23 Dekabr 2024, Bazar ertəsi

2018-ci ildə İslam mədəniyyətinin paytaxtı olacaq
Naxçıvan bu mədəniyyətin təbliğinə töhfələrini verəcəkdir


İnsan yaranışından bəri elm, mədəniyyət və tərəqqi üçün yaşayan, onun yolunda özünün inam və inanclarına etiqad göstərən varlıqdır. Yaradanın təkliyini, bütün yaranmışların Uca Allah hüzurunda bərabər olduğunu ifadə edən İslam və bu dinin təsiri altında yüz­ illər boyu insanları doğru yola yönəldən İslam mədəniyyəti bu mənada bəşəriyyətin ən qiymətli mənəvi sərvətlərindəndir.

Ümumbəşəri mahiyyətini bilmək, onun cəmiyyətin mühüm iqtisadi, sosial və humanitar birgəyaşayış norması kimi insanlığa necə xidmət etdiyini görmək üçün İslamın, sadəcə, bir din kimi qədim dövrlərdən indiyədək təkcə müsəlmanların deyil, eləcə də bütün inanc sahibi insanların həyatında hansı rola malik olduğuna baxmaq kifayət edər. Çünki mədəniyyət sərhəd tanımır. O haradasa yaranır və əgər insanların marağını cəlb edirsə, müəyyən bir müddətdən sonra əhatə dairəsi genişlənir, zamanla əsl dəyərini qazanır. Həmin mədəniyyəti mənimsəyən digər xalqlar da onun zənginləşməsinə öz töhfələrini verirlər. Əgər İslam mədəniyyəti kimi təkcə bir xalqın və ya bir regionda yaşayan xalqların deyil, ümumən, geniş bir coğrafiyada yaşayan, az qala 2 milyarda yaxın insanın ən ali ortaq dəyərləri üzərində formalaşmış bir mədəniyyətdən danışırıqsa, onda həmin mədəniyyətin daşıyıcıları kimi ən xoşbəxt insanlar olduğumuza inanmaqda haqlıyıq. Axı İslam elə bir möhtəşəm qüvvə, Uca Yaradan tərəfindən endirilmiş elə bir inanc sistemidir ki, insanlar təkcə onun şərtlərinə əməl etməyi deyil, eyni zamanda bu dinin qəlblərdə yaratdığı sonsuz sevgi ilə öz həyatını yaşamağı və eyni zamanda başqalarının yaşamağı üçün fədakarlıq etməyi də öyrənirlər. Dünyaya məsum və günahsız gəldiyi kimi Uca Haqqın rəhmətinə də pak və təmiz qovuşa bilmək arzusunda olan hər bir müsəlmanın əməli bu mədəniyyətin bir parçası kimi özü və özündən sonrakı nəsillər üçün çox qiymətlidir. Beləcə, dinindən asılı olmayaraq bütün inanc sahiblərinin, əslində, qardaş olduğunu, insanın şeytandan başqa bir düşməninin olmadığını, elmin hər cür ibadətdən üstün sayıldığını, kimliyindən asılı olmayaraq yalnız mədəniyyətə qovuşmaqla başqalarına faydalı ola biləcəyini göstərən İslam insan həyatının, demək olar ki, bütün sahələrində bir meyar kimi formalaşaraq ümumi mədəni normalar sisteminə çevrilib.

Vahid İslam mədəniyyətinin bir parçası kimi Azərbaycan xalqı həmişə öz üstün mənəvi dəyərləri ilə seçilib. İslamın ali dəyərlərinə qəlbən bağlılıq tarixin heç bir çətin sınağında xalqımızı öz inancından yayındırmayıb. Sözün əsl mənasında, bu gün dünyanı yandırıb-yaxan aqressiya, şovinizm və digər xalqlara qarşı qeyri-tolerant münasibət tarixboyu azərbaycanlılar üçün tamamilə yad olub. Tam əksinə, azərbaycanlı elm və din xadimləri, mütəfəkkir, şair, yazıçı, aşıq və memarlar öz əsərləri ilə bəşəriyyətin mədəni irsinə zəngin sərvətlər qazandırıblar, İslamın ali dəyərlərinin təbliği üçün böyük töhfələr veriblər.
Zəngin tarixi-mədəni irsi və özünün artan nüfuzu ilə müstəqil Azərbaycan Respublikası da müasir dövrdə İslam dünyasının layiqli bir üzvü kimi diqqət mərkəzindədir. Ölkəmizdə iqtisadi inkişaf və sivil cəmiyyət quruculuğu istiqamətində həyata keçirilən bütün işlərdə sosial ədalət və humanizm prinsiplərinin ön planda tutulması, insan hüquq və azadlıqlarına, xalqlararası tolerant münasibətlərə verilən diqqət Azərbaycanı təkcə İslam dünyasında deyil, eləcə də bütün beynəlxalq aləmdə adı hörmətlə çəkilən ölkələr sırasına qoşub.
Müasir Azərbaycan təkcə müsəlmanlar üçün deyil, digər inanc sahiblərinin də tamamilə rahat yaşadığı nadir ölkələrdəndir. Bununla yanaşı, əhalisinin əksəriyyətinin müsəlman olduğu Azərbaycanda müsəlmanların öz dini ayinlərini yerinə yetirməsi üçün yaradılan şərait, insanların azad dini etiqad seçimi, İslam dini tarixində mühüm rol oynamış tarixi şəxsiyyətlərə, ziyarətgahlara və digər müqəddəs məkanlara son dərəcə həssas münasibət ölkəmizin İslam aləmindəki özünə­məxsus yüksək nüfuzunu formalaşdırıb. Bu baxımdan 2009-cu ildə ölkəmizin paytaxtı Bakının və 2018-ci ildə isə Naxçıvan şəhərinin İslam mədəniyyətinin paytaxtı elan olunması Azərbaycanın İslam dünyasında nə qədər vacib bir məkan olduğunu sübut edir.
İslam mədəniyyəti paytaxtı layihəsi uzaq Asyadan Afrikayadək bütün İslam aləmini əhatə edən genişmiqyaslı bir tədbirdir. Hər il Asiya, Ərəb ölkələri və Afrika qitəsi regionları üzrə bir şəhərin İslam mədəniyyətinin paytaxtı kimi seçilməsi Yer üzündə tarixin və mədəniyyətin beşiyi olan bu bölgənin mədəniyyətlərarası dialoqdakı rolundan qaynaqlanır. Yaşadığımız dövrdə dünyada, xüsusən Yaxın Şərq kimi İslam aləminin mühüm bir coğrafiyasında baş verən hadisələr İslam mədəniyyəti paytaxtı layihəsinin üzərinə böyük məsuliyyət qoyur. Düşünmək olar ki, islami dəyərlərin dünyada sürətlə yayılması və bir çox futuroloqların fikrincə, yaxın 20-30 ildə İslam dininin planetin ən geniş yayılmış dini olacağından indidən təşvişə düşənlərə, hər cür qarayaxma, terror və vətəndaş müharibələri yolu ilə bu dini gözdən salanlara qarşı məhz İslam mədəniyyəti paytaxtlarının verəcəyi cavab çox qısa və kəsərli olacaq. Ümid edirik ki, bir gün təkcə İslam dünyasını deyil, bütün dünyanın başı üzərini almış qara buludların yox olduğu gün buna səbəb olan İslam mədəniyyətinin xilas­edici gücünü bütün bəşəriyyət yenidən etiraf edəcəkdir.
Qeyd etdiyimiz kimi, gələn il Naxçıvan İslam mədəniyyətinin paytaxtı olacaqdır. 2009-cu ilin oktyabr ayında İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin VI konfransında Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunmasına dair qərar sivilizasiyalararası dialoqa mühüm töhfələr verən Azərbaycanın bu qədim diyarındakı zəngin mədəni-mənəvi irsə yüksək qiymətin təzahürüdür. Tarixən Yaxın və Orta Şərqin əzəmətli şəhərlərindən biri kimi Naxçıvan bütün böyük keçmişi ərzində İslam mədəniyyətinin çox­əsrlik nailiyyətlərinin layiqincə qorunub yaşadılmasında özünəməxsus rol oynayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2016-cı il 2 iyun tarixli Sərəncamı ilə Təşkilat Komitəsinin yaradılması və bundan sonrakı dövrdə görülmüş hazırlıq işləri bu mühüm tədbirin muxtar respublikamız, ölkəmiz və eləcə də bütün İslam aləmi üçün yaddaqalan bir səviyyədə keçiriləcəyinə zəmanət verir.
Naxçıvan şəhəri muxtar respublikamızın paytaxtı və ölkəmizin iri sənaye, təhsil və mədəniyyət mərkəzlərindən biridir. Naxçıvan eyni zamanda təkcə ölkəmizin deyil, bütün Şərq dünyasının, İslam aləminin dövlətçilik və fəlsəfi düşüncə mərkəzi kimi də çox qədimlərdən tanınıb. Naxçıvanın, xüsusən ölkə­mizin ən yeni tarixində tutduğu mövqeyi, müstəqil Azərbaycan Respublikasının qurulması və möhkəmlənməsindəki rolu, blokada vəziyyətinə salınsa da, ötən dövrdə burada keçilmiş hərtərəfli inkişaf yolunun dünyaya örnək ola biləcək gücü hər kəsi yaxından maraqlandıran bir predmetə çevrilib. Bu mənada, İslam mədəniyyətinin paytaxtı kimi Naxçıvandan gözlənilən həm də onun Şərqin qapısındakı üstün mövqeyindən bütün dünyaya sülh ismarıclarının yollanılmasıdır. Dünyada sülhə nail olmaq üçün tolerant münasibətlərdən əlavə, tarixi mirasa, mədəni irsə və təbiətə qayğı Naxçıvanda ən yüksək səviyyədə formalaşıb. İslam mədəniyyəti meyarlarından olan dini inanclara hörmətlə yanaşı, insanların sosial birgəyaşayışındakı üstün normalar, xeyirxahlıq, halal zəhmətlə qazanc əldə etmək, çətin vəziyyətdə olanlara əl tutmaq kimi hisslər bu torpaqda yaşayanlar üçün ən çətin iqtisadi durumlarda belə, ağır imtahan olmayıb. Naxçıvanda İslamın qadağan etdiyi bütün qeyri-insani əməllər tarixən çox kəskin el qınağı ilə qadağan olunub. Mehriban qonşuluq, təbiətin insanlara bəxş etdiyi nemətlərdən cəmiyyətin inkişafı məqsədilə istifadə olunması, iqtisadi ehtiyatlara rasional yanaşma Naxçıvandakı iqtisadi-mədəni inkişaf modelinin əsas parametrlərindəndir.
Naxçıvanda istər qonşu, istərsə də qonşu olmayan müsəlman ölkələri ilə sıx əlaqələr qurulub. İstehsal, idxal-ixrac, bank-kredit, turizm, təhsil, səhiyyə, mədəniyyət və idman sahəsində Naxçıvan Muxtar Respublikasının əldə etdiyi nailiyyətlərdə İslam dünyası ilə əlaqələrin də rolu vardır. Muxtar respublika Türkiyə Cümhuriyyəti və İran İslam Respublikası kimi İslam dünyasının iki mühüm ölkəsi ilə həmsərhəddir. Ölkəmizin müstəqillik illərində Naxçıvanın bu iki ölkə ilə hərtərəfli əlaqələri ən yüksək səviyyəyə çatıb.
Naxçıvan müasir dövrdə dünyanın 70-dən çox ölkəsi ilə iqtisadi-mədəni əlaqələr yaradıb. Bunlar arasında müsəlman ölkələri də az deyil. Türkiyə, Pakistan, İran, Səudiyyə Ərəbistanı, Misir, Birləşmiş Ərəb Əmirlikləri, İndoneziya, Malayziya, Qazaxıstan və digər müsəlman dövlətləri olmaqla, 14 müsəlman ölkəsi ilə yaradılan əlaqələr bu baxımdan diqqəti cəlb edir. Naxçıvanda həyata keçirilən investisiya layihələrində, təhsil, səhiyyə və turizm əlaqələrində bu ölkələrin payı getdikcə artır. Naxçıvandakı dini ziyarət obyektlərinə gələn zəvvarların, eləcə də Naxçıvandan müqəddəs İslam ziyarətgahlarına gedən zəvvarların sayındakı artım heç zaman bu qədər olmayıb. Naxçıvandakı ümumi ictimai qaydalar, qanunlara hörmət, insan amilinə diqqət bu gün dünyaya təqdim ediləcək səviyyədə böyük nailiyyətlərdəndir. Bu mənada, Naxçıvanda formalaşan böyük mədəniyyətin, ümumi təcrübənin İslam dünyasına daxil olan ölkələrlə paylaşılması, bu çərçivədə tərəflərin bir-birinə verəcəyi töhfələr 2018-ci ilin ən mühüm hadisəsi kimi tarixdə yerini alacaqdır.


Əli Cabbarov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR