23 Dekabr 2024, Bazar ertəsi

Şahbuz Rayon Xalq Teatrı muxtar respublikada mədəniyyətin inkişafına göstərilən qayğıdan bəhrələnən teatrlardan biridir. Maraqlı çıxışları ilə tamaşaçı rəğbəti qazanan teatrın bugünkü fəaliyyəti əsrlərdən bəri formalaşmış ənənələrə söykənir. Bu ənənələrin yaşadılması, yeni meyarlarla davam etdirilməsi isə uğurlu nəticələrə səbəb olur. 

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının 125 illik yubileyində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov bu barədə deyib: “Ən qədim zamanlardan üzü bəri Naxçıvanda elm, incəsənət, ədəbiyyat sahələrində mütərəqqi ənənələr mövcud olmuşdur. Naxçıvan teatrı da, necə deyərlər, quru yerdən yaranmamış, özündən əvvəl formalaşmış ənənələrə istinad etmişdir. Bu diyarda dünyəvi teatrın yaranmasına təsir göstərən ən mühüm amillərdən biri min illər boyu formalaşmış xalq teatrı olmuşdur. Əməklə bağlı oyun və rəqslər, mövsüm bayramları, Novruz mərasimləri, aşıq-ozan sənəti, müxtəlif tipli meydan-tamaşa növləri xalq teatrının əsasını müəyyən etmiş, milli teatrın gələcək inkişafı üçün möhkəm zəmin yaratmışdır”.

...1936-cı ildə Şahbuz Rayon Mədəniyyət Evinin nəzdində yaradılan dram dərnəyi öz ətrafına həvəskar və istedadlı gəncləri cəlb edərək kiçik səhnəciklər, kompozisiya və bəzi dram əsərlərindən parçalar hazırlayaraq rayon tədbirlərində iştirak edib. Getdikcə dram dərnəyinin fəaliyyəti daha da canlanmağa başlayıb, nəinki gənclərin, hətta ortayaşlı nəslin nümayəndələrinin də maraq göstərdiyi bu dərnəyin üzvlərinin sayı artıb. Dərnəyin kollektivi artıq irihəcmli dram əsərlərinə də müraciət edib. Bizimlə söhbətdə bu barədə danışan Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Çingiz Haqverdiyev teatrın keçdiyi yolu bir daha xatırladaraq deyir ki, Səməd Vurğunun “Fərhad və Şirin”, “Vaqif”, Nəcəf bəy Vəzirovun “Yağışdan çıxdıq, yağmura düşdük”, Mirzə Fətəli Axundovun “Hacı Qara”, Hakim Əhmədovun “Şübhəli adam” (Bu əsər Azərbaycan Respublikası üzrə Şamaxı şəhərində keçirilən dram kollektivlərinə baxış-müsabiqədə I yeri tutub) əsərləri özünə böyük tamaşaçı auditoriyası toplaya bilib.
1980-ci ilin sonlarından ölkəmizdə baş verən böhranın mədəniyyət sahəsindən də yan keçməməsi bir müddət dram dərnəyi kollektivinin işində durğunluq yaradıb. Azərbaycanın ikinci dəfə dövlət müstəqilliyi əldə etməsi ilə həyatın bütün sahələrində olduğu kimi, mədəniyyət sahəsində də əsaslı dönüş yaranıb, bu sahənin inkişafına göstərilən qayğı kollektivi yeni uğurlar qazanmağa ruhlandırıb.
Söhbətə qoşulan teatrın quruluşçu rejissoru Ramiz Cəlilov deyir ki, yenidən səhnəyə qayıdan kollektiv ilk olaraq repertuarını təzələdi. Ciddi məşqlərdən sonra, 2011-ci ilin əvvəllərində Üzeyir Hacıbəyovun üçpərdəli “Ər və arvad” musiqili komediyası tamaşaçılara təqdim olundu. Bu əsərə səhnə həyatı verməyimiz yeni uğura imza atmaqla nəticələndi, tamaşaya görə teatra xalq teatrı statusu verildi. Kollektiv bu əsərdən sonra 2012-ci ildə Səid Rüstəmovun “Beş manatlıq gəlin” musiqili komediyasına müraciət etdi. 2013-cü ildə teatr repertuarını Zülfüqar Hacıbəyovun “Evli ikən subay” üçpərdəli musiqili komediyası ilə genişləndirdi. Yüksək tamaşaçı alqışları ilə qarşılanan bu səhnə əsəri həm də sərhədlərimizin keşiyində dayanan, ərazi bütövlüyümüzü qoruyan hərbçilər qarşısında oynanılıb.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 2014-cü ildə xalq teatrlarının muxtar respublika üzrə keçirilən I festivalında uğurlu çıxış edən kollektiv daha bir mükafata layiq görülüb. Belə ki, xalq teatrına Mədəniyyət və Turizm Nazirliyinin diplomu verilib. Bu mükafatın, necə deyərlər, ayağı sayalı olub. Teatr xalq teatrlarının muxtar respublika üzrə keçirilən II festivalında fərqlənərək III yerin sahibi kimi diplom və pulla mükafatlandırılıb.
Ramiz Cəlilov onu da bildirir ki, daha çox komediya janrına müraciət edirik. Ancaq azsaylı aktyor heyəti ilə komediya hazırlamaq bir qədər çətindir. Ciddi xarakterli səhnə əsərlərindən fərqli olaraq burada həm də musiqi parçalarından istifadə, aktyorların səs tembrinə malik olması tələb edilir. Bu işdə rayon Mədəniyyət Evinin musiqi kollektivləri, Naxçıvan Dövlət Musiqili Dram Teatrı bizə kömək edir.
Rayonun mədəni həyatında fəal iştirak edən, tez-tez bölgədəki hərbi hissələrin qonağı olan kollektivin üzvləri muxtar respublikada mədəniyyətin inkişafına göstərilən qayğını daim öz üzərində hiss edir, əldə etdikləri uğurlarla kifayətlənmir, yaradıcılıq axtarışları aparır, insanların asudə vaxtlarının səmərəli təşkilinə çalışır və buna nail ola bilirlər. Şahbuz şəhər sakini Məhərrəm İsmayılov deyir ki, teatrın bütün tamaşalarına baxıram. Aktyorların oyununda son vaxtlar müşahidə etdiyim peşəkarlıq belə deməyə əsas verir ki, onlar yaradılan şəraitdən dolğun istifadə edir, qarşıya qoyulan vəzifənin öhdəsindən gəlməyə səy göstərirlər.
Kollektivin 2017-ci ildəki repertuarında hələlik iki səhnə əsəri var. Bunlardan biri görkəmli bəstəkarımız Üzeyir Hacıbəyovun “Arşın mal alan”, digəri isə Zülfüqar Hacıbəyovun “50 yaşında cavan” əsərləridir. Bununla yanaşı, teatr il ərzində rayonda və muxtar respublikada əlamətdar günlər, bayramlar münasibətilə təşkil ediləcək tədbirlərə də hazırlaşır, kiçik səhnə əsərləri, əsərlərdən parçalar üzərində məşqlər aparır, səhnə uğurlarını artırmağa çalışır. Teatr cari ildə muxtar respublikanın rayonlarına qastrol səfərlərinə çıxmağı da planlaşdırır.
Yazının əvvəlinə qayıdaraq bir məsələni də vurğulamaq istəyirəm. Xalq teatrları dövlət teatrları üçün kadr hazırlığında başlıca ünvanlardan biridir. Professional teatrlar həmişə bu məsələni diqqətdə saxlayıblar. Şahbuz Rayon Xalq Teatrının da bu vəzifənin həllində məsuliyyət daşıdığını onların qazandıqları uğurlar sübut edir və muxtar respublika səviyyəli tədbirlərdəki çıxışları da belə deməyə əsas verir ki, xalq teatrı metodik mərkəz kimi Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının fəaliyyətindən bəhrələnir, peşəkar aktyorlar yetişdirilməsinə səy göstərir. Bu yolda kollektivə uğurlar arzulayırıq.

Muxtar Məmmədov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR