Bu gün Məhəmməd Tağı Sidqinin doğum günüdür
Muzeylər tariximizin, milli dəyərlərimizin yaşadılaraq gələcək nəsillərə ötürülməsində əsas vasitələrdən biridir. Ona görə də muxtar respublikamızda belə mədəniyyət müəssisələrinin şəbəkəsi genişləndirilir, onların normal fəaliyyətinə şərait yaradılır, ekspozisiyasının zənginləşdirilməsi və iş fəaliyyətinin gücləndirilməsi istiqamətində tədbirlər görülür.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Görkəmli maarifçi Məhəmməd Tağı Sidqinin ev-muzeyinin yaradılması haqqında” 17 sentyabr 2014-cü il tarixli Sərəncamı ilə yaradılan muzey bu istiqamətdə həyata keçirilən tədbirlərdən biridir. Sərəncama əsasən, Ordubad şəhərində muzey üçün yeni bina inşa edilib, lazımi avadanlıqlar və eksponatlarla təmin olunub.
Muzeyin ekspozisiya zalındayam. Ümummilli liderimizin diqqəti ilk baxışdan cəlb edən aşağıdakı fikirlərini oxuyuram: “Naxçıvanda təhsilin, ümumiyyətlə, mədəniyyətin inkişafında mütəfəkkir Məhəmməd Tağı Sidqinin böyük rolu olmuşdur”.
Diqqəti çəkən bir başqa eksponat isə Hüseynqulu Əliyevin Məhəmməd Tağı Sidqinin kətan üzərində yağlı boya ilə çəkdiyi portretidir. Bununla yanaşı, Səyyad Bayramovun çəkdiyi “Məktəb yollarında”, “Sidqi və Naxçıvanda teatr” adlı rəsm əsərləri də görkəmli pedaqoqa böyük ehtiramın ifadəsidir.
Ekspozisiyanın ilk guşəsində Məhəmməd Tağı Sidqinin tərcümeyi-halı yerləşdirilib. Tərcümeyi-halda qeyd olunur ki, görkəmli pedaqoq, maarifçi və şair Məhəmməd Tağı Sidqi 1854-cü il martın 22-də Ordubad şəhərində anadan olub. İlk təhsilini Molla Məhəmməd Tağı adlı axundun məktəbində alıb, daha sonra təhsilini Hüseyn Soltan mədrəsəsində davam etdirməklə klassik Şərq poeziyasını və fəlsəfəsini, eləcə də ərəb və fars dillərini öyrənib. O, maarifçilik fəaliyyəti dövründə məktəbdarlıq, ədəbiyyat, teatr və mətbuat sahələrində əvəzsiz xidmətlər göstərib. 1892-ci ildə Ordubadda “Əxtər” adlı yeni üsullu məktəbin əsasını qoyaraq maarifçilik fəaliyyətinə başlayıb. Bu məktəb az bir zamanda Ordubad camaatı arasında böyük nüfuz qazanıb.
Muzeydə Məhəmməd Tağı Sidqinin yaratdığı “Əxtər” və “Tərbiyə” məktəblərinin fotoşəkilləri, bu böyük maarifçinin məktəb haqqında fikirləri də nümayiş etdirilir.
Ekspozisiyada Məhəmməd Tağı Sidqinin qızıldan hazırlanmış çərçivələrdə qiymətli kəlamları sərgilənir: “Səbir bir ağacdır, onun kökü acı, amma meyvəsi dadlıdır”, “Dünyada yaxşılıqdan gözəl şey yoxdur. Amma yaxşılığa layiq olanları axtarıb tapmaq ondan da yaxşıdır”, “Elm bir çox kitabları oxuyub-yazmaqdan ibarət deyil, oxuduqca anlamaqdan ibarətdir”.
Azərbaycan maarif və məktəbdarlığının inkişafı tarixində Sidqinin göstərdiyi misilsiz xidmətlər yalnız təsis etdiyi məktəblərlə bitmir. O, “Tərbiyə” məktəbinin müdiri və müəllimi olduğu müddətdə “Heykəli-insana bir nəzər”, “Kəblə Nəsir”, “Məsnəviyyati-mədəniyyət”, “Həkimanə sözlər”, “Yüz il yatandan sonra” kimi ictimai-siyasi, fəlsəfi, etik, elmi-pedaqoji əsərlər, “Nümuneyi-əxlaq”, “Coğrafiya xüsusunda məlumati-mücmələ”, “Tənviri-əfkar və təhfimi-insaniyyət”, “Töhfeyi-bənat” kimi dərsliklər yazıb.
Görkəmli pedaqoqun müəllifi olduğu və hazırda AMEA Əlyazmalar İnstitutunda saxlanılan yeddi dərsliyin əlyazmalarının fotosurətləri, “Kəblə Nəsir” əsərinin üz qabığı muzeydə nümayiş olunan qiymətli eksponatlar sırasındadır.
Sidqi həmçinin Azərbaycan maarifçi-realist ədəbiyyatının, o cümlədən Naxçıvan teatrının ilk yaradıcılarından biri kimi də tanınıb. Ekspozisiyada onun müəllim və teatr rejissoru kimi fəaliyyət göstərdiyi dövrə aid müxtəlif protokol və raportların fotosurətləri, rejissorluğu ilə hazırlanmış, müxtəlif illərdə Naxçıvan teatrında səhnəyə qoyulmuş tamaşaların siyahısına da rast gəlirik. Buradan öyrənirik ki, Sidqinin rejissorluğu ilə 1890-1903-cü illərdə Mirzə Fətəli Axundovun “Müsyö Jordan və Dərviş Məstəli şah”, “Molla İbrahimxəlil kimyagər”, “Hacı Qara”, Əbdürrəhim bəy Haqverdiyevin “Dağılan tifaq”, “Pəri cadu”, Eynəlibəy Sultanovun “Tatarka” əsərləri uğurla səhnələşdirilib.
Muzeydə Sidqinin yetirmələrinə də yer ayrılıb. Burada Rza Təhmasib, Əziz Şərif, İbrahim Əbilov, Hüseyn Cavid, Rzaqulu Nəcəfov, Məmməd Səid Ordubadi kimi Azərbaycan ədəbiyyatı və mədəniyyətinin önəmli simalarının fotoşəkilləri nümayiş etdirilir.
Eksponatlar arasında bir məktubun mətni diqqətimizi çəkir. Bələdçinin məlumatına görə, 1903-cü ilin dekabrında Sidqi Kəngərli rayonunun Qarabağlar kəndində vəfat edib və onun ölümündən sonra ailəsi böyük çətinliklərlə yaşayıb. Bu məktub isə həmin zamanlarda Sidqinin həyat yoldaşı İsmət Səfərovanın 28 dekabr 1903-cü ildə Naxçıvan rus-tatar məktəbinin direktoruna yazdığı məktubdur.
Sidqinin həyat və fəaliyyətinə həsr olunmuş qəzet materialları, elmi əsərlər və tədqiqat materialları, rəsm əsərləri, kitablar da muzeydə nümayiş olunur. “Naxçıvan” ictimai-siyasi, ədəbi-bədii, elmi-publisistik jurnalının 2004-cü il tarixli 12-ci nömrəsi görkəmli pedaqoqun 150 illiyinə, 2014-cü il tarixli 29-cu nömrəsi isə 160 illiyinə həsr olunub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Görkəmli pedaqoq, maarifçi və şair Məhəmməd Tağı Sidqinin 160 illik yubileyinin keçirilməsi haqqında” 20 avqust 2014-cü il tarixli Sərəncamına əsasən görkəmli pedaqoqun 160 illik yubileyi muxtar respublikada geniş qeyd olunub. Sərəncamda deyilir: “Görkəmli pedaqoq, maarifçi və şair Məhəmməd Tağı Sidqi realist ədəbiyyatın inkişafında, məktəb, teatr və mətbuat sahəsində əvəzsiz xidmətlər göstərmişdir. Onun yaratdığı məktəblər Azərbaycanda təhsilin, əsərləri isə maarifçi düşüncənin və ədəbiyyatın inkişafında mühüm rol oynamışdır. Böyük pedaqoq Məhəmməd Tağı Sidqinin maarifçilik hərəkatının inkişafı naminə xidmətləri öz dövründə olduğu kimi, bu gün də aktuallığını qoruyub saxlamaqdadır”.
Qeyd edək ki, muxtar respublikada görkəmli pedaqoqun adının əbədiləşdirilməsi istiqamətində də bir sıra işlər görülüb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 11 mart 2004-cü il tarixli Sərəncamına əsasən, Naxçıvan Dövlət Kukla Teatrına görkəmli pedaqoqun adı verilib. Naxçıvan şəhər 4 və Ordubad şəhər 1 nömrəli tam orta məktəblər də Məhəmməd Tağı Sidqinin adını daşıyır.
Azərbaycan xalqı özündən sonra faydalı nəsə qoyub gedən kimsəni unutmur. Onların şərəfinə nəğmələr qoşulur, şeirlər, kitablar yazılır, məktəblər, muzeylər inşa olunur. Məhəmməd Tağı Sidqi də belə simalardan biridir. Onun ev-muzeyini hər gün onlarla insan ziyarət edir. Ziyarətçilər bu muzeyin qapısından çıxarkən bu görkəmli sima haqqında kifayət qədər məlumata yiyələnmiş olurlar. Elə muzeyin yaradılmasında məqsəd də bu olub: insanlara, gələcək nəsillərə Məhəmməd Tağı Sidqi yaradıcılığını aşılamaq. Yaradılan bu şəraitə qarşılıq olaraq bizim edəcəyimiz isə çox sadədir. Vaxt tapdıqca belə müəssisələrə üz tutub nəsə öyrənmək. Unutmayaq: vətənpərvərlik mənsub olduğun xalqın tarixini, mədəniyyətini bilməklə başlayır.
Fatma Babayeva