23 Dekabr 2024, Bazar ertəsi

Dünən M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında görkəmli yazıçı Məmməd Səid Ordubadinin anadan olmasının 145 illiyi münasibətilə tədbir keçirilib. 

Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova açaraq bildirib ki, Azərbaycanın istedadlı, görkəmli sənətkarlarından biri də “Molla Nəsrəddin” ədəbi məktəbinin nümayəndəsi Məmməd Səid Ordubadidir. Qüdrətli sənətkar ədəbiyyat və mədəniyyət tariximizə şair, publisist, dramaturq, tərcüməçi, jurnalist, görkəmli romançı kimi daxil olub. O, “Dumanlı Təbriz”, “Gizli Bakı”, “Döyüşən şəhər”, “Qılınc və qələm” və başqa romanları ilə ədəbiyyat tariximizdə qüdrətli nasir kimi tanınıb. Görkəmli sənətkar Azərbaycan klassikləri haqqında bir sıra məqalələrin müəllifi olmaqla yanaşı, həm də gözəl tərcümə əsərlərinin müəllifidir. Məmməd Səid Ordubadinin ən böyük xidmətlərindən biri onun ədəbiyyat tariximizdə tarixi roman janrının əsasını qoymasıdır.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Məmməd Səid Ordubadinin irsinə, onun yaradıcılığına yüksək qiymət verib. Ulu öndərimizin hakimiyyətdə olduğu illərdə qüdrətli nasir haqqında yeni və sanballı tədqiqat əsərləri kütləvi şəkildə nəşr olunub, xatirəsinin əbədiləşdirilməsi üçün ardıcıl tədbirlər həyata keçirilib, 100 illik yubileyi ölkəmizdə və xaricdə yüksək səviyyədə qeyd olunub, əsərləri xarici dillərə tərcümə edilib.
Diqqətə çatdırılıb ki, Məmməd Səid Ordubadinin 100 illiyi münasibətilə 1972-ci ilin iyununda ədibin anadan olduğu evdə ev-muzeyi yaradılıb. Böyük yazıçı ilə bağlı 2000-dən çox eksponatın mühafizə olunduğu ikinci muzey Bakı şəhərində fəaliyyətə başlayıb. Ümummilli liderin diqqəti və qayğısı ilə görkəmli yazıçı-dramaturqun xatirəsinin əbədiləşdirilməsi ilə bağlı bir sıra tədbirlər həyata keçirilib, Azərbaycanda, o cümlədən qədim diyarımızda bir sıra küçə, mədəniyyət müəssisəsinə, kitabxanalara onun adı verilib. 1972-ci ildə Məmməd Səid Ordubadinin adını daşıyan Naxçıvan Muxtar Respublika Kitabxanasının qarşısında yazıçının büstü ucaldılıb.
Görkəmli yazıçı və dramaturq, ictimai xadimin irsinə, onun yaradıcılığına bu gün də böyük diqqət və qayğı göstərilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan ədəbiyyatı klassiklərinin əsərlərinin latın qrafikası ilə nəşr edilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli Sərəncamına əsasən, böyük yazıçının seçilmiş əsərləri oxuculara təqdim edilib. Dövlət başçısının 10 aprel 2012-ci il tarixli Sərəncamı ilə ədibin 140 illik yubileyi ölkəmizdə və muxtar respublikamızda geniş qeyd edilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 aprel 2012-ci il tarixli Sərəncamı ilə Məmməd Səid Ordubadinin 140 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Tədbirlər Planı təsdiq edilib, bu sərəncama əsasən elmi konfranslar keçirilib, sərgilər təşkil edilib, “M.S.Ordubadi taleyi və sənəti” məqalələr toplusu nəşr olunub, poçt marka və zərfləri buraxılıb.
Nazir çıxışını Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin böyük ədibin 140 illiyi ilə bağlı yubiley tədbirində dediyi sözlərlə bitirib. Həmin yubiley tədbirində Ali Məclisin Sədri deyib: “Məmməd Səid Ordubadi yaradıcılığını təhlil edərkən aydın görmək mümkündür ki, o, tarixi roman və sənədli əsərlərini təkcə tarixdə yol verilmiş boşluqları doldurmaq xatirinə yaratmamışdır. Bununla yanaşı, o eyni zamanda oxucusuna, bütövlükdə isə mənsub olduğu xalqa buraxılmış səhvlərin aradan qaldırılmasını, onların təkrar olunmamasını da təlqin edirdi. Tarixi keçmişi öyrənməyi vətənpərvərlik və milli iftixar hissinin təzahürü hesab edən ədib, bununla da, azərbaycanlı olmağın nümunəsini göstərmişdir. Bütün bunlar deməyə əsas verir ki, Məmməd Səid Ordubadinin zəngin yaradıcılığı millilik və bəşəriliyi, yüksək vətəndaşlıq qayəsini, qabaqcıl ideyaları özündə birləşdirən Azərbaycançılıq məktəbidir. Bu məktəbin tariximizdə və ədəbiyyatımızda oynadığı rol yüksək qiymətə layiqdir”.
Sonra Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Əliyev “Məmməd Səid Ordubadinin şeir yaradıcılığı” mövzusunda çıxış edərək bildirib ki, görkəmli ədib yaradıcılığa şeirlə başlayıb. Məmməd Səid Ordubadi ilk şeirlərində “Şərqi-Rus” qəzetinin ideyalarını tərənnüm edib, xalqı tərəqqiyə, elmə, mədəniyyətə səsləyib. Bu şeirlərin bir çoxu söz ustadının “Qəflət” və “Vətən və hürriyyət” adlı kitablarında toplanıb. Qeyd edilib ki, Məmməd Səid Ordubadinin gündəlik hadisələrə, siyasi-ictimai mövzulara, beynəlxalq məsələlərə dair çoxsaylı şeirləri vardır. Ədib böyükhəcmli əsərlər yazsa da, daim şeirlər də yazıb, bu janra da yaradıcılığının sonuna qədər sadiq qalıb.
AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun əməkdaşı Nərgiz İsmayılova “İki çocuğun Avropaya səyahəti və M.S.Ordubadinin görmək istədiyi Naxçıvan” mövzusunda çıxışında yazıçının ilk romanını “Tazə həyat” qəzetində çap etdirdiyini bildirib. Böyük ədibin bu romanında arzuladığı ideya və fikirləri bu gün Naxçıvanda aydın görmək olar. Bu gün qədim diyarımızda gedən inkişaf və tərəqqi, həyatın bütün sahələrində müsbət dəyişikliklər bunun bariz ifadəsidir.
C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrınıın aktyorları Şölə Novruzbəyli və Anar Eyvazovun ifasında ədibin “Millətpərvər inteligent”, “Millət ataları” felyetonları, “Rüşvətlə mübarizə zamanı”, “Molla və rəssam” şeirləri bədii qiraət olunub.
Sonra görkəmli yazıçının yubileyi münasibətilə təşkil olunmuş sərgiyə baxış olub.


Əli Rzayev

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR