23 Dekabr 2024, Bazar ertəsi

Novruz bayramında milli ruhumuzun, qədimliyimizin çalarları bu gün də yaşayır. Əsrlər boyu xalqımız bu bayramla bağlı müxtəlif adətlər, mərasimlər yerinə yetirib, həmin adətlər folklorumuzda yaşadılaraq bu günə gəlib çatıb. Onlardan bəziləri isə müəyyən səbəblərdən unudulub, yaddan çıxıb. Bunlar arasında təkcə Naxçıvan diyarına xas olan mərasim də var. Bu, “Nuhtaban” və ya “Həzaranpir” adlanır. Həmin adətin yerinə yetirilməsi ilə bağlı rəvayət də vardır.

Belə ki, deyilənə görə, Nuhun ömrünün son zamanlarında oğlu Yafəs ona deyib: “Səndən sonra bu ölkəni qorumaq üçün mənə bir hikmət ver”. Nuh Peyğəmbər düşüncələrə dalıb. Bir neçə gündən sonra o, yerdən bir daş lövhə götürüb, üstündə “Türk” sözünü yazaraq Yafəsə verib. Yafəs bu hikmətin sirrini soruşduqda atası deyib: “Bu adı Tanrı özü mənə təlqin etdi və dedi ki, mən Yafəsə bir oğul verəcəyəm, adını da mən qoyacağam. Onun adı Türk olacaq. Türk yalnız sənin ölkəni deyil, bütün dünyanı zülmdən, əsarətdən qurtaracaq, dünyanı cəhalət və nadanlıqdan xilas edəcək, insanlığa səadət yolunu göstərəcək və dünyanı işıqlandıracaq”.

Zaman keçib, Yafəsin oğlu dünyaya gəlib. Ona gözəllik, igidlik mənalarını ifadə edən “Türk” adı qoyulub. Beləliklə, Türk millətinin ilk nümayəndəsi Azərbaycan torpağında – Naxçıvanda doğulub. Yafəsin həmişə fəxr etdiyi oğlu Türk ədəbiyyatımızda “Əbu-türk” kimi qalıb. Türkün də oğlu dünyaya gələrkən onu Əlincə adlandırıb. Həmin adla bağlı möhtəşəm qala – Əlincə qalası da məhz Naxçıvandadır. Deyilənlərə görə, Nuh Peyğəmbərin “Türk” adı yazdığı həmin müqəddəs daş lövhə vaxtilə Əlincə qalasında saxlanılırdı.
Mərhum tədqiqatçı Lətif Hüseynzadə Novruz ilə bağlı artıq unudulan bayram ənənəsi barədə deyirdi ki, hər il mart ayının əvvəllərində, bayram ərəfəsində üç gün davam edən mərasim keçirilmişdir. Belə ki, əvvəlcə Əlincə qalasında saxlanılan daş lövhə təntənəli şəkildə Nuhun Naxçıvan şəhərində yerləşən məzarına gətirilirmiş. Mərasim daş lövhənin Nuhun məzarı üzərinə qoyulması ilə başlayırmış. Məhz həmin mərasim “Nuhtaban” və ya “Həzaranpir” adlanırmış. “Nuhtaban” Nuhun məzarına işarə olaraq “İşıq saçan” deməkdir. Mərasimin “Həzaranpir” deyimi də mühüm bir semantik anlama malikdir. “Həzar” min rəqəmini ifadə edir. “Həzaran” minlər mənasında işlənir. “Həzaran” – yəni “min yaşlıların min yaşlısı” deməkdir. “Pir” isə “qoca”, “mürşid”, “rəhbər”, “peyğəmbər” mənalarında işlədilir. Həzaranpir dеyiləndə, yəni yaşlıların min yaşlısı, qoca Nuh Peyğəmbər nəzərdə tutulurmuş.
Mart ayının ilk günlərində Nuhtabanda “min yaşlıların min yaşlısı” mərasiminə başlanılırmış. O zamanlar Naxçıvan şəhər məscidinin baş ruhanisi, qazi Əbdül Kərim ağa Qazızadənin başçılığı ilə şəhərin mötəbər şəxslərindən, xan və bəylərdən, müəllim və ziyalılardan ibarət bir heyət Əlincə qalası ətəyindəki Nəiminin türbəsi yanında məsciddə mühafizə olunan Nuh Peyğəmbərin üstündə “Türk” adı yazılmış daş lövhəsini gətirmək üçün gedərmişlər. Bu hikmətli, qiymətli daş Nuh Peyğəmbərin nəticəsi Əlincə xanın iqamətgahında, Əlincə qalasındakı xəzinəsində qorunub saxlanılırmış.
Naxçıvandan Əlincəyə gedən heyət oradakı məscidin ruhaniləri ilə bərabər o müqəddəs daş lövhəni Nuhtabana gətirərmiş. Bu müqəddəs daşı görmək, ona nəzir, niyazlar etmək üçün insanlar yollara toplaşarmışlar.
Heyət Nuhtabana daxil olduğu vaxt həm sevinc, həm də həyəcan doğuran səslər bütün ətraf kəndlərə də yayılırmış. Əlincədən gələn heyətin başçısı bu müqəddəs daşı Nuhtabanda, məzarın önündə nümayiş etdirirmiş. Bundan sonra heyət Nuhun məzarı olan türbəyə – sərdabəyə daxil olub daşı məzarın üzərinə qoyurmuş. Bu mərasim zamanı el şənlikləri, xalq oyunları keçirilərmiş. Bura ziyarətə gələnlər qurbanlar kəsər, ehsanlar, ziyafətlər verərmişlər. Həmin ziyafət, mərasim “Şölən” adlandırılmışdır. Bu sözün məna və mahiyyətini yaxşı bilənlər bu mərasimlər dövründə doğulan övladlarına “Şulan” və ya “Şölən” adlarını verərmişlər. Buna görə də “Şulan” adı yalnız Naxçıvandakı şəxs adları üçün daha səciyyəvidir. Bu ad, bəlkə də, yalnız Naxçıvanda qoyulur.
Nuhtaban mərasimlərində bayatı da deyilirmiş. Həmin bayatılardan biri belə idi:
Əzizim ozan ağlar,
Daşları yazan ağlar,
Burda Nuhum ölübdür,
Qəbrini qazan ağlar.
Çar Rusiyası Naxçıvanı işğal еtdikdən sonra bu mərasimlərə də son qoyulub. O zamanlar Nuhun məzarı dağıdılıb, o müqəddəs daş lövhə də yoxa çıxıb və ya məhv edilib.

Əkrəm Hüseynzadə
filologiya üzrə fəlsəfə doktoru

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR