Artıq bir neçə ildir ki, muxtar respublikada ümumtəhsil məktəbləri şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması üçün silsilə tədbirlər həyata keçirilir, məktəb kitabxanalarının kitab fondu zənginləşdirilir, bu kitabxanaların müasir texnologiyalarla təchizatı diqqət mərkəzində saxlanılır, müsabiqələr, viktorinalar təşkil edilir.
Bu tədbirlərin davamı olaraq Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən şagirdlərin kitaba marağının artırılması məqsədilə “Kitab bilik mənbəyidir” devizi altında yeni layihəyə start verilib. Layihənin əsas məqsədi kitabxanalara oxucu cəlbinin artırılmasına, kitaba marağın yüksəldilməsinə və kitab oxumanın kütləviliyinə nail olunmasıdır. Bunun üçün təhsil müəssisələrində sərgilər təşkil edilib, fəal oxucuların, kitabxana işinin təşkilində fərqlənən məktəb və kitabxanaçıların mükafatlandırılması nəzərdə tutulub.
Ötən gün Naxçıvan şəhərinin bir neçə məktəbində olduq, “Kitab bilik mənbəyidir” devizi altında təşkil edilən sərgilərə məktəblilərin böyük maraq göstərməsinə şahidlik etdik. İlk baş çəkdiyimiz təhsil ocağı Naxçıvan şəhər 4 nömrəli tam orta məktəb oldu. Burada təşkil edilən sərgidə aşağı sinif şagirdləri Hüseyn Mahmudovun, Özləm Hacıyevanın, Samir Bağırzadənin tənəffüs dəqiqələrində sərgidəki kitablarla maraqlandığını gördük. Onlar kitabları səhifələyir, özləri üçün maraqlı olan hissələri oxuyurdular.
Məktəbin direktoru Cəmaləddin Axundovla söhbət zamanı dedi ki, məktəb kitabxanasının zəngin fonda malik olması uşaqların ürəyincədir. İllər öncə məktəb kitabxanalarının fondu məhdud sayda kitablarla komplektləşdirilirdisə, indi fonddan istənilən bədii ədəbiyyat nümunəsini və dərs vəsaitini əldə etmək olar.
Naxçıvan şəhər 17 nömrəli tam orta məktəbin foyesində təşkil edilən kitab sərgisinin önündə məktəb kitabxanaçısı Nəcibə Hüseynova ilə söhbətimiz uşaqların mütaliəyə cəlbi istiqamətində məktəbdə görülən işlər barədə oldu. Həmsöhbətim bildirdi ki, uşaqların mütaliəsində ailə, məktəb başlıca rol oynasa da, onların düzgün formalaşmasında məhz kitabxana və kitabların rolu böyükdür. Çalışırıq ki, kitabxananın imkanlarından şagirdlər maksimum istifadə etsinlər, uşaqlarda mütaliəyə güclü maraq yaransın.
Naxçıvan Qarnizonunun tam orta məktəbinin kitabxanasında isə “Kitab bilik mənbəyidir” devizi altında viktorina keçirilirdi. Viktorinada şagirdlərin fəallıq göstərməsi də diqqətimizdən yayınmadı. Viktorinadan sonra fəal mütaliəçi kimi tanınan şagirdlərdən Müşfiq Allahyarov, Aytəkin Bağırova, Fatimə Həsənzadə, Samirə Bayramlı, Rasim Məmmədli, Aysu Cəfərova və başqaları ilə söhbət etdik. Onlar məktəb kitabxanasında yaradılan şəraitdən razılıq edərək bildirdilər ki, məktəbdəki növbəti kitab sərgisində çox maraqlı kitablarla tanış olmaq imkanı əldə ediblər.
Məktəbin tarix müəllimi Ulduz Eyvazova ilə söhbətimizdə qeyd etdi ki, tarixi hadisələrin xronologiyası keçdiyi dərslərdə üstün istiqamət olsa da, hadisələrin mahiyyətini şagirdlərə aşılamaq hər zaman diqqət yetirdiyi məsələlərdən olub. Son illərdə onu da müşahidə edib ki, dərs dediyi şagirdlər tarixi romanlara daha çox üstünlük verir, tarixi hadisələrin dərinliyinə varırlar. Bu isə ona tədris prosesində çox kömək edir. Ümumiyyətlə, şagirdin mütaliəli, intellektli, dünyagörüşlü olması hər bir müəllimin köməyinə gəlir. Məktəbimizdə hər ayın axırıncı həftəsinin cümə gününün “Kitabxana günü” kimi qeyd edilməsi şagirdlərin qiraətə böyük maraq göstərməsinə səbəb olub.
Ümumiyyətlə, “Kitab bilik mənbəyidir” devizi altında məktəblərdə təşkil edilən sərgilərdə apardığımız müşahidələrdən bizdə belə bir rəy yarandı ki, son illərdə məktəblilərin mütaliəyə cəlb olunması istiqamətində görülən işlər öz bəhrələrini verməkdə, muxtar respublikada yüksək intellektə malik gənc nəsil yetişməkdədir. Bu gün muxtar respublikada şagirdlərin hərtərəfli təhsil alması, müəllim və şagirdlərin mütaliəsi üçün təhsil müəssisələrinin kitabxanalarına 627 min 643 nüsxə latın qrafikası ilə çap olunmuş bədii ədəbiyyat, jurnal və məcmuə verilib.
Səbuhi Hüseynov