23 Dekabr 2024, Bazar ertəsi

Yurdumuza yaz gəlir. Qışın tutqun və soyuq keçən günləri nəhayət ki, yaz təravəti ilə əvəz olunur. Belə gözəl günlərdə insanları Günəşin mehrindən də artıq isidən, bu dünyada yaxşılıq etməyə, halal zəhmətlə yaşamağa və qarşılıqlı sevgiyə qovuşmağa çağıran Novruz bərəkəti isə uşaqdan-böyüyə hamını sevindirir.
Bayram günlərində, xüsusən Novruzda uşaqları sevindirmək, qonaq getmək, qonaq qarşılamaq hər kəsin arzusudur. Xalqımızın adət-ənənələrində mühüm yer tutan milli mətbəximizə məxsus nemətlərlə süfrəmizi bəzəmək Novruzun əvəzedilməz atributlarındandır. Çünki adi günlərdən fərqli olaraq bayram günlərində qohum-əqrəba, dost-tanışlarla mənalı saatlar keçirmək üçün zəngin, rəngarəng süfrə açmaq istəyi milli qonaqpərvərliyimizdən süzülüb gələn bir dəyər kimi həm də bir yaşayış keyfiyyətidir. Xüsusən qışın sərt soyuğundan sonra yazın gəlişinin bayram edildiyi günlərdə daha barlı və bərəkətli növbəti bir ilə başlamağın sevinci ikiqat artıqdır. Əgər bazarımızda bolluqdursa, Novruz bayramını hələ günlər öncəsindən qeyd etməyə dəyər.

Bayramı yaddaqalan keçirmək istəyi bu il Naxçıvandakı bazar və yarmarkalarda əhalinin fəallığı fonunda açıq şəkildə görünür. Ənənəvi Şərq bazarlarına xas olan qələbəlikdə alış-veriş etməyi sevən naxçıvanlılar dükan-bazara axın edirlər. Məhsul istehsalçıları, satıcılar da bu günlərə əvvəldən hazırlaşıblar ki, nə desən bazara çıxarıblar. Sərt keçən qışdan sonra özünü yetirmiş günəşli günlərin ilıq nəfəsindən cana gəlib boy atmış can dərmanı Naxçıvan göyərtiləri, yerli istixanalarda yetişdirilən keyfiyyətli tərəvəzlərin və ötən ilin payızından bayram üçün tədarük olunmuş meyvələrin ən yaxşısı piştaxta və rəflərdə düzülüb. Hərdən idxal məhsullarına da rast gəlinsə də, ildən-ilə artan yerli məhsullarımızı gördükcə hər birimiz – çox şükür ki, öz tələbatımızı yerli istehsal hesabına ödəyə bilirik, – deyə düşünürük.
Bu bayramda insanlar hədiyyələr almağa can atır. Yaz gələndə ağsaqqal, ağbirçək ziyarətinə çıxanda hədiyyə almaq qədər hədiyyə vermək də insana sevinc bəxş edir. Bu əziz bayramdan, yaşadığımız xoş günlərdən fərəhlənən nənələrin sandıqları, boğçaları açılır, qız-gəlinlər yeni dəbli geyimlər üçün bahalı mağazalara üz tutur, dükan-bazarlar payızdakından da bolluq içində gəlhagəl deyir. Ailəlikcə alış-verişə çıxan yerli sakinlərə bir də şəhərimizin qonaqları, axın-axın gələn turistlər əlavə olunduqda görürük ki, Novruz, həqiqətən də, bərəkət bəxş edən bayramdır. Çünki Novruz həm xalqımızın yaddaşından minillik süzülüb gələn xalq şənliyi, təbiətin oyanması, sülh, əmin-amanlıq və dostluq bayramı, həm də əsl bolluq, bərəkət bayramıdır.

Əli Cabbarov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR