Naxçıvan Qarnizonunun Zabitlər Evində Əlahiddə Ümumqoşun Ordu üzrə bədii özfəaliyyət kollektivlərinin bədii yaradıcılıq fəaliyyətinə baxış-müsabiqəsinin qalibləri mükafatlandırılıb.
Bu münasibətlə keçirilən tədbiri Əlahiddə Ümumqoşun Ordunun zabiti, polkovnik Mirqiyas Rüstəmov açıb. O, son illərdə ordumuzun Naxçıvanda yerləşən hissələrinə göstərilən dövlət qayğısından danışıb və bu istiqamətdə həyata keçirilən tədbirlərin böyük əhəmiyyəti olduğunu vurğulayıb. Mirqiyas Rüstəmov tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, bütün bunlar şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinin və hərbi-vətənpərvərlik ruhunun yüksəldilməsində böyük rol oynayır. Xidməti vəzifəsini şərəflə yerinə yetirən əsgərlərimizin bədii yaradıcılıq qabiliyyətlərinin üzə çıxarılması və düzgün istiqamətləndirilməsi də həyata keçirilən tədbirlərin tərkib hissəsinə çevrilib. Sonra Mirqiyas Rüstəmov qalibləri təbrik edərək onlara xidmətlərində uğurlar arzulayıb.
Müsabiqənin qaliblərinə diplom və fəxri fərmanlar təqdim olunub.
Sonra Əlahiddə Ümumqoşun Ordunun bədii özfəaliyyət kollektivləri “Əsgər ocağı” adlı konsert proqramı ilə çıxış ediblər. Tədbirdə vətənpərvərlik mövzusunda şeirlər bədii qiraət olunub, mahnılar səsləndirilib, milli rəqslər ifa edilib.
Konsert proqramı iştirakçılar tərəfindən alqışlarla qarşılanıb.