23 Dekabr 2024, Bazar ertəsi

Qarabağ Azərbaycanın ən qədim mədəniyyət mərkəzlərindən biridir. Azərbaycanın qədim abidələrindən biri olan Azıx mağarası da məhz elə bu ərazidə yerləşir. Azıx mağarası və onun ətrafında aparılan araşdırmalar Azərbaycanda insanların 2 milyon il bundan əvvəl məskunlaşdığını deməyə imkan vermişdir. Qarabağ abidələri Azərbaycanın Daş dövrü və Tunc dövrü mədəniyyətlərinin öyrənilməsi üçün əvəzsiz əhəmiyyətə malikdir. 

Qarabağın tariximiz üçün böyük əhəmiyyəti olan abidələrinin bir qrupu Xocalı şəhəri ətrafında yerləşir. Qədim Xocalı ətrafında yerləşən abidələr Tunc dövrünün bütün mərhələlərini izləməyə imkan verir. Bu mədəniyyət abidələri arasında Azərbaycanın Son Tunc və Erkən Dəmir dövrü mədəniyyətinə aid Xocalı kurqanlarının özünəməxsus yeri vardır. Özünəməxsus xarakterik xüsusiyyətləri, xüsusilə tunc silahları və başlıca olaraq boz rəngli keramika məmulatı ilə fərqlənən bu mədəniyyətə məxsus abidələr ilk dəfə Xocalı yaxınlığında, daha sonra isə Qarabağın böyük bir hissəsində və Gədəbəydə aşkar olunmuş, əsas yaşayış məntəqələrinin adına görə Xocalı-Gədəbəy mədəniyyəti adlandırılmışdır. Hazırda müəyyən edilmişdir ki, Xocalı-Gədəbəy mədəniyyəti Mərkəzi və Cənubi Qafqazın böyük bir qismində geniş yayılmışdır. Aparılan araşdırmalar zamanı bu mədəniyyətin Naxçıvan ərazisində də yayıldığı müəyyən edilmişdir.

Xocalıdan başqa, Dağlıq Qarabağın Axmaxı, Sırxavənd-Ballıqaya, Dovşanlı və digər kəndlərində aşkar olunan Xocalı-Gədəbəy mədəniyyəti abidələri hələ XIX əsrdən yabançı sərvət düşkünlərinin diqqətini cəlb etmişdir. Onlar bu mədəniyyəti qazanc əldə etmək məqsədilə dağıtmışlar. Hələ 1834-cü ildə Şuşaya gələn Dyubua de Monpere Elenendorf ətrafındakı abidələrdə qazıntı aparmışdır. Daha sonra kapitalizmin inkişafı ilə bağlı olaraq bir çox xarici şirkətlər Azərbaycanın təbii sərvətlərinə maraq göstərməyə başlamışdır. Simens şirkəti 1864-cü ildə Gədəbəy mis mədənlərini aldıqdan sonra burada zavod inşa edilməyə başlanmış və zavodun inşası zamanı Xocalı-Gədəbəy mədəniyyətinə aid abidələr dağıdılmışdır. Gədəbəy mis fabrikində elektrotexnik işləyən Valdemar Belk 350-dən artıq abidəni qazaraq dağıtmışdır. İmperator arxeoloji komissiyası V.Belkin qazıntılarına qadağa qoyduqdan sonra onu Emil Resler əvəz etmiş və qarət olunmuş kolleksiyanın böyük bir qismi qadağan olunmasına baxmayaraq, Berlinə göndərilmişdir. Məlum olmuşdur ki, bu qazıntılara istiqamət verən və onu maliyyələşdirən Qafqaz mədəniyyət nümunələrinin kolleksioneri, Berlində yaşayan Rudolf Virxov olmuşdur. Xocalı-Gədəbəy ­mədəniyyətinin tədqiq edilməsində Y.İ.Hummel, A.A.İvanovski, İ.M.Cəfərzadə, H.F.Cəfərov, M.Hüseynova, Minkeviç-Mustafayeva və digər tədqiqatçıların xidmətləri olmuşdur.
Son illər bu maddi-mədəniyyət nümunələrinin tədqiqi ilə Nuridə Qədirova məşğul olmağa başlamışdır. Onun Almaniyada və Rusiyada olan maddi-mədəniyyət nümunələrini, o cümlədən arxiv materiallarını araşdırması nəticəsində müəyyən olmuşdur ki, alman mənşəli “tədqiqatçı”ların Rudolf Virxov tərəfindən maliyyələşdirilməsinin əsas səbəbi onların hind-arilərin ana vətəninin axtarılması istəyi ilə bağlı olmuşdur. Onlar bununla da kifayətlənməyərək öz əsərlərində erməniləri hind-ari adlandırmış və Qafqazın qədim mədəniyyətlərini onlara aid etmişlər. E.Reslerin yazdığı hesabatlarda da Xocalı-Gədəbəy mədəniyyətinin ermənilərə aid olduğu göstərilmişdir. Hələ bu harasıdır, 1985-ci ildə Volfanq Naqel və Eva Ştromenqer Xocalı-Gədəbəy mədəniyyətinə aid materialların bir qismini “Qalakənd” kataloqu adı ilə nəşr etdirmiş və bu mədəniyyətin ermənilərə, abidələrin isə Ermənistana aid olduğunu yazmışdır. Halbuki bu mədəniyyətin ermənilərə heç bir aidiyyəti yoxdur. Digər tərəfdən isə qeyd etmək lazımdır ki, ermənilər tarixşünaslıqda hind-ari mənşəli deyil, Ön Asiya mənşəli adlandırılmışlar və Qafqazın yerli sakinləri olmamışlar. Xocalı-Gədəbəy mədəniyyətinə aid insan skeletlərinin araşdırılması isə onların min illər boyu bu ərazidə məskunlaşan qədim tayfaların sələfi olduğunu ortaya çıxarmışdır.
Araşdırmalar zamanı müəyyən edilmişdir ki, Xocalı-Gədəbəy mədəniyyəti eradan əvvəl V-III minilliklərdə Azərbaycanda formalaşan Kür-Araz mədəniyyətinin və ondan sonra burada mövcud olan Qarabağ mədəniyyətinin varisidir. Bu mədəniyyətin etnik mənsubiyyəti ilə bağlı Azərbaycan tarixşünaslığında əsaslı bir fikir deyilməsə də, tarixi faktların və yazılı mənbələrin araşdırılması göstərir ki, Azərbaycanın böyük bir qismində – Göyçə hövzəsi, Qarabağ və Naxçıvanda məskunlaşan bu tayfalar Şərqi Anadolu və Urmiya hövzəsinədək irəliləmiş, Şərq tarixində böyük rol oynamışlar.
Eradan əvvəl I minillikdə Urartu mixi yazılarında Etiuni tayfa ittifaqının adı xatırlanmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin xüsusi diqqət və qayğısı ilə nəşr olunan “Naxçıvan tarixi” çoxcildliyinin I cildində deyilir: “Urartulular Etiuni tayfalarının uzaq şimalda, Göyçə gölünün yaxınlığında yerləşdiyini xatırlasa da, qeyd etmək lazımdır ki, bu tayfalar Naxçıvanın qonşuluğunda yerləşən böyük tayfa birliyi olmuşdur. Bu dövrdə Naxçıvanda Xocalı-Gədəbəy mədəniyyəti yayılmışdı. Qeyd etmək lazımdır ki, Uti vilayətinin lokallaşdırıldığı ərazi Xocalı-Gədəbəy mədəniyyətinin yayıldığı ərazi ilə üst-üstə düşür. Antik mənbələr bu tayfaların yaşadığı ərazini Otena adı ilə xatırlamışdır. Bu tayfalar vaxtilə Naxçıvandan və Xudafərindən keçərək Azərbaycanın cənubunda məskunlaşmışlar. Araşdırmalar zamanı Oğlanqaladan Xocalı-Gədəbəy mədəniyyətinə aid keramika məmulatı da aşkar olunmuşdur”. Urartu hökmdarı II Argiştinin Sisian yaxınlığında tapılmış kitabəsində deyilir: “Mənim qarşıma ...Etiuni ölkəsinin çarı gəldi, ölkəsinin vergisini mənə verdi...” Kitabənin mətni Göyçə gölü hövzəsində yaşayan Etiuni tayfa birliyinin Naxçıvan yaxınlığında yerləşdiyinə işarə edir və bu konfederasiyanın böyük ərazini əhatə etdiyini təsdiqləyir. Kitabənin mətni həmçinin Etiuni konfederasiyasına daxil olan tayfaların xərac verməklə işğaldan yaxa qurtardığını göstərir.
Cənubi Qafqazın mərkəzində məskunlaşan qəhrəman xalqımız uzun illər qədim dünyanın güclü dövlətlərinə qarşı mübarizə aparmış, onlara boyun əyməmişdir. Bu qədim və mübariz xalqın sələfləri olan xocalılılar da 1992-ci ilin fevralında düşmənə müqavimət göstərmək üçün hazır idilər. Onlar tarixboyu yad­ellilərə boyun əyməmişdilər. Elə o gün də, fevralın 25-dən 26-na keçən gecə onlar düşmənə layiqli müqavimət göstərdilər. Onlar şəhid oldular, amma yenilmədilər, Vətəni qoyub qaçmadılar.

Vəli Baxşəliyev
AMEA-nın müxbir üzvü

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR