23 Dekabr 2024, Bazar ertəsi

Yüksəkkeyfiyyətli toxunuşu, naxışlarının dəqiqliyi və rənglərinin şuxluğu ilə seçilən 

Naxçıvan xalçaları bir sıra xarici ölkələrdə nümayiş etdirilib

Naxçıvan diyarında xalçaçılıq sənətinin inkişafı, ilk növbədə, bu sənət sahəsinin əsas xammal mənbəyi olan qoyunçuluqla sıx bağlı idi.
XVIII əsrin birinci yarısında Naxçıvan diyarında qoyunçuluğun vəziyyəti haqqında “Naxçıvan sanca­ğının müfəssəl dəftəri”ndə verilən məlumatlar əsasında müəyyən mühakimə yürütmək olar. Doğrudur, “Dəftər”də diyarda bəslənilən qoyunların sayı haqqında heç bir statistik məlumat verilmir. Lakin ayrı-ayrı yaşayış məntəqələrindən “qoyun vergisi”, “otlaq vergisi”, “qışlaq vergisi”, “yaylaq vergisi”, “ot üşürü” adı altında xüsusi vergilərin toplanılması heyvandarlığın bu sahəsinin geniş yayılması haqqında aydın təsəvvür yaradır. “Dəftər”də hər bir yaşayış məntəqəsindən toplanan vergilər haqqındakı məlumatlar əsasında apardığımız hesablamalar göstərir ki, bu dövrdə Naxçıvan diyarının 176 yaşayış məntəqəsində əhali qoyunçuluqla məşğul olurdu və buna görə 1727-ci ildə 100 min 457 axça həcmində vergi ödəmişdi. Toplanan vergilərin miqdarından və yaşayış məntəqələrinin sayından görünür ki, qoyunçuluq sancağın Azadciran nahiyəsində daha çox inkişaf etmişdi.

Naxçıvan diyarında bəslənən qoyun və keçilərin sayı haqqında ilk statistik məlumata “Naxçıvan əyalətinin statistik təsviri”ndə rast gəlirik. Əslində, xanlıqlar dövrünün sonu və rus müstəmləkəçiliyinin başlanğıc dövrünü əhatə edən bu məlumatdan aydın olur ki, bu dövrdə Naxçıvan dairəsində 15 min, Ordubad dairəsində 10 min, Şərur mahalında isə 13 min 686 baş qoyun və keçi saxlanılırdı. XIX əsrin ikinci yarısında xalça məmulatlarına tələbatın kəskin şəkildə artması Naxçıvan diyarında da qoyunçuluğun inkişafına ciddi təsir göstərmişdi. 1849-cu ilin məlumatına görə, Naxçıvan qəzasında qoyun və keçilərin sayı 42 min başdan bir qədər çox idi. Əslində, bu dövrdə Naxçıvan qoyun və keçilərin sayına görə Azərbaycanın digər qəzalarından çox geridə qalırdı. Müqayisə üçün göstərək ki, elə bu dövrdə Yelizavetpol (Gəncə) qəzasında saxlanılan qoyun və keçilərin sayı 441 min 180 başa çatırdı. Bununla belə, XIX əsrin ikinci yarısında xalça məmulatına tələbatın sürətlə artması Naxçıvan diyarında da qoyunçuluğun inkişafına ciddi təkan vermişdir. Artıq XIX əsrin 70-ci illərində burada saxlanılan qoyun və keçilərin sayı, həmin əsrin ortaları ilə müqayisədə, təxminən, dörd dəfə artaraq 160 min baş olmuşdur.
Naxçıvan diyarında, əsasən, mazıx və balbas cinsli qoyunlar yetişdirilirdi. Mazıx cinsli qoyunların yunu bir qədər qaba olub, qızılı və qəhvəyi rəngə çaldığından yerli əhali onu “qızıl qoyun” adlandırırdı. Mazıx qoyunlardan fərqli olaraq, balbas cinsli qoyunların yunu ağ rəngdə olub, xalça toxuculuğu üçün daha yararlı hesab edilirdi. Hər iki cinsdən olan qoyunlar Naxçıvanla yanaşı, İrəvan qəzasında, habelə qonşu İran və Türkiyədə də yayılmışdı. V.Qriqoryevin verdiyi məlumatdan aydın olur ki, XIX əsrin 30-cu illərində Naxçıvan diyarında məhz bu qoyun cinsləri saxlanılırdı. Onun yazdığından o da məlum olur ki, buradakı “qoyun və qoçların hamısı quyruqludur, onların yunu orta keyfiyyətlidir və daha çox evlərdə kobud mahud, xalça, kilim və at çulu hazırlanmasına sərf edilir”. İ.Şopen yazırdı ki, İrəvan və Naxçıvan bölgələrində saxlanılan qoyunların hər başından ildə 3,8 batman və yaxud 4,5 funt yun almaq mümkündür. Bunu əsas tutan tədqiqatçılardan biri XIX əsrin 30-40-cı illərində Naxçıvan diyarında saxlanılan 69 min 953 baş qoyun və keçidən ildə 7772 pud yun əldə edilməsi fikrini irəli sürür.
Naxçıvanda xalçaçılar əldə etdikləri yundan xalça toxumağa başlamazdan əvvəl onu bir neçə mərhələdən keçirməklə emal edirdilər. Bu mərhələlərə yunun yuyulması, qurudulması, daranması, əyirilməsi, sarınması və boyanması daxildir. Yun yuyulduqdan sonra əl iyi və ya əl cəhrəsi vasitəsilə həyata keçirilən əyirmə prosesi başlanırdı. İpin bundan sonrakı emal mərhələsi onun hansı məqsədlə istifadə ediləcəyindən asılı idi. Müxtəlif növ xalça məmulatlarının toxunması zamanı dörd növ ipdən – əriş, arğac, çin və qıraq ipindən istifadə edilirdi. Çin və arğac ipləri ikiqat, əriş və qıraq ipləri isə üçqat əyirilirdi. Bundan sonra kələf halına salınmış iplərin boyanması prosesi başlayırdı.
Yun ipin boyanmasından sonra xalça məmulatlarının toxunuşuna başlanılırdı. Bu iş olduqca bəsit quruluşa malik olan dik hanada həyata keçirilirdi. Adətən, hana bir cüt ağac qol, onları köndələn vəziyyətdə birləşdirən alt və üst olmaqla, iki ədəd ox və daban paralarından ibarət idi. Toxuma prosesində ağacdan və ya dəmirdən hazırlanmış çoxdişli həvə, qayçı, qırmaqlı bıçaq, kirkit və bu kimi alətlər işlədilirdi.
Naxçıvanda xalça istehsalı XVIII əsrdən başlayaraq yeni, daha yüksək inkişaf dövrünə qədəm qoymuşdur. Xarici bazarlarda xalça məmulatına tələbatın kəskin şəkildə artması bu sənət sahəsinin xüsusilə XIX əsrdə daha geniş vüsət almasına gətirib çıxarmışdır.
XIX əsrin ortalarına aid statistik məlumatlardan aydın olur ki, bu dövrdə Naxçıvan diyarında xeyli miqdarda xovlu və xovsuz xalça məmulatları istehsal edilmişdir. 1845-ci ilə aid statistik məlumat göstərir ki, həmin il burada 1050 ədəd xalça, 3000 ədəd at çulu, 2500 ədəd keçə, 5000 ədəd çuval, 460 ədəd məfrəş, 10 min ədəd yun corab, 20 min arşın mahud toxunmuşdur.
Daxili və xarici bazarlarda xalça məmulatlarına tələbatın kəskin şəkildə artması bu sənətin xarakterinə də ciddi təsir göstərmişdir. Uzun müddət ev peşəsi səciyyəsi daşıyan xalçaçılıq XIX əsrdən başlayaraq daha çox bazar üçün işləyən sənətkar­lıq sahəsinə çevrilmişdir. Maraqlıdır ki, kapitalist istehsalının sürətlə inkişaf etdiyi XIX əsrin ikinci yarısında sənət istehsalının əksər sahələrinin dərin tənəzzülə uğradığı bir şəraitdə xalça məmulatı istehsalında yüksəliş müşahidə edilirdi. Bu, həmin əsrin sonlarında Cənubi Qafqazda xalçaçılıq sənətinin vəziyyətini öyrənmiş tədqiqatçıların hesabatında aydın şəkildə əks olunmuşdur. Statistik məlumatlar göstərir ki, 1845-ci ildə Naxçıvan qəzasında istehsal edilmiş 1050 ədəd xalçanın 400, 3 min ədəd çuvalın 1500, 5 min çuvalın 2 min, 10 min yun corabın 5 min ədədi satılmışdır.
Naxçıvan diyarında XVIII-XIX əsrin əvvəllərində toxunmuş xeyli sayda xalça məmulatları nümunəsi dövrümüzə qədər gəlib çatmışdır. Apardığımız çöl tədqiqatları zamanı Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhəri, Şərur, Babək, Culfa, Kəngərli, Ordubad, Şahbuz və Sədərək rayonlarında tədqiq etdiyimiz dövrdə toxunmuş şəxsi kolleksiyalarda saxlanılan 24 ədəd yun xovlu xalça, 4 ədəd yun xovsuz zili, 2 ədəd duz torbası, 2 ədəd xurcun, 1 ədəd məfrəş üzü, 1 ədəd şəddə və 1 ədəd kilim aşkar edilərək elmi ictimaiyyətə təqdim edilmişdir. Tədqiqat zamanı aydın olmuşdur ki, şəxsi kolleksiyalarda saxlanılan Naxçıvan qrupuna aid olan ən qədim xovlu xalça 1800-cü ildə Şərur rayonunun Maxta kəndində toxunmuşdur.
Şəxsi kolleksiyalarda saxlanılan xovlu xalçaların toxunma tarixinə dair araşdırmalar XIX-XX əsrlərdə Naxçıvan diyarında xalçaçılığın inkişaf dinamikası haqqında müəyyən fikirlər söyləməyə imkan yaradır. Belə ki, haqqında bəhs etdiyimiz 24 xovlu xalçanın 15-i 1900-cü ildə toxunmuşdur. Fikrimizcə, bu heç də təsadüfi hal deyil. Azərbaycanın digər bölgələrində olduğu kimi, Naxçıvan diyarında da xalçaçılığın məhz bu dövrdə özünün ən yüksək inkişaf mərhələsinə çatdığını göstərir.
Tədqiq etdiyimiz dövrdə Naxçıvan diyarında şəddə, vərni və zili kimi xovsuz xalçalarla yanaşı, müxtəlif çeşnili xovlu xalçaların toxunuşu da geniş yayılmışdı. 1800-cü ildə 565x93, 1850-ci ildə 256x110, 1870-ci ildə 218x140 və 477x116 ölçülərdə toxunmuş xalçaları nümunə göstərmək olar. Bu xalçaların xeyli hissəsi hazır­da Naxçıvan şəhərindəki Xalça Muzeyində nümayiş etdirilir.
1850-ci ildə toxunmuş və xalq arasında “Sinili” adlandırılan xalçanın bədii quruluşu zəngin ara sahə və haşiyə hissəsindən ibarətdir. Onun ara sahəsindəki “siniyəbənzər” medalyonların içərisində açıq-qırmızı, qəhvəyi, kərpici, çəhrayı, açıq-yaşıl, mavi, yasəməni, sürməyi rəng­lərlə işlənmiş gül-çiçək, yarpaq motivləri vardır. Medalyonlar yerliyi zoğalı, şəkəri, açıq-qırmızı, kərpici, çəhrayı, şəkəri-yasəməni rənglərlə tərtib edilmişdir. Onun kənarlarını qəhvəyi, açıq-qırmızı, açıq-yaşıl, mavi, şəkəri, sarı, açıq-qəhvəyi rəng­lərlə işlənmiş haşiyələr əhatə edir. Ara sahənin boşluqları dörd, altı, səkkiz ləçəkli gül-çiçək, ağac, rombvarı, kvadratşəkilli, “X”-ə bənzər və digər klassik elementlərlə doldurulmuşdur. Ara sahənin sağ, sol, yuxarı, aşağı və mərkəz hissələrində stilləşmiş ceyran, quş təsvirləri vardır. Medalyonların kənarlarındakı haşiyələrdə güllü-çiçəkli budaqlar və yarpaqlar işlənmişdir. Haşiyələrdəki digər elementlər açıq-yaşıl, sarı, şəkəri, açıq-qırmızı, sürməyi, açıq və tünd qəhvəyi, mavi, göy, qara, xına rəngi və başqa rəng­lərlə işlənmişdir. Xalçanın sürməyi yerlikli ana haşiyəsi zoğalı, sarı, açıq-qırmızı, narıncı, açıq-yaşıl, tünd və açıq-qəhvəyi, göy, mavi, şəkəri rənglərlə işlənmiş gül-çiçək, yarpaq motivləri və budaqlarla bəzədilmişdir. Haşiyənin yerliyi bəzi yerlərdə xına rəngindədir. Ara haşiyə hər iki tərəfdən içərisində üçləçəkli, dördləçəkli gül-çiçək və spiralşəkilli budaqlarla bəzədilmiş qırmızı yerlikli bala haşiyələrlə əhatə olunmuşdur. Kənar bala haşiyə xaricdən, digər bala haşiyə isə daxildən içərisində dalğavarı xətlər işlənmiş şəkəri yerlikli zəncirlərlə əhatə edilmişdir. Ana haşiyənin kənarları ağ rəngli elementlərlə tamamlanır. Xalça özünəməxsus rəng tərtibatı ilə seçilir. Naxçıvan xalçaları üçün səciyyəvi olan rənglər bu xalçada yüksək peşəkarlıqla cəmlənmişdir. Xalçanın xovu, ərişi yun, arğacı pambıqdır.
Naxçıvan diyarının müxtəlif bölgələrində istehsal edilmiş xalça məmulatları öz sənətlərinin kamil ustası olan azərbaycanlı qadınlar tərəfindən toxunurdu. Onlardan XIX əsrin ikinci yarısı, XX əsrin əvvəllərində Naxçıvan qəzasının Cəhri kəndində yaşamış Piriyeva Qumru Cəfər qızının, Kükü kəndində yaşamış Məmməd­ova Qönçə Heydər qızının, Kolanı kəndində yaşamış Əsmər Hüseynəli qızının, Ordubadın Nüsnüs kəndində yaşamış Ramazanova Xanpəri Musa qızının adları müasir dövrümüzədək çatmışdır.

Özlərinin yüksəkkeyfiyyətli toxunuşu, naxışlarının dəqiqliyi və rənglərinin şuxluğu ilə seçilən Naxçıvanın xovlu və xovsuz xalça məmulatları hələ XIX əsrin ikinci yarısından başlayaraq Rusiya imperiyasının daxilində və bir sıra xarici ölkələrdə təşkil edilən sərgilərdə dəfələrlə nümayiş etdirilmişdir: 1857-ci, 1889-cu və 1901-ci illərdə Tiflisdə Qafqaz Kənd Təsərrüfatı və Sənaye Məhsulları Sərgisində, 1862-ci ildə Londonda təşkil edilmiş Ümumdünya sərgisində, 1913-cü ildə Sankt-Peterburqda keçirilmiş II Ümumrusiya kustar sənayesi sərgisində Naxçıvan diyarında istehsal edilmiş palazlar, xovlu xalçalar, kilimlər, cecimlər, zililər, heybə və xurcunlar nümayiş etdirilmişdir.

 

Vidadi MURADOV
“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin
İdarə Heyətinin sədri, professor

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR