Naxçıvan Musiqi Kollecində Azərbaycan Respublikasının Xalq artisti Həsən Ağasoyla görüş keçirilib.
Tədbirdə çıxış edən Naxçıvan Musiqi Kollecinin direktoru Günay Əliyeva bildirib ki, musiqi ocağında tanınmış sənət adamları ilə görüşlərin keçirilməsi ənənəyə çevrilib. Xalq artisti Həsən Ağasoy da belə sənət adamlarındandır. Aktyorun yaratdığı rəngarəng obrazlar və personajlar onu teatrsevərlərə sevdirib. Həsən Ağasoy həm də bədii qiraət sahəsində öz ifası ilə seçilir.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin aparıcı məsləhətçisi, Xalq artisti Kamran Quliyev “Xalq artistinin həyat və yaradıcılığı” mövzusunda çıxışında tanınmış aktyorun keçdiyi sənət yolundan geniş söhbət açıb. Qeyd olunub ki, 1979-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirən Həsən Ağasoy həyatını Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı ilə bağlayıb. Onun yaratdığı obrazlar həmişə canlılığı, səmimiliyi və təbiiliyi ilə yadda qalır. Aktyor Hüseyn Cavidin Naxçıvan teatrının səhnəsində tamaşaya qoyulan bütün dramlarında rol alıb, eyni zamanda 70-dək tamaşada müxtəlif xarakterli insan obrazlarını, Orxan, Simon, Əşrəf bəy, Əkrəm bəy, İblis, Keykavus kimi mürəkkəb və psixoloji rollar yaradıb.
Xalq artistinin son illərdə səhnəyə qoyulan tamaşalarda oynadığı obrazlarda daxili aləmin məharətlə açılması özünü aydın göstərir. Həsən Ağasoyun oynadığı Yedigey (“Manqurd”), Natan (“Müdrik Natan”), Mirzə Fətəli (“Mirzə Fətəli”), Böyükağa bəy (“Yəhya bəy Dilqəm”), Cavadxan (“Nadir şah”), Baba (“Arılar arasında”) rolları onun xarakter ustası olduğunu göstərir.
Qeyd olunub ki, Həsən Ağasoyun əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Aktyor 1999-cu ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adına layiq görülüb. Prezident mükafatı alıb və “Tərəqqi” medalı ilə təltif edilib.
Sonra Xalq artisti Həsən Ağasoy çıxış edərək tələbələrlə görüşdən məmnun olduğunu bildirib. Yaradıcılığı, həyat yolu haqqında maraqlı xatirələrindən söhbət açıb, sualları cavablandırıb, tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.
Xəbərlər şöbəsi