23 Dekabr 2024, Bazar ertəsi

Teatr aləmində elə aktyorlar var ki, onları nəinki tamaşaçı sevir, öz həmkarları, sənət yoldaşları da bu cür səhnə ustaları ilə tərəf-müqabil olmağa, onunla birlikdə səhnəni bölüşməyə can atırlar. 134 illik tarixi olan Naxçıvan teatrında belə ak­tyorlar çox olub və sevindirici haldır ki, bu gün də var. Xalq artisti Rza Xudiyev kimi.

30 ildir ki, ömrünü Naxçıvan teatrına bağlayan Rza Xudiyev peşəkar aktyordur. Teatr səhnəsində yaratdığı obrazlar bir-birindən fərqlənsə də, bir insan kimi Rza Xudiyev 30 ildə dəyişməyib. Onu tanıyanlar yenə də sabit xarakterli, səmimi olduğunu deyirlər. İndiyədək hələ heç bir rejissor ona tapşırılan roldan narazı qalmayıb. Məhz buna görə də Naxçıvan tamaşaçısının böyük mənada “Teatr” deyildikdə birinci sırada göz önünə gətirdiyi aktyorlardan biri də Rza Xudiyevdir. Bəlkə də, o, teatrda yeganə aktyordur ki, heç vaxt rejissorun verdiyi mizanları müzakirə etmir. (Adətən, aktyorlar bu barədə səbirsizlik nümayiş etdirirlər. Hətta rol oynadıqları tamaşalarda özlərini rejissor kimi də aparırlar). “Mən aktyoram, verilən tapşırığı yerinə yetirməliyəm. Əgər pis olsa, mizanı rejissor özü dəyişər” – bu, Rza Xudiyevin sənət prinsipidir. Maraqlı burasıdır ki, yerli rejissorlar çox az hallarda məşq vaxtı səhnəyə “endikdən” sonra bu ak­tyora mizan verirlər. Çünki stolüstü məşqlərdə Rza Xudiyev öz obrazının mizan səhnəsini düzgün işləyir və səhnəyə çıxanda, bir növ, hazır olur.

Aktyor ötən illərdə 70-dən artıq obraz yaradıb. Hər biri də özünəməxsus şəkildə, maraqlı, bir-birindən fərqli. Adətən, rejissorlar ona tarixi qəhrəmanların obrazını təklif etsələr də, o, istənilən rolun öhdəsindən ustalıqla gəlir. Ən çox sevdiyi obraz Nazim Hikmətin “Kəllə” pyesindəki Doktor Dalbanezodur. Sadə həyat sürən alimin yaşadığı dramatik və faciəvi həyat onu yaradan aktyorun ifasında, doğrudan da, real alınır.
Rza Xudiyev həm də bir neçə filmə çəkilən aktyor kimi də Naxçıvan teatrının tarixinə düşüb. “Şahid qız”, “Mən sizi dünyalar qədər sevirdim”, “Sürəyya” filmlərində yaddaqalan obrazlar yaradıb. Son illərdə isə yalnız Naxçıvanda çəkilən “Tale yükü” filmində rol alıb. Amma daha çox teatra bağlı olan aktyor bu sənət məbədinin səhnəsində “Şah Qacar”da Cəfərqulu xan, “Nadir şah”da Şah Təhmas (1997-ci il) və Nadir şah (2016-cı il), “Şeyx Sənan”da Şeyx Sənan, “İblis”də Arif, “Qurtuluş dastanı”nda Heydər Əliyev, “Əlincə qalası”nda Əmir Teymur kimi fundamental obrazlar yaradıb. Ürəkdən bağlandığı Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının direktorluğu indi ona həvalə edilib.
Mart teatr ayıdır. Çünki milli teatrımız bu ayın 10-da yaradılıb. Beynəlxalq Teatr Günü isə martın 27-dir. Hətta ulduz təqviminə görə, mart ayında anadan olanlar incəsənətə, teatra, musiqiyə meyillidirlər. Xalq artisti Rza Xudiyevin ad günü martın 5-dir. Bu, bir təsadüfdür, ya taledir – bunu biz bilmirik. Amma bu gün Naxçıvan teatrının müasir tarixini yaradan aktyorlardan olan Xalq artistinin 55 yaşı tamam olur. 5 mart – 55 yaş. Bundan sonra gənc qəhrəmanların obrazını yaratmaq estafetini teatrda çalışan gənclərə həvalə etsə də, hələ sənətə olan sevgisini və bağlılığını heç kəslə bölüşmək istəmir. Əksinə, yaxşı mənada, hər kəsi “yaradıcılıq duelinə” çağırır. Həyatda və sənətdə uğurlar sizə, Rza Xudiyev.


Səməd Canbaxşıyev

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR