Məmməd Səid Ordubadinin anadan olmasından 145 il ötür
Ədəbiyyat tariximizdə qüdrətli roman ustası və müqtədir dramaturq, gözəl şair və tərcüməçi, istedadlı publisist kimi tanınan Məmməd Səid Ordubadi zəngin ədəbi irsi ilə minlərlə oxucunun qəlbini fəth etmişdir. Təxminən 50 illik bir dövrü əhatə edən yaradıcılığı boyu M.S.Ordubadi ədəbiyyatın, demək olar ki, bütün əsas janrlarında qələmini sınamış, irili-xırdalı altı minə qədər əsər yazmışdır. Lirik və satirik şeirləri, dram, faciə və komediyaları, kiçik hekayələri, felyetonları, ən başlıcası isə silsilə tarixi romanları onun nə dərəcədə məhsuldar ədəbi fəaliyyət göstərdiyini sübut edir. Ordubadi XX əsrin əvvəlində ermənilər tərəfindən xalqımıza qarşı törədilən vəhşiliyi qələmə alan ilk sənətkarlarımızdandır. Ədib eyni zamanda ayrı-ayrı qələm sahiblərindən, Azərbaycan xalqının tarixi simalarından, folklor nümunələrindən, klassik və müasir ədəbiyyatımızın müxtəlif yaradıcılıq problemlərindən bəhs edən qiymətli əsərlərin müəllifidir. Bütün bu deyilənlərə sənətkarın səmərəli tərcüməçilik fəaliyyətini də əlavə etsək, onun ədəbiyyat və mədəniyyət tariximizdəki əvəzsiz rolu bir daha göz önündə canlanar.
Adətən onun şəxsiyyətindən və yaradıcılığından söz düşəndə “ilk Azərbaycan romançılarından biri”, “ədəbiyyatımızda tarixi roman janrının banisi” və bu kimi ifadələr işlədilir. Lakin bu sözlər hələ onun sənətinin ecazkar gücü barədə əsl həqiqəti ifadə etmir. Qətiyyətlə deyə bilərik ki, elə indinin özündə də çağdaş roman yazarlarımız Ordubadi sənətinə üz tutur, ədibin tarixi romanlarındakı müasirlik, tarixiliklə bədii təxəyyülün vəhdəti, dolğun surətlər, çoxşaxəli süjet dolayları yaratmaq ənənələrinə söykənirlər.
Məmməd Səid Ordubadi elə sənətkarlardandır ki, onun zəngin və çoxcəhətli yaradıcılığı həm sağlığında, həm də ölümündən sonra daim tədqiqatçıların diqqətini çəkmişdir. M.Arif, M.Cəfər, C.Xəndan, Ə.Sultanlı, M.Cəlal, A.Zamanov, K.Talıbzadə, B.Nəbiyev, Y.Axundlu, Q.Xəlilli, F.Vəzirova və başqa ədəbiyyatşünas alimlər Ordubadi sənətinin müxtəlif problemləri ilə bağlı məqalələr, monoqrafiyalar çap etdirmişlər.
Hər bir sənətkarın şəxsiyyətini, yaradıcılıq yolunu, ədəbi mühitini öyrənmək və bütün bunları obyektiv, dolğun ifadə etmək üçün, ilk növbədə, onun həyatı ilə bağlı təfərrüatlara ciddi diqqət yetirmək lazımdır. Bu baxımdan görkəmli ədibin “Həyatım və mühitim” adlı irihəcmli xatirəsi olduqca böyük əhəmiyyətə malikdir.
XX əsr Azərbaycan nəsr ədəbiyyatının görkəmli nümayəndəsi Məmməd Səid Ordubadi 1872-ci ildə Ordubad şəhərində şair ailəsində – Hacıağa Fəqir Ordubadinin ailəsində dünyaya gəlmişdir. Atasının ölümündən sonra 9 yaşlı Məmmədi və bacısını bir müddət əmisi saxlamış, lakin onun da imkanı olmadığından az sonra Ordubadi iş axtarmalı olmuşdur. O, özünün ilk əmək fəaliyyəti haqqında belə yazır: “Mən Karapet Babayevin fabrikinə girdiyim vaxt on dörd yaşım var idi. Bir il ipək mövsümünü ayda manat yarım maaşla işlədim. Mən bu mövsümün altı ayını çalışıb, altı ayını oxudum”.
Ordubadi ilk təhsilini molla yanında, sonra isə Mirzə Baxşı adlı bir müəllimin məktəbində almışdır. Şeir və ədəbiyyat həvəskarı olan Mirzə Baxşı Ordubadinin istedadını və oxumağa böyük həvəsi olduğunu görərək ona daha artıq diqqət yetirir, hətta ondan təhsil haqqı da almırdı. Lakin Məmməd Səid Ordubadi əsl təhsilini dövrünün qabaqcıl maarifpərvərlərindən olan Məhəmməd Tağı Sidqinin açmış olduğu yeni tipli “Əxtər” adlı məktəbdə alır. Öz dövrünə görə geniş məlumat və dərin bilik sahibi olan Sidqi onun müasir dünyəvi elmlərin əsaslarına yiyələnməsində, beynəlxalq ədəbi hadisələr, elm və mədəniyyət yenilikləri ilə tanış olmasında, demokratizm və maarifçilik ruhunda tərbiyə almasında mühüm rol oynamışdır.
Ordubadi ədəbi yaradıcılığa 14-15 yaşlarında şeirlə başlamış, ilk mətbu şeri Tiflisdə nəşr olunan “Şərqi-rus” qəzetinin 13 iyul 1903-cü il tarixli 31-ci sayında dərc olunmuşdur. Bu şeirdə cəhalət və nadanlıq tənqid edilir.
Müəllimləri Mirzə Baxşı və M.T.Sidqi onda şerə, yaradıcılığa olan meyil və həvəsi daha da gücləndirmişdi. Bu barədə o, öz xatirələrində yazır: “Mən şeir demək və yazıçı olmağa heç də həvəslənmirdim. Atamın yazdığı şeirlərin palçıq içərisinə atılması heç də yadımdan çıxmırdı. Bir çox zamanlar anam da buna mane olurdu. Çünki atamın şeir sənətindən nə kimi fəlakətlər çəkdiyi onun gözünün qabağında idi. Lakin məktəb və şeirləşmə işi özüm də hiss etmədiyim bir surətdə məni şeir yazmağa öyrətdi”.
Görkəmli ədib, əsasən, azadlığa, mütləqiyyət üsuli-idarəsi ilə mübarizəyə çağıran şeirlər, eləcə də qadın hüquqsuzluğunu tənqid edən satiralar yazmışdır. Ümumiyyətlə, 1905-ci ildən mətbuat səhifələrində onun imzasına tez-tez rast gəlmək olur. 1906-cı ildə Tiflisdə “Qəflət” (Ö.F.Nemanzadənin müqəddiməsi ilə), 1907-ci ildə isə “Vətən və hürriyyət” adlı şeir kitabları çapdan çıxmışdır. Hər iki kitabda yer alan şeirlər müəllifin dövrün hadisələrinə münasibətinin ifadəsi olub, cəhaləti, elmsizliyi tənqid edir. Gerilikdən, nadanlıqdan, elmsizlikdən şikayət, maarifə, tərəqqiyə, hürriyyətə çağırış ruhu bütünlükdə Ordubadi poeziyasının əsas ideya-məzmunudur.
Ədibin “Vətən və hürriyyət” adlı şeirlər kitabı pantürkist, panislamist damğası ilə uzun müddət araşdırılmamışdır. Yalnız müstəqilliyimizin bərpasından sonra bu şeirlər toplusu təhlil və tədqiqata cəlb edilmiş, məlum olmuşdur ki, bu kitab da ideya-məzmun cəhətdən “Qəflət”in davamıdır. Məmməd Səid Ordubadinin “Vətən və hürriyyət” kitabında son nəfəsinədək doğma torpağını rus işğalından qoruyan Gəncə xanı Cavad xanın şücaətindən və faciəli ölümündən bəhs edən şeir xüsusilə diqqət çəkir. Bu şeirdə müəllif qeyrətli eloğlumuzun yenilməz şəxsiyyətini xüsusi məharətlə vəsf etmişdir.
1906-cı ilin aprelindən nəşrə başlayan “Molla Nəsrəddin” jurnalı ədibin yaradıcılıq inkişafına böyük təsir göstərmişdir. Ordubadinin “Politika aləmindən” adlı felyetonu jurnalın 2 iyun 1906-cı il tarixli 9-cu sayında çap edilmiş, beləliklə, o, jurnalın əsas əməkdaşlarından biri olmuşdur. Bununla belə, Ordubadi Bakıda nəşr olunan “İrşad”, “Səda”, “Sədayi-həqq”, “Tərəqqi”, “Tazə həyat” və sair qəzetlərlə, “Tuti”, “Babayi-Əmir” jurnalları ilə də yaxından əməkdaşlıq edirdi.
İstər ədəbi yaradıcılığında, istərsə də mühərrirlik fəaliyyətində böyük rol oynayan “Molla Nəsrəddin” jurnalı ilə Ordubadi 25 il əməkdaşlıq etmişdir. Qüdrətli söz ustadının “Qəflət”, “Vətən və hürriyyət” adlı şeir kitablarının adları da göstərir ki, M.S.Ordubadinin amal və qayəsi C.Məmmədquluzadə və onun “qələm şəriklərinin” əqidəsi ilə necə yaxındır. Sənətkarın “Molla Nəsrəddin” jurnalı ilə əməkdaşlığı onunla C.Məmmədquluzadə və Ö.F.Nemanzadə arasında şəxsi dostluğa səbəb olmuşdur. Sonralar bu dostluq əqidə və məslək birliyinə çevrilmişdir.
Ordubadinin “Hərdəmxəyal” və “Məsa” imzaları ilə jurnalda tez-tez yazıları dərc olunmuşdur. Onun “Molla Nəsrəddin”lə sıx bağlılığını, məcmuənin müəlliflərindən biri olduğunu göstərmək üçün jurnalın 1908-ci ildə “Abunə dəftərimiz açıldı” elannaməsinə diqqət etmək kifayətdir. Bu elannamədə jurnal on nəfər digər yazıçı ilə birlikdə “Hərdəmxəyal”ı – Məmməd Səid Ordubadini də “həmişəlik yazıçılar” siyahısına aid edir. Onun “Molla Nəsrəddin” məcmuəsində çap olunan onlarla felyetonları jurnalın ideya istiqamətinin müəyyənləşməsində müstəsna rol oynamışdır. Bununla belə, “mənim “Molla Nəsrəddin” məcmuəsində yazılarım çap edildikcə düşmənlərim də çoxalır”, – deyən Ordubadi Culfaya köçməyə məcbur olmuşdur. Vəziyyət, doğrudan da, belə idi. Mövhumatı, ayrı-ayrı molla, seyid və başqa cəhalətpərəstləri və xurafatçıları tənqid etdiyindən qatı mövhumat yuvası olan o zamankı Ordubadda yaşamaq ədib üçün çox çətinləşmişdi. Buna görə də o, Culfaya köçür.
Ədəbi və inqilabi fəaliyyəti genişləndikcə hökumət dairələrinin Ordubadiyə qarşı şübhələri də artırdı. Nəhayət, 1915-ci ildə ədib həbsə alınaraq Saritsın şəhərinə sürgün edilir. Sürgün illəri onun üçün olduqca ağır keçmişdir. Qışın ən şiddətli soyuqlarında uzaq yol getməsi, həbsxanadan-həbsxanaya aparılması, aclıq, dözülməz sürgün həyatı səhhətini pozmuşdu. Buna baxmayaraq, imkan tapan kimi Ordubadi vətəndəki dostları ilə əlaqə yaradır, yazdığı yeni əsərlərini çap etdirməyə müvəffəq olurdu.
M.S.Ordubadi Azərbaycan ədəbiyyatında tarixi roman janrının banisi kimi şöhrət tapmışdır. O, dörd cildlik “Dumanlı Təbriz” (1933-1948) roman-epopeyası ilə Azərbaycan ədəbiyyatında bu janrın əsasını qoymuşdur. Nizami Gəncəvi dövründən bəhs edən “Qılınc və qələm” (1946-1948) romanında dahi şairin obrazını, o dövrün ictimai-siyasi mənzərəsini yaratmış ədibin “Döyüşən şəhər” (1938), “Gizli Bakı” (1940) tarixi romanları da müasir tarix elmimiz üçün vacib olan müəyyən tarixi faktları bədii süjet və obrazlarla özündə ehtiva etməkdədir.
1911-ci ildə Bakıda milyonçu Murtuza Muxtarovun maddi köməkliyi ilə Haşım bəy Vəzirovun “Səda” mətbəəsində nəşr edilən “Qanlı sənələr” adlı kitabında müəllif ədəbiyyatımızda ilk dəfə real faktlar və sənədlər əsasında 1905-1906-cı illərdə ermənilərin Naxçıvanda törətdiyi soyqırım aktını qələmə almışdır. Əsərləri müxtəlif dillərə tərcümə edilmiş M.S.Ordubadinin nəsr əsərlərində, xüsusilə tarixi romanlarında xalqın adət-ənənəsi, mədəniyyəti, həyat tərzi haqqında da dolğun təsəvvür yaranır.
1920-ci ildən daha məhsuldar işləyən ədib tərcüməçiliklə də məşğul olmuş, “Koroğlu”, “Nərgiz”, “Nizami” operalarının, “Beş manatlıq gəlin”, “Ürəkçalanlar” musiqili komediyalarının librettosunu yazmış, “Dumanlı Təbriz” romanını çap etdirmişdir.
M.S.Ordubadi yaradıcılığının mühüm bir hissəsini elmi araşdırmalarının məhsulu olmuş əsərləri təşkil edir. Onun Nizami, Füzuli, Vaqif, Sabir haqqında yazdığı məqalələr ədəbiyyatşünaslıq elmimizin ən dəyərli mənbələri hesab olunur. Ədibin “XII əsr Azərbaycan ədəbiyyatı və onun klassik Şərq ədəbiyyatına təsiri” adlı elmi məqaləsi ciddi tədqiqatın məhsulu olmaqla bütünlükdə qədim Şərq ədəbiyyatı ilə Azərbaycan ədəbiyyatının – Nizami dövrünün sənət incilərinin müqayisəsindən ibarətdir. Bu əsərində Ordubadi klassik ədəbiyyatımızın Şərq ədəbiyyatı ənənələri əsasında yarandığını göstərməklə yanaşı, XII əsr ədəbiyyat nümunələrimizin özünəməxsus məzmun və forma xüsusiyyətlərinin o zamankı Şərq ədəbiyyatına təsir etməklə yeni yaradıcılıq keyfiyyətləri əsasında formalaşdığını ədəbiyyatşünaslıq elmi baxımından təhlil və izah etmişdir.
Azərbaycan SSR Ali Sovetinin (1-3-cü çağırış) deputatı seçilmiş, “Şərəf nişanı” ordeni ilə təltif olunmuş M.S.Ordubadi həm də ictimai xadim kimi tanınmışdır.
M.S.Ordubadi yaradıcılığı, onun Azərbaycan xalqı və ədəbiyyatı qarşısındakı xidmətləri dövlət səviyyəsində yüksək qiymətləndirilmişdir. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1972-ci ildə onun 100 illik yubileyi təntənəli şəkildə qeyd edilmiş, Ordubad şəhərində bir zamanlar yaşadığı ata ocağı ev-muzeyə çevrilmiş, 1979-cu il noyabr ayının 1-də isə Bakıda ədibin yaradıcılıq yadigarlarının məkanı olan Xatirə Muzeyi yaradılmışdır. Bundan başqa, Azərbaycanda bir neçə küçəyə, mədəni-maarif müəssisəsinə Ordubadinin adı verilmiş, Naxçıvanda büstü qoyulmuşdur. Ədibin Ordubad şəhərindəki ev-muzeyi 2009-cu ildə əsaslı təmir olunmuşdur.
Ölkə Prezidenti cənab İlham Əliyevin 2012-ci il 10 aprel tarixli Sərəncamı ilə yazıçı-dramaturq, şair-publisist, ictimai xadim Məmməd Səid Ordubadinin anadan olmasının 140 illik yubileyi ölkəmizdə, eləcə də Naxçıvanda geniş qeyd olunmuşdur. Həmin Sərəncamda da deyildiyi kimi, sənətkarın ədəbi yaradıcılığının məhsulu olan əsərləri içərisində dövrün mühüm ictimai-siyasi hadisələrini zəngin faktlar, sənədlər əsasında dolğun əks etdirən əsərləri xüsusilə seçilir.
Görkəmli sənətkarın yaradıcılığı daim öz aktuallığı etibarilə bundan sonra da ədəbiyyatşünas alimlərimiz tərəfindən tədqiq ediləcək, əsərləri müasir yazıçılarımız üçün meyar olacaqdır.
Serqqapisi.az