alıram. İfa hələ də səslənir. Düşünürəm: Bu xalq xilaskarının onun üçün etdiyi fədakarlığı heç vaxt unutmayacaq, Ona hər zaman böyük ehtiram göstərəcək, mahnılar bəstələyib ifa edəcək. Belə müasir məktəblərin yaradılması da ulu öndərimizin yolunun uğurla davam etdirilməsinin nəticəsidir.

 Fatma Babayeva

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR