Azərbaycan Respublikasının qərb vilayətlərindən olan Naxçıvan Muxtar Respublikası novella yazanlar daxil olmaqla əlində bələdçi kitabı olmayan hər kəsi salamlayır. Naxçıvan divarları olmayan muzeydir. Azərbaycanın bu regionu 5500 kvadratkilometr ərazini əhatə edərək, Ermənistan, İran və Türkiyə ilə həmsərhəddir. Ermənistan tərəfindən iyirmi ildən artıqdır muxtar respublikaya tətbiq olunmuş blokadaya baxmayaraq, Əcəmi Əbubəkr oğlu Naxçıvaninin doğum yeri, Nuh Peyğəmbərin vətəni olan Naxçıvan ərazisinin böyük hissəsi qədim sivilizasiya, qlobal arxeologiya, bəşəriyyət tarixi, Azərbaycan tarixşünaslığı və sosiologiyasının tədqiqatına açıqdır. Həmçinin ərazi təbiətlə insanın harmoniya şəklində yaşamasının şahididir. Bu mədəni nöqteyi-nəzərdən xüsusi abidələr – Əlibəy kəhrizi, Əlincə zərbxanası, Ərəfsə abidəsi və Ərəfsə piridir.
Ordubad rayonunun Təbriz küçəsində gəzən turistlər tarixi abidə olan Əlibəy kəhrizinə (Əlibəy tərəfindən tikilmiş kəhrizə) heyran qalacaqlar. Kəhriz Ordubad çayının gətirmə çöküntülərində qazılmış və öz təbiiliyini saxlayan sadə formalı kəhriz abidəsidir. Abidənin pillələri kəhrizin axın xəttinə perpendikulyar istiqamətdə enir. Kəhrizin kürə hissəsinin uzunluğu 1,8, eni 1,5, hündürlüyü isə 2,3 metr ölçülərində genişləndirilmişdir. Əlibəy kəhrizinin divarları səliqəli şəkildə qazılmış, yalnız üst hissədə olan iri qaya parçası olduğu kimi saxlanılmışdır. Abidənin plan üzrə uzunluğu 4,93, eni 1,5, yer səthində dərinliyi isə 4,56 metrdir. Çıxışın yer səthində hündürlüyü 1,9 metrdir. Əlibəy kəhrizinin suyundan içmək və məişət məqsədilə istifadə olunur.
Culfa rayonunun Xanəgah kəndinin şərqində Əlincə zərbxanası yerləşir. Abidə qiymətli əşyaların və pul sikkələrinin təhlükəsiz saxlanılması üçün inşa edilmişdir. Güclü müharibə qabiliyyətinə malik olduğundan müharibələr zamanı hökmdar ailələrinin sığındığı, dövlət xəzinələrinin saxlandığı Əlincəqalada həm də müxtəlif dövrlərdə Azərbaycan feodal hakimlərinin adından sikkələr kəsilmişdir. XVI əsrin əvvəllərində Əlincə zərbxanasında Elxanilər və Teymurilərin adından gümüş dirhəmlər kəsildiyi məlumdur. Tapılmış sikkə nümunələri sübut edir ki, burada Cəlairi sultanlarının adından da müxtəlif nominallı sikkələr zərb olunmuşdur.
Culfa rayonunun Ərəfsə kəndinin yaxınlığında, Ərəfsəçayın (Araz qolu) sağ sahilində Son Tunc və İlk Dəmir dövrünə aid Ərəfsə mədəni abidəsi yerləşir. Abidənin sahəsi 5 hektardır. Ərazidə aparılmış tədqiqatlar zamanı oradan eramızdan əvvəl II minilliyə aid monoxrom boyalı gil qab nümunələri aşkar edilmişdir. 1974-cü ildə V.Əliyev və digər alimlər tərəfindən aparılmış tədqiqatlar nəticəsində ərazidən tapılmış obsidian (dəvəgözü) qəlpələri və insan yaşayışı ilə bağlı olan digər izlər Ərəfsə yaşayış yerinin II minilliyə aid olmasını təsdiq edir. Bu cəlbedici arxeoloji ərazidən monoxrom boyalı və cilalı qara gil qab qırıqları, daşdan hazırlanmış əmək alətləri (dən daşları, sürtgəclər, həvəngdəstələr) və sair tapılmışdır ki, bu da arxeoloji ərazini Fransadan olan turistlər üçün mühüm bir yerə çevirmişdir. Məntəqənin adı 1590-cı il beynəlxalq arxiv sənədlərində Ərəfsaq yaşayış yeri kimi qeyd edilmişdir. Bu ad eramızdan əvvəl II minillikdən bəri Naxçıvanda yaşamış etnik qrup olan Sak türklərinin irsini və etimologiyasını özündə əks etdirir. 1895-ci ildə professor İ.V.Fedorov tərəfindən aparılmış arxeoloji kəşflər təsdiq edir ki, yerli sakinlər Naxçıvandan şimala doğru hərəkət edərək, Orta və Mərkəzi Asiyada, Altay və Sibirdə də geniş yayılmışlar. L.N.Qumilyev, İ.M.Dyakonov, E.E.Kuzmina və başqaları Sak tayfalarının mənşəyini geniş araşdıraraq onların Türk-Azərbaycan tayfaları olduğunu elmi dəlillərlə təsdiqləmişlər. Ərəfsə sözünün tərkibi Ər+ev+sak şəklində “Sak ərlərinin evi, yurdu” mənasını ifadə edir. Tarixi faktlar və professor F.Rzayev tərəfindən aparılmış tədqiqatlar təsdiq edir ki, Naxçıvan ərazisində 23 yaşayış məskəni vardır ki, həmin yaşayış yerləri arxeoloji və elmi nöqteyi-nəzərdən Sak tayfaları (Sakazur, Siqat, Saklı, Kənsək və sair ) ilə birbaşa bağlıdır.
Culfa rayonunun Ərəfsə kəndində Əlincəçayın sol sahilindəki təpənin üzərində orta əsrlərə aid olan Ərəfsə piri yerləşir. Bu tarixi abidənin iki böyük otağı, cənub və şərq tərəflərə isə eyvanları vardır. Əsas ziyarət obyekti nisbətən böyük ölçüyə malik olan mərkəzi otaqdakı qəbirdir. Bu pirin adı kəndin adından götürülmüşdür. Qədim zamanlar kənd Sak türk tayfalarının mərkəzi və istehkamı olmuşdur. Pirin yerində xanəgah olması barədə mülahizələr də mövcuddur.
Ordubad şəhəri, Ərəzin nekropolu, Əlincə zərbxanası və Ərəfsə piri unikal arxeoloji ərazilərdəndir ki, burada turistlər böyük məmnuniyyətlə öz səfərlərindən zövq ala bilərlər.
Peter Tase
28.03.2017
Amerika Birləşmiş Ştatlarının
“Eurasia review” və “Foreign
Policy News” qəzetləri