23 Dekabr 2024, Bazar ertəsi

İslam dininin yayıldığı ölkələrin hamısında olduğu kimi, Azərbaycanda, o cümlədən onun ayrılmaz tərkib hissəsi olan Naxçıvanda da çoxlu ibadət yerləri – kiçik və böyük məscidlər meydana gəlmişdir. Bir sıra tarixi faktlar təsdiq edir ki,  Naxçıvanda İslamın qəbulunun ilk çağlarından məscidlər yaranmışdır. Məsələn, Ordubad şəhər Came məscidinin ətrafında 1902-ci ildə bərpa işləri aparılarkən torpağın altından tapılan və hicri-qəməri təqvimi ilə 111-ci ilə (miladi 729-cu il) aid olan kitabə sübut edir ki, Naxçıvanda əhalinin İslam dinini qəbulundan sonra məscidlər inşa edilməyə başlanmışdır. Orta əsr qaynaqlarında bu məscidlər, hətta onların adları və sayı haqqında məlumatlar gəlib çatmışdır. Qaynaqlar məlumat verirlər ki, 1590-cı ildə Naxçıvan şəhərində 3 came və 10 məscid (cameyi-Qızıl Arslan, cameyi-Məhməd kətxuda, cameyi-Şərif, Ağa məscidi, Hacı Xəlil məscidi, Keçəçi məscidi, Molla Əhməd məhəlləsinin məscidi, Sultan Mahmud məscidi, Hacı Sani məscidi, Bəsri məscidi, Şeyx Əminəddin məscidi, Ətməlik  məscidi, İsmayilan məscidi) olmuşdur.

 Orta əsr səyyah və tarixçiləri bölgədə olarkən ayrı-ayrı yaşayış məskənlərini, oradakı memarlıq abidələrini, o cümlədən məscidləri görmüş, özlərinin yol qeydlərində həmin abidələrdən geniş söhbət açmış, hətta bəzi yerlərdə onların sayını da göstərmişlər. Məsələn, məşhur türk səyyahı Övliya Çələbi XVII yüzillikdə Naxçıvan ərazisində olarkən Qarabağlar şəhərində (indiki Qarabağlar kəndində) 70 mehrab, minarəli 40 came, Naxçıvan şəhərində 70 came və ibadət yeri, 40 məhəllə məscidi olduğunu qeyd etmişdir.

Həmçinin səyyah səyahətnaməsində şəhərdəki məscidlərin adları, onların bəzədilməsi haqqında da maraqlı məlumatlar verərək yazır: “Şəhərdə qəribə camelər vardır ki, hər biri bir cənnət bağçasıdır. Bəzi camelər zərgərlik məmulatları, çini, mina və kaşı ilə bəzədilmişdir”. Səyyahın yazdığına görə, həmin vaxt şəhərdə Əhməd paşa, Fərhad paşa, Gözəl Əli paşa, Cığaloğlu, Xadim Cəfər paşa cameləri və digər məscidlər olmuşdur.
Naxçıvan şəhərindəki məscidlərdən bəhs edən qaynaqlarda Qızıl Arslan camesi (cameyi-Qızıl Arslan) adlı məscidin adı çəkilir. Görünür, Əcəmi Əbubəkr oğlu Naxçıvani tərəfindən inşa edilmiş bu məscid Möminə xatın türbəsindən sonra, Atabəy Qızıl Arslanın zamanında tikilmiş və el arasında onun adı ilə tanınmışdır.
Naxçıvanda bizə məlum olan ən qədim məscid nümunəsi Naxçıvan memarlıq məktəbinin banisi, görkəmli memar Əcəmi Əbubəkr oğlu tərəfindən Naxçıvan şəhərində XII əsrdə inşa edilmiş Came məscididir. XIX yüzilliyin sonlarınadək mövcud olan, bizədək ancaq fotoşəkli və rəsmi gəlib çatan bu məscid istər orta əsr mənbələri, istərsə də üzərində olan kitabələr vasitəsilə elmi ictimaiyyətə bəlli olan ən qədim məscidlərdən biridir.
Bu məscid Atabəylər memarlıq kompleksinə daxil olan ən möhtəşəm memarlıq nümunələrindən biri olmuşdur. Məscid o dərəcədə möhtəşəm, gözəl və cazibədar olmuşdur ki, bu gün də öz əzəməti və gözəlliyi ilə seyr edənləri heyran qoyan Möminə xatın türbəsini kölgədə qoymuş, Naxçıvana gələn orta əsr səyyah və tarixçilərinin diqqətini özünə cəlb etmişdir. Naxçıvan şəhərində olan əcnəbilər öz yol qeydlərində və əsərlərində Atabəylər memarlıq kompleksinə daxil olan çoxsaylı abidələrin heç birindən deyil, məhz Came məscidindən söhbət açmışlar.
Bu cəhətdən fransız səyyahı Jan Tavernyenin qeydləri çox maraqlıdır. Səyyah Naxçıvan Came məscidinin möhtəşəmliyindən, gözəlliyindən söhbət açmış və onu Asiyanın ən möhtəşəm memarlıq abidələrindən biri kimi səciyyələndirmişdir: “Bu, Asiyanın ən yaxşı və gözəl məscidlərindən idi. Deyirlər ki, Nuhun qəbrinə yadigar olaraq bina edilmişdir”. Eyni zamanda səyyah şəhərdə olarkən bu məscidin dağıdılmış və bərbad vəziyyətdə olduğunu da vurğulamışdır.
Qeyd olunduğu kimi, Naxçıvan Came məscidi zəmanəmizədək gəlib çatmamışdır. Onun haqqında bizə ancaq tədqiqatçıların əsərləri, XIX əsrdən yadigar qalmış fotoşəkil və XIX yüz­illikdə Naxçıvana gəlmiş fransız səyyahı və arxeoloqu Jan Dyelafuanın çəkdiyi rəsm əsəri məlumat verir. Jan Dyelafua Came məscidinin şəklini çəkməklə kifayətlənməmiş, öz qeydlərində onun haqqında bəhs etmiş, hətta ehtişamına valeh olduğu Möminə xatın türbəsini onun bir hissəsi hesab etmişdir. Səyyahın yazdığına görə, o, Naxçıvanda olarkən fasadı və frizi kufi kitabələri ilə bəzədilən Came məscidi dağıdılıbmış.
Alman memarı E.Yakobstalın XIX əsrin sonlarında Naxçıvanda olarkən çəkdiyi fotoşəkil məscid haqqında təsəvvür yaratmaq baxımından daha qiymətlidir. Məhz həmin fotoşəkillər və rəsmlər əsasında Naxçıvan Came məscidi haqqında müəyyən fikir yürütmək mümkün olmuşdur.
Qeyd olunan məscid haqqında V.A.Engelqardtın XIX yüzilliyin ortalarında yazdığı məlumatlar diqqəti cəlb edir. Tədqiqatçı yazır ki, bu türk məscidi yonulmuş daşdan tağları olan nəhəng bir tikilidir. Onun daxilində gözəl oyma izləri hələ də qalmaqdadır. Binanın bir hissəsi uçaraq tökülmüş, qalan hissəsi isə daim uçmaq təhlükəsi altındadır. Məsciddən 50 sajen aralıda məscid kompleksinə daxil olan və hər biri 10 sajen ucalığında olan bir cüt minarəyə malik qapı vardır. Əvvəllər məscidlə qapı arasında çoxlu tikililər olsa da, indi onlar sıradan çıxmışlar və adamda elə fikir yaranır ki, həmin qapı yaxınlığındakı tək qülləyə (Möminə xatın türbəsinə) məxsusdur.
Ancaq qaynaqlar təsdiq edirlər ki, Atabəylər memarlıq kompleksində bir sıra möhtəşəm memarlıq abidələri, o cümlədən hökumət evi, Came məscidi, onun yanında mədrəsə, türbə və sair olmuşdur.
Memarlıq ədəbiyyatlarının verdiyi məlumatlardan aydın olur ki, müsəlman dünyasında çoxlu belə memarlıq ansamblları yaradılmış, həmin komplekslərə müxtəlif tikintilər əlavə olunmuşdur. Məsələn, İstanbulda Fateh Sultan Mehmet zamanı inşa edilmiş Fateh külliyyəsinə came məscidi, 16 mədrəsə, xəstəxana, müsafirxana, imarət, karvansara, hamam, ilk məktəb, kitabxana və sair, memar Sinanın İstanbulda Haseki Hürrəm Sultan üçün inşa etdiyi Haseki külliyyəsinə came məscidi, mədrəsə, sibyan məktəbi, imarət, darüş-şəfa və çeşmə daxil olmuşdur.
Ehtimal etmək olar ki, Naxçıvan şəhərindəki Atabəylər memarlıq kompleksinə də bizə məlum olan abidələrlə yanaşı, elmə naməlum olan başqa tikililər də daxil olmuş, haqqında bəhs olunan qoşa minarəli qapı – baştağ isə bu binaların məcmusundan ibarət olan Atabəylər memarlıq kompleksinə giriş qapısı olmuşdur.
Atabəylər memarlıq kompleksinə daxil olan bu məscid Naxçıvanda əzəmətli məscid olmaqla əhalinin ən çox toplaşdığı sosial-siyasi və ideoloji mərkəz kimi uzun müddət şəhərin həyatında bu cəhətdən aparıcı yer tutmuşdur. XVII əsrdə məscid dağıntıya məruz qaldıqdan sonra öz aparıcı yerini şəhərdəki digər məscidlərə vermişdir.
Naxçıvan Came məscidi zəmanəmizədək gəlib çatmadığı, orta əsr qaynaqlarında isə onun haqqında geniş məlumatlar qalmadığı üçün bu məscidin həcmi, əzəməti və sair haqqında ancaq J.Dyelafuanın rəsmi və XIX əsrdən qalma fotoşəkillərə əsasən fikir yürütmək olur. Məhz bu mənbələrə əsaslanaraq akademik Ə.V.Salamzadə yazır ki, məscidin şəkilləri onun plan quruluşu haqqında bəzi nəticələr çıxarmağa imkan verir. Şəkildəki həcm bu binanın ancaq mərkəz hissəsidir. Planda kvadrat olan bu kubik həcm rəsmlərindən göründüyü kimi, çatma günbəzlə örtülmüş, dörd divarında qoşa tağlar var. Salonun açıq tağ şəklində olan yan divarlarının quruluşu göstərir ki, məscidin mərkəz hissəsi bir tərəfdən otaqlar və keçidlərlə əhatə olunmuşdur.
Qaynaqlar və müasir tədqiqatçılar təsdiq edirlər ki, orta əsrlər zamanı şəhərlərin salınmasında və onların plan quruluşunun müəyyən edilməsində dini binalar həlledici rol oynamışdır. Şəhərlər salınarkən bu cəhətə xüsusi fikir verilmişdir. Məlumdur ki, orta əsr şəhərlərində çoxlu məscidlər olurdu. Bu məscidlərin içərisində biri və ya bir neçəsi öz böyüklüyünə və əhəmiyyətinə görə seçilsə də, onlardan biri xüsusilə fərqlənir, şəhərin baş məscidi rolunu oynayırdı. Şəhərin əsas məscidi sayılan, hökmdarların da diqqət mərkəzində olan bu məscid “Came” adlanırdı və əhalinin əsas toplanış yerinə çevrilirdi. Bəzən hökmdarların istəyindən asılı olaraq şəhərin əsas hissələrində bir neçə came məscidi olsa da, bunların içərisində biri əsas məscid olurdu.
Bütün bunları nəzərə alaraq Ə.Salamzadə yazırdı ki, bu məscidlər şəhərlərin memarlıq simasında mühüm yer tuturdu. Naxçıvan məscidinin şəhərdə tutduğu görkəmli mövqe həm onun böyük həcmi, həm də Naxçıvanın mərkəzi memarlıq ansamblına daxil olması ilə müəyyənləşirdi.
Naxçıvan, Gəncə, Şamaxı, Bərdə kimi şəhərlər haqqında əlimizdə olan məlumatlar bu şəhərlərdə böyük Came məscidi komplekslərinin XI-XII əsrlərdə və hətta XIII əsrin əvvəllərində yarandığını göstərir. Ancaq çox təəssüf ki, bu əhəmiyyətli komplekslər haqqında çox az məlumatlar gəlib çatmış, dövrümüzədək bu qəbildən çox az abidə qalmışdır. Cəsarətlə demək olar ki, bu tip məscidlərin ən əhəmiyyətlisi Naxçıvan Came məscididir.
Atabəylər memarlıq kompleksinin əsas tikililərindən biri Eldənizlər sarayı idi. Atabəylər dövlətinin idarə olunduğu bu saray, şübhəsiz, kompleksin ilk tikilisi olmuş, digər tikililər sonradan inşa edilmişdir. Atabəylər dövlətinin təşəkkülü və çiçəklənməsi dövründə hökmdar sarayının yanında çoxlu binalar inşa edilmiş, orada şəhər içərisində bir şəhərcik yaranmışdır. Bununla əlaqədar olaraq orada məscid inşa edilməsinə də ehtiyac var idi. Naxçıvan şəhərinin baş məscidi olmaq etibarı ilə bu məscid çox əzəmətli olmalı idi. Ona görə də Eldəniz hakimlərindən bu haqda göstəriş alan Əcəmi Əbubəkr oğlu belə möhtəşəm bir məscid inşa etmişdi. Məhz bu əzəmətinə və möhtəşəmliyinə görə o, digər abidələri kölgədə qoymuş və əraziyə gələn səyyahların, tədqiqatçıların diqqətini cəlb etmişdir.
Akademik Ə.Salamzadə XIX əsr şəkillərinə əsaslanaraq Atabəylər kompleksinə daxil olan abidələri müqayisə etmiş və təxmini də olsa, Came məscidinin həcmi haqqında müəyyən nəticəyə gəlmişdir. Alim bu barədə yazır: “Şəkildə Came məscidi Möminə xatın türbəsindən xeyli hündürdür. Möminə xatın türbəsinin saxlanmış hissəsinin ümumi hündürlüyü 26 metr olduğu üçün Came məscidinin ona nisbətən hündürlüyünü nəzərə alsaq, bu məscidin hündürlüyü 30 metrə yaxın nəhəng bir tikinti olduğu aydınlaşır”.
Sonralar dövlətin ən əhəmiyyətli şəhərlərindən olan Naxçıvanın baş məscidi olmaq etibarilə bu məscidin yanında mədrəsə fəaliyyət göstərirdi. Atabəylər memarlıq kompleksində mədrəsə olduğunu qaynaqlar da təsdiq edirlər. Orta əsrlər zamanı mədrəsələr, əsasən, məscidlər yanında təşkil edildiyi üçün bu mədrəsənin Naxçıvan Came məscidi ilə sıx əlaqədar olması heç bir şübhə doğurmur.
Naxçıvan şəhəri Azərbaycan Atabəyləri dövlətinin paytaxtı olarkən bu məscid paytaxtın əsas məscidi olmaqla bərabər, həm də böyük bir dövlətin baş məscidi rolunu oynamışdır. Eldəniz hökmdarlarının fərmanları ilk dəfə burada səslənmiş, dövrün bir sıra sosial-siyasi və ideoloji məsələləri onun geniş salonunda müzakirə edilmişdir. Atabəylər və Naxçıvan şəhərinin hakimləri burada ibadət etmiş, geniş əhali kütləsi ilə görüşmüş, onları dinləmiş, şikayətlərinə baxmışlar. Burada, həmçinin xütbələr oxunmuş, alimlərin mülahizələri dinlənilmiş, elmi diskussiyalar və müzakirələr keçirilmiş, doğum və ölüm halları qeyd olunmuş, nikahlar bağlanmış, boşanma hallarına baxılmış, məhkəmələr aparılmış, salonlarında geniş əhali kütləsinin iştirakı ilə müharibə və sülh məsələləri müzakirə edilmişdir.
Ümumiyyətlə, bu məscid dövrün sosial-siyasi və ideoloji həyatında mühüm rol oynamışdır.

Fəxrəddin Səfərli
AMEA-nın müxbir üzvü

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR