Muxtar respublikamızda muzey bələdçiləri üçün keçirilən seminar-treninqlər davam etdirilir. Növbəti belə tədbirlər Şahbuz Rayon Tarix-Diyarşünaslıq Muzeyi və Məmməd Arazın ev-muzeyində olub.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən seminar-treninqlərdə nazirliyin Mədəni irs və muzey işi üzrə baş məsləhətçisi Qumral Məmiyeva “Muzey bələdçisinin davranış qaydaları” mövzusunda çıxış edib. Qeyd olunub ki, ötən il muxtar respublikanın muzey şəbəkələri üçün 11 belə tədbir təşkil olunub. Bu il keçirilən tədbir isə beşincidir. Muzey bələdçiləri üçün seminar-treninqlərin keçirilməsində əsas məqsəd ekskursiya işinin təşkili ilə bağlı mövcud nöqsan və çatışmazlıqları aradan qaldırmaq, muzey bələdçilərinin nəzəri bilik və praktik bacarıq səviyyəsini yüksəltməkdir. Seminar-treninqlərdə muzey bələdçiləri vəzifə funksiyalarını dərindən öyrənməyə səy göstərməklə yanaşı, muzey işi haqqında da ətraflı məlumat alırlar.
Bildirilib ki, muxtar respublikamızda muzey fəaliyyətinin yüksək səviyyədə təşkil edilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Muzeylərimiz üçün yeni binaların inşa olunması, onların təmiri, yenidən qurulması və maddi-texniki bazasının möhkəmləndirilməsi işin səviyyəsinin yüksəldilməsinə xidmət edir. Görülən işlər muzey işçiləri qarşısında da mühüm vəzifələr qoyur. Bu gün muzeylərimizdə hazırlıqlı, bilikli, xarici dilləri bilən, işlədiyi mədəniyyət ocağı haqqında ətraflı məlumata malik bələdçilər fəaliyyət göstərir.
Diqqətə çatdırılıb ki, muzey bələdçiləri müxtəlif səviyyəli insanlarla, məktəbli və tələbələrlə, gənc, orta və yaşlı nəsillə işləməyi bacarmalı, nəzakət və davranış qaydaları, geyim tərzi, intellektual dünyagörüşü ilə muzeyə gələnlərdə xoş təəssürat yaratmalıdırlar. Muzey bələdçiləri hər bir vətəndaşa qarşı diqqət göstərməli, muzey işi və muxtar respublikadakı yeniliklərdən xəbərdar olmalı, ziyarətçilərin suallarını diqqətlə dinləyib düzgün cavablandırmalıdırlar. Bu gün muxtar respublikamıza gələn turistlərə qədim diyarımız haqqında ətraflı məlumat vermək üçün muzey bələdçisi daim öz üzərində çalışmalı, tariximizi və mədəniyyətimizi dərindən bilməlidir.
Sonra Şahbuz Rayon Tarix-Diyarşünaslıq Muzeyi və Məmməd Arazın ev-muzeyində muzey bələdçilərinin təqdimatında ekspozisiyaya baxış olub və ekskursiya mətni müzakirə edilib, muzey bələdçilərinə metodik tövsiyələr verilib.
Əli Rzayev