Müxtəlif təyinatlı tarix-memarlıq abidələri ilə çox zəngin olan Naxçıvanda orta əsrlər zamanı yaradılan memarlıq nümunələrindən biri də hamamlardır. İslam qanunlarına görə bir insanın girdiyi suya başqa bir insanın girməsi xoş qarşılanmır. İslam şəriətində axar suda yuyunma, paklanma, dəstəmazalma bəyənilir və təqdir olunur. Buna görə də orta əsrlər zamanı digər Şərq ölkələrində olduğu kimi, Azərbaycanın da əksər iri yaşayış məskənlərində hamamlar inşa olunurdu.
Keçmişdə hamamların funksiyası təkcə insanların yuyunma yeri olmaqla məhdudlaşmırdı. Onlar həm də insanların dincəlmək, söhbət etmək, görüş yerləri idi. Bütün bunları əsas götürərək etnoqraf-alim, tarix üzrə elmlər doktoru Şirin Bünyadova yazır ki, ictimai hamamlar özünəməxsus funksiya (gigiyena, müalicə, mərasimlər keçirilməsi) daşımaqla yanaşı, həmçinin informasiya mübadiləsinin gerçəkləşdiyi görüş yeri kimi də mahiyyət kəsb edirdi. Bir sıra xəstəliklərin (soyuqdəymə, yel və sair) müalicəsində, əsəblərin sakitləşməsində mühüm rol oynayan hamamlar, ümumiyyətlə, insanların, bütövlükdə, cəmiyyətin həyatında xüsusi rola malik idi. Ona görə də orta əsrlər zamanı hamamlar üçün möhtəşəm, memarlıq baxımından çox gözəl binalar inşa edirdilər. Bu iş Səfəvi hökmdarı I Şah Abbasın zamanında xüsusilə geniş miqyas almış, bir sıra şəhərlərdə hamamlar inşa etdirilmişdir. O zaman Azərbaycanın şəhər və kəndlərində də çoxlu hamamlar meydana gəlmişdi. Təkcə Təbriz şəhərində XVII yüzillikdə “Leyli və Məcnun”, Kəcilbaşı, Pəsə Kuşək, Boz, Cahanşah kimi çox məşhur hamamlar, Dəvəçilər məhəlləsi, Rey darvazası, Xiyaban məhəlləsi, Surxab məhəlləsi, Öküz bazarı hamamları, çoxlu saray hamamları fəaliyyət göstərirdi. Hamamların tikintisində məscidlərin memarlıq üslubundan istifadə edilir, hətta onlar üçün bir neçə günbəz də qoyulurdu.