23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu, Təhsil Nazirliyi və Rəssamlar Birliyinin birgə təşkilatçılığı ilə Ordubad şəhərindəki Mədəniyyət Evində ordubadlı yeniyetmə və gənclər arasında “Ordubadda Novruz” mövzusunda rəsm əsərlərindən ibarət sərgi-müsabiqə keçirilib.
Sərgi-müsabiqədə çıxış edən Gənclər Fondunun icraçı direktoru Məmməd Babayev bildirib ki, fond tərəfindən keçirilən tədbirlər yalnız Naxçıvan şəhəri ilə məhdudlaşmır, muxtar respublikanın bütün bölgələrini əhatə etməklə tədbirlər keçirilməsi daim diqqət mərkəzində saxlanılır. Yeniyetmə və gənclərin iştirakı ilə intellektual oyunların, yaradıcılıq müsabiqələrinin və digər tədbirlərin təşkilində məqsəd bölgələrdə yaşayan istedadlı gəncləri üzə çıxarmaq və onların yaradıcılıq potensialını inkişaf etdirməkdir. “Ordubadda Novruz” mövzusunda sərgi-müsabiqənin keçirilməsi də məhz bu məqsədə xidmət edir.
Məmməd Babayev qeyd edib ki, ölkəmizin digər regionlarından və muxtar respublikamızın rayonlarından fərqli olaraq Ordubadda Novruz özünəməxsus şəkildə qeyd edilir. Keçirilən sərgi-müsabiqədə də bu amil nəzərə alınıb və gənclər tərəfindən maraqlı işlər təqdim olunub.

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva çıxış edərək bildirib ki, Ordubad rayonunda keçilən ustad dərsləri buradakı istedadlı gənclərin üzə çıxarılmasında mühüm rol oynayıb. Sərgi-müsabiqəyə təqdim edilən işlər öz texnikası, yanaşma tərzi baxımından daha dolğun və məzmunlu hazırlanıb, gənc rəssamların gələcəkdəki fəaliyyəti baxımından nikbin fikirlər deməyə əsas verib.
Ülviyyə Həmzəyeva gənc rəssamlara gələcəkdəki fəaliyyətlərində uğurlar arzulayıb və qalibləri təbrik edib.
Təhsil Nazirliyinin əməkdaşı Rəşad Adıgözəlov və sənətşünas Nizami Alıyev keçirilən tədbirlərin əhəmiyyətindən danışıblar, qalibləri təbrik ediblər.
35 müxtəlif işin təqdim edildiyi “Ordubadda Novruz” sərgi-müsabiqəsinin münsiflər heyətinin rəyinə əsasən, 1 birinci, 2 ikinci, 3 üçüncü və 6 həvəsləndirici yer seçilərək qalib elan olunub, qaliblərə təşkilatçıların diplomları və hədiyyələr təqdim edilib.
Sonra sərgiyə baxış olub.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR