23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvanla bağlı apardığımız araşdırmalarda hər dəfə fərqli və maraqlı mövzularla rastlaşırıq. Həmin maraqlı mövzuları oxucularımızla da bölüşmək istəyirik. Bu dəfə həkkaklıq barəsində danışmaq qərarına gəldik. 

Həkkak kimdir və həkkaklıq nədir?
Həkkak oymaçı deməkdir. Yəni polad qələmlə bərk materiallar üzərində yazılar, nəqşlər oyan sənətkarlara həkkak deyilir. Bu, ta qədim dövrlərdən başlayaraq Naxçıvanda əhəmiyyətli sənət sahələrindən biri olub. Həkkaklıq, öz növbəsində, bədii oyma sənəti ilə birgə qravüranın inkişafını şərtləndirən qrafika sənəti növlərindən hesab edilir.
Qeyd edək ki, X-XII əsrlərdə Naxçıvanın təsərrüfat həyatında sənətkarlıq üstün yerlərdən birini tuturdu. Sənətkarlığın inkişafı Naxçıvanın iqtisadiyyatında mühüm əhəmiyyət kəsb edirdi. Burada müxtəlif sənət növləri ilə məşğul olan ustalar çalışırdı. Şəhərdə bacarıqlı memarlar, dülgərlər, bənnalar, dulusçular, dəmirçilər, toxucular, dabbaqlar, bəzzazlar, başmaqçılar, həkkaklar, xalçaçılar, zərgərlər, boyaqçılar və başqa sənət adamları yaşayırdı. Şəhərlərin bəzilərində otuzdan artıq sənət növü vardı. İnkişaf etmiş feodalizm dövründə Azərbaycanda bir neçə yüz sənət və peşə sahəsi olub. Həkkaklar ərəb əlifbasının bədii imkanlarından da bəhrələnərək mis qablar üzərində kəlamlar həkk edib, epiqrafik ornamentlərlə bəzəyiblər.

 Naxçıvan həkkaklıq məktəbinin 

tarixdə iz qoyan nümayəndələri

Naxçıvan həkkaklıq məktəbinin nümayəndələrindən olan Əbülqasimin adı Оrdubad şəhərində qeydə alınmış bir başdaşı üzərindəki məzar kitabəsi vasitəsilə elmi dövriyyəyə daxil edilib.
Nadir şahın Hindistana yürüşü xatırlanan hicri 1151-ci il (1738-1739-cu illər) tarixli məzar kitabəsində qeyd оlunduğu kimi kitabəni həkkak Əbülqasim həkk edib. Kitabənin mətninin tərcüməsi belədir: “Nadir şah Hindistana getdi”. Kitabənin tarixinə əsasən məlum оlur ki, həkkak Əbülqasim həyatının əsas hissəsini 18-ci yüzillikdə yaşayıb.
“Naxçıvan tarixi”ndə də biz bu məlumatlarla qarşılaşırıq. Məlum olduğu kimi, Əfşarlar dövlətinin banisi Nadir şah 1737-ci ildə Orta Asiya və Hindistan üzərinə yürüşə başlayıb və 1739-cu ildə Hindistanın paytaxtı Dehli şəhərini tutub. Kitabənin tarixi bu yürüşün qələbə ilə başa çatdığı və Dehli şəhərinin tutulduğu 1739-cu illə eyni vaxta düşür. Buna görə də ehtimal etmək olar ki, başdaşının xatirəsinə hazır­landığı mərhum Nadir şahın Hindistan yürüşü dövründə vəfat etdiyindən kitabədə bu hadisə də xatırladılıb. Həmçinin kitabə adı başqa qaynaqlarda məlum olmayan Əbülqasim adlı həkkakın adını bizə təqdim edir.
Məhəmmədəli əl-Hüseyni əl-Qərəvi də həkkak olub. Naxçıvan həkkaklıq məktəbinin görkəmli nümayəndəsi olan əl-Qərəvi Ordubad şəhərində Yəhya bəy (Təkeşiyi şiə təkyəsi) məscidinin kitabəsini yazıb. Əl-Qərəvi öz adını da həmin kitabəyə həkk edib. Nəstəliq xəttini ən gözəl şəkildə əks etdirən Məhəmmədəli əl-Hüseyni əl-Qərəvinin bizə miras qoyduğu kitabəyə əsasən, onun XVIII əsrin son rübü, XIX əsrin birinci yarısında yaşadığını qeyd etmək olar.
AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli bu barədə “Ordubad şəhərinin müsəlman epiqrafiyası abidələri” kitabında yazır: “Təkeşiyi (Yəhya bəy) məscidində şərqdən giriş qapısının baş tərəfində, ağ mərmər lövhə üzərində (82x55 sm), açılmış çərçivələr içərisində fars dilində, nəstəliq xətti ilə şeirlə həkk olunmuş kitabənin mətni belədir: “Ey hifz edən! Ey hifz olunan! Bu dövran içərisində bərqərar olmuş dövlət ki onun hökmüylə dövr edir onun itaətində olanlar, Şah Abbasın asiman ədalətindən, onun ədalətindən cahan abad olmuşdur. Bu astanadan keçənlərdir ki, anaları onları dünyaya gətirmişdir. Dünyada insanlar xoş əməl edirdilər. Gəlmədi onun kimisi o yerdən bu nəslə dünya mülkünə ondan sonrakı ümmətdən. Quranın nümunəsində yüksəldi, mərhəmət yolu ilə yetişdi hökumətə. Necə ki viranələr abad oldu, cahan abad oldu, o gün ki viran idi, o gündən sonra bir kəs etmədi fəryad. Bəli, o ki rəiyyətə sultanlıq etdi. Xeyirdən başqa bir işə əmr etmədi. Hər kəsi böyük istəklərin həyata keçməsi üçün öz qabiliyyətinə görə işə gətirdi”. Həmçinin tədqiqatçı əsərində bu kitabənin Məhəmmədəli əl-Hüseyni əl-Qərəvi tərəfindən həkk olunduğunu qeyd edir: “Onu Məhəmmədəli əl-Hüseyni əl-Qərəvi əl-Həccar (daşyonan) həkk etdi”.
Məhəmməd Saleh əl-Hüseyni əl-Qəzvini də xəttat və həkkak olub. Onun adı Ordubad şəhərindəki “Malik İbrahim” qəbiristanlığındakı bir başdaşında həkk edilib.
Əslən Qəzvinli olan sənətkar uzun müddət Naxçıvanda yaşayıb. Naxçıvan həkkaklıq məktəbinə töhfələrini verən, Mirzə Həşim Mömin oğlunun məzar kitabəsini yazan və mərmər lövhəyə həkk edən Məhəmməd Saleh əl-Hüseyni əl-Qəzvini XVIII əsr Naxçıvanının sənətkarlıq mərkəzi olmasının, müxtəlif şəhərlərdən gələn sənətkarları da hörmət və izzətlə qarşılayıb, qoynunda onları da əzizlədiyinin sübutu kimi son dərəcə əhəmiyyətlidir.
Həkkaklıq Naxçıvanın tarixində mühüm yer tutan sənət nümunəsidir. Naxçıvanın qədim sənət növləri haqqında daha çox araşdırmaların aparılması yeni faktların ortaya çıxmasına səbəb olur. Onların öyrənilməsi və gələcək nəsillərə ötürülməsi həm də tariximizin yaşadılması baxımından əhəmiyyətlidir.

Nərgiz İsmayılova
AMEA Naxçıvan Bölməsinin əməkdaşı

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR