23 Dekabr 2024, Bazar ertəsi

Muzeylər keçmişimizi bu günə daşıyan, qoruyan, öyrənən və nümayiş etdirən maddi-mənəvi dəyərlər xəzinəsidir. Yeni muzey şəbəkələrinin yaradılması, mövcud olanların ekspozisiyalarının daim zənginləşdirilməsi mədəniyyətimizin ümumi yüksəlişini, milli şüurun inkişafını əks etdirməklə yanaşı, həm də muxtar respublikanın turizm potensialının artırılmasına xidmət edir. Muxtar respublika sakinlərinin maddi-mədəni irsimizin qorunmasında və təbliğində səylərini artırmaları, bu istiqamətdə həyata keçirilən tədbirlərdə fəallıq göstərmələri, əldə olunan maddi-mədəniyyət nümunələrini muzeylərimizə hədiyyə etmələri mədəniyyət müəssisələrinin qədim keçmişimizlə bu günümüz arasında oynadığı körpü rolunu daha da möhkəmləndirir. 

Dekabrın 26-da Cəlil Məmmədquluzadənin ev-muzeyinə Naxçıvan şəhər sakini, təqaüdçü müəllim Rafiq Qasımov tərəfindən qədim mədəniyyətimizi və tariximizi əks etdirən, 1888-ci ilə aid, kənarları taxta və oyma işləməli bir ədəd güzgü, ayaqları oyma işləməli güzgü altlığı, eyni zamanda dairəvi taxta masa təqdim olunub.
Bununla əlaqədar Cəlil Məmmədquluzadənin ev-muzeyində keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova bildirib ki, Naxçıvan Muxtar Respublikasında 29 muzey və muzey­tipli müəssisə fəaliyyət göstərir. Burada 112 mindən çox xalqımızın tarixini, həyat tərzini, adət-ənənələrini özündə əks etdirən maddi-mədəniyyət nümunələri mühafizə olunaraq qorunub saxlanılır.

Diqqətə çatdırılıb ki, son illər muzeylərimizi ziyarət edənlərin sayı əhəmiyyətli dərəcədə artıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” 2014-cü il 19 dekabr tarixli Sərəncamına əsasən, muxtar respublikanın nazirlik, komitə və təşkilatları kollektivlərinin mütəşəkkil şəkildə muzeylərə gəlişləri təşkil olunur. Elə təkcə 2016-cı ilin ötən dövrü ərzində 28 min 925 tamaşaçı muzeyləri ziyarət edib.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin də tariximizin və mədəniyyətimizin yaşadılması istiqamətində işini günün tələbləri səviyyəsində qurmağa çalışdığını qeyd edən nazir bildirib ki, son bir il ərzində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən muzeylərimiz üçün maddi-mədəniyyət nümunələrinin toplanması işi xüsusi diqqətdə saxlanılır və bu işdə muxtar respublika sakinləri bizə yaxından köməklik göstərirlər. Təkcə 2016-cı il ərzində muzeylərə 1500-ə yaxın yeni eksponat daxil olub ki, bu eksponatlar da vətəndaşlar tərəfindən könüllü şəkildə muzeylərə hədiyyə edilib. Bu tədbirlərin davamı olaraq bu gün Cəlil Məmmədquluzadənin ev-muzeyinə toplaşmışıq. Son illərdə, bütövlükdə, tariximizə, mədəniyyətimizə göstərilən dövlət qayğısının nəticəsidir ki, bu gün maddi-mədəniyyət nümunələrinin toplanması işində vətəndaşlarımız bu cür səy göstərirlər. Xalqımızın tarixini, mədəniyyətini qorumaq, əlbəttə ki, hər birimizin borcudur. Keçmişimizi, bu günümüzü qorumasaq, gələcək nəsillər üçün də heç bir iz qoya bilmərik.
Rafiq Qasımov çıxış edərək deyib ki, bu gün muzeylərin eksponatlarla zənginləşdirilməsi, yeni muzeylərin yaradılması istiqamətində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən həyata keçirilən tədbirlər minnətdarlıqla qarşılanır. Bu tədbirləri ürəkdən dəstəkləyən, alqışlayan muxtar respublika sakinləri mədəni irsimizin qorunmasına öz töhfələrini verməyə çalışırlar. Son vaxtlar qədim məişət əşyalarının muzeylərə təqdim edilməsi də bunu bir daha sübut edir. Rafiq Qasımov muxtar respublika sakinlərini maddi-mədəniyyət nümunələrinin toplanmasında daha da fəal iştirak etməyə dəvət edib.
Dəyərli tarixi əşyaları muzeyə təqdim etdiyinə görə kollektiv adından Rafiq Qasımova minnətdarlıq edən Cəlil Məmmədquluzadənin ev-muzeyinin direktoru Aytən Ələkbərova bildirib ki, tarixi eksponatların muzeylərimizə verilməsi zəngin mədəni irsimizin qorunub yaşadılmasına və gələcək nəsillərə çatdırılmasına xidmət edir.
Sonda tədbir iştirakçıları muzeyin ekspozisiyası ilə tanış olublar.

Rauf Əliyev

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR