Növbəti belə tədbir Dövlət Bayrağı Muzeyində olub
Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən seminar-treninqdə nazirliyin əməkdaşı Qumral Məmiyeva “Muzey bələdçisinin davranış qaydaları” mövzusunda çıxış edib. Qeyd edilib ki, ötən il muxtar respublikanın muzey şəbəkəsi üçün 11 belə tədbir təşkil olunub. Seminar-treninqlərin keçirilməsində əsas məqsəd muzeylərdə ekskursiya işinin təşkili ilə bağlı mövcud nöqsan və çatışmazlıqları aradan qaldırmaq, muzey bələdçilərinin nəzəri və praktik bilik səviyyəsini yüksəltməkdir. Keçirilən seminar-treninqlər muzey bələdçiləri üçün faydalı olub. Onlar vəzifə funksiyalarını dərindən öyrənməyə səy göstərməklə yanaşı, muzey işi haqqında ətraflı məlumat alıblar.
Bildirilib ki, muxtar respublikamızda muzey fəaliyyətinin yüksək səviyyədə təşkil edilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir. Muzeylərimiz üçün yeni binaların inşa olunması, onların təmiri, yenidən qurulması və maddi-texniki bazasının möhkəmləndirilməsi işin səviyyəsinin yüksəldilməsinə xidmət edir. Görülən işlər muzey işçiləri qarşısında da mühüm vəzifələr qoyur. Bu gün muzeylərimizdə hazırlıqlı, bilikli, xarici dilləri bilən, işlədiyi mədəniyyət ocağı haqqında ətraflı məlumata malik bələdçilərə ehtiyac çoxdur.
Diqqətə çatdırılıb ki, muzey bələdçiləri müxtəlif səviyyəli insanlarla, məktəbli və tələbələrlə, yaşlı nəsillə işləməyi bacarmalı, nəzakət və davranış qaydaları, geyim tərzi, intellektual dünyagörüşü ilə muzeyə gələnlərdə xoş təəssürat yaratmalıdırlar. Bələdçilər muxtar respublikada gedən yeniliklərdən xəbərdar olmalı, muzey ziyarətçilərinin suallarını diqqətlə dinləyib elmi əsaslarla cavablandırmalıdırlar. Muxtar respublikamıza gələn turistlərə qədim diyarımız haqqında ətraflı məlumat vermək üçün muzey bələdçisi daim öz üzərində çalışmalı, tariximizi və mədəniyyətimizi dərindən bilməlidir.
Sonra Dövlət Bayrağı Muzeyində muzey bələdçilərinin təqdimatında Azərbaycan və ingilis dillərində ekspozisiyaya baxış olub, ekskursiya mətni müzakirə edilib, muzey bələdçilərinə metodik tövsiyələr verilib.
Xəbərlər şöbəsi