23 Dekabr 2024, Bazar ertəsi

XVl-XVll əsrlərdə Azərbaycanın bir çox bölgəsində, xüsusilə Naxçıvanda əhali arasında geniş yayılmış, öz zəngin görünüşüylə göz­oxşayan tikmə üsullarından biri də güləbətin tikmə üsuludur.
Güləbətin tikmə üsulu bahalı və ağır, sıx toxunuşlu parça üzərində tətbiq olunur. Parça üzərində qızılı və gümüşü saplar həm tikilmə texnikası, həm də gözoxşayan naxış oriyentallığıyla insanda estetik zövq yaradır. Bu tikmə üçün seçilən parça növü adətən mahud və ya tirmə olurdu. Güləbətin tikmə üçün saplar fərqliliyi ilə seçilir, bu saplarla işləmək xüsusi sənətkarlıq tələb edir. Saplar əyirmə və eşmə nəticəsində alınır, qızılı və gümüşü sapların özəyi ipək, adi iplik və kətan, yalnız üst təbəqəsi qızılı və gümüşü olur.
Güləbətin tikmə növünün bir neçə üsulu vardır. Doldurma tikmə sənəti muxtar respublikamızda daha çox yayıldığından, bu özəllik güləbətində də öz əksini tapır. Çünki ən geniş yayılmış üsul sadə və qabarıq doldurma üsuludur. Güləbətin tikmənin əsas xüsusiyyəti onun böyük və siluetli olmasıdır.
Həmin dövrdə, əsasən, milli geyimlərdə, xüsusən Naxçıvan xanımlarının geyindiyi üst geyimlərində və qadın baş geyimi olan araqçınlarda daha çox təsadüf olunur. Bu da keçmişdən xanımlarımızın yüksək zövqə sahib olduğundan xəbər verir.
Qədimdə Naxçıvanda hər bir nişanlı qız öz cehizliyi üçün güləbətin tikmə üsulu ilə işlənmiş müəyyən əşyaları əl əməyi, göz nuru ilə bəzəyirdi (örtüklər, yastıqlar, daraqqabı, canamazlar və sair).

Ardını oxu...

Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin gənclərin mənəvi tərbiyəsində, istedadlı musiqiçilərin yetişdirilməsində mühüm rolu var. Milli, eləcə də dünya klassik musiqilərini tələbələrə yüksək səviyyədə tədris edən, onun sirlərini gələcək nəsillərə çatdıran İncəsənət fakültəsi ötən illər ərzində uğurlu bir yol keçib.
18 sentyabr – Milli Musiqi Gününə həsr olunmuş tədbir fakültənin sənət hesabatı, yeni tədris ilinə uğurlu bir başlanğıc kimi bu fikirləri bir daha təsdiqlədi.
Tədbirdə fakültənin dekanı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Günay Məmmədova Milli Musiqi Gününün tarixi, dahi bəstəkar Üzeyir Hacıbəyovun həyat və yaradıcılığı, onun Azərbaycan musiqisinə verdiyi töhfələr haqqında danışdı.
Vokal ifaçılığı tarixi və nəzəriyyəsi ixtisası üzrə I kurs magistri Rahim Əsgərzadənin, solooxuma ixtisası üzrə II kurs tələbəsi Rüstəm İbrahim­ovun, həmin ixtisas üzrə III kurs tələbəsi İlkin Abdullayevin, kafedranın müəllimi, Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Tural Bağırovun və digərlərinin ifalarında Üzeyir Hacıbəyovun “Cəngi”, “Sənsiz”, “O olmasın, bu olsun” musiqili komediyasından Məşədi İbadın mahnısı, Qara Qarayevin “Pyes”, Emin Sabitoğlunun “Sən olmuşam” əsərləri və “Ruhani” aşıq havası səsləndi.
Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov tədbirə yekun vuraraq qeyd etdi ki, Naxçıvan Muxtar Respublikasında musiqinin, xüsusilə də milli musiqinin, muğamın inkişafı istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. İncəsənət fakültəsinin keçdiyi inkişaf yolundan, burada çalışan pedaqoqların sənət uğurlarından bəhs edən rektor ali təhsilli musiqiçilərin yetişdirildiyi Naxçıvan Dövlət Universitetinin bundan sonra da muxtar respublikamızda milli musiqi mədəniyyətinin inkişafına töhfə verəcəyini bildirdi.

Xəbərlər şöbəsi

Düşünün, ən son nə zaman bir kitab və yaxud bir jurnal oxumusunuz? Ümumiyyətlə, gündəlik oxuma vərdişiniz sizi qane edirmi, yoxsa mütaliəniz yalnız “instagram”, “facebook” və digər sosial şəbəkələrdə paylaşılan kiçik mülahizələrdən ibarətdir? Bəs kitab oxumağın faydalarını bilsəydiniz necə? O zaman da belə əhəmiyyətsiz yanaşardınızmı mütaliəyə? 

Kiçik yaşlarımdan kitablar ən sevimli dostlarım olub. Mənə düzgün yol göstərən, hər şeyin daha çoxunu istəmək fikrindən daşındıran, pis vərdişlərdən uzaqlaşdıran, məntiqli fikirlərilə yoluma işıq salan, bir sözlə, hər cümləsində mənəvi rahatlıq tapdığım, ibrət aldığım sadiq dostlarım... Bəlkə də, ondandır gənclərin kitab oxumasına, ya da oxumamasına belə həssas yanaşmağım... Bəzən avtobusda olarkən və ya bir parkdan keçərkən oturacaqda birinin kitab oxumasını gördükdə ürəyim dağa dönür. Fikrimcə, insan yalnız kitablarla həyata vəsiqə qazana bilər, kədərləndikdə kitablarda təsəlli tapıb, xoşbəxtliyini kitablarla paylaşa bilər. Təbii ki, bu, mənim düşüncəmdir... Bəs gənclər üçün kitab anlayışı nədir? Mütaliə etməyin onlar üçün əhəmiyyəti nədən ibarətdir? Ümumiyyətlə, bu gün gənc nəslin kitablara olan marağı hansı səviyyədədir? Bu suallarla üz tutduq şəhərimizdə yerləşən Kitab evinə...

Ardını oxu...

Ordubad Rayon Gənclər və İdman İdarəsi və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Uşaq-gənclər idman məktəbinin bir qrup idmançısının “Tariximizi tanıyaq və tanıdaq” devizi altında akademik Yusif Məmmədəliyevin ev-muzeyinə ekskursiyası təşkil edilib.
Ekskursiyada 20 nəfərə yaxın idmançı iştirak edib. Bələdçi Nazilə Bağırova muzeyin tarixi barədə iştirakçıları məlumatlandıraraq bildirib ki, ümummilli lider Heydər Əliyevin qayğısı nəticəsində görkəmli alimin adını əbədiləşdirmək üçün 1975-ci ildə akademikin ev-muzeyinin əsası qoyulub, 1976-cı il 6 fevral tarixdə açılış mərasimi olub. 2005-ci ildə isə muzeydə yenidənqurma işləri aparılıb.
Mədəniyyət müəssisəsi fəaliyyətə 407 eksponatla başlayıb, hazırda isə burada iki min eksponat mövcuddur. Bələdçi akademikin həyat və yaradıcılığını əks etdirən fotoşəkillər və muzeydəki digər eksponatlar haqqında iştirakçılara geniş məlumat verib.

Ceyhun MƏMMƏDOV

Naxçıvanın təbii və dəyərli sərvəti olan duzun folklor mətnlərimizdə də özünəməxsus yeri var

  Hər bir naxçıvanlı öz doğma el-obası, yaşadığı yer haqqında   danışarkən şəhərimizin və digər yaşayış məntəqələrimizin müasirliyi, təmizliyi, təbiətinin əsrarəngizliyi, tarixi abidələri, əzəmətli dağları, mərd və qorxmaz insanları ilə yanaşı, Duzdağ və Naxçıvan duzu barəsində fikirləri də ayrıca yer tapır. 

Naxçıvan şəhərinin bir neçə kilometrliyində yerləşən Duzdağa uzaqdan göz məsafəsindən baxanda lay-lay torpaq qatlarını görməmək mümkün deyil. Duzdağın bu qəribə rəngli zolaqları ağbirçək nənələrimizin rəngli qurşaqlarını xatırladır. Elə buna görədir ki, ötən il yazdığım şeirlərimin birində Duzdağı “göy qurşağı”na bənzədərək demişdim:

Göy qurşağı göy üzünün yeddi rəngli möcüzəsi,
Yerdəki göy qurşağını Duzdağına baxan görər.

Duzdağın dünyanın ilkin insan məskəni olan Naxçıvanda var olması bu torpağın müqəddəsliyinə və qədimliyinə dəlalət edən faktlardan biridir. Tarixən duzu müqəddəs bilən dədə-babalarımız, bəlkə də, elə bu torpağın müqəddəsliyini də elə Duzdağla, duzla əlaqələndirib bizlərə aşılayıblar.

Ardını oxu...

Muxtar respublikamızda Milli Musiqi Günü ilə bağlı tədbirlər davam edir. Bu münasibətlə Naxçıvan Dövlət Filarmoniyasının Xalq Çalğı Alətləri Orkestrinin Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində konserti olub.
Aparıcı bildirib ki, artıq bir neçə gündür, qədim diyarımızın paytaxtında və rayon mərkəzlərində Milli Musiqi Günü ilə əlaqədar tədbirlər və konsertlər təşkil olunur.
Qeyd edilib ki, Naxçıvan Dövlət Filarmoniyasının Xalq Çalğı Alətləri Orkestri filarmoniya yaradılarkən onun tərkibində fəaliyyətə başlayan ilk orkestrlərdən biri olub. Kollektivin tanınmış müğənni və xanəndələrinin ifalarını musiqisevərlər həmişə rəğbətlə qarşılayırlar. Bu gün də kollektiv yeni repertuarla musiqisevərlərin görüşünə gəlib. Orkestrin bədii rəhbəri Azərbaycan Respublikasının Əməkdar artisti Elman Əliyevdir.
Orkestr dahi Üzeyir Hacıbəyovun “Koroğlu” operasından “Uvertüra” və “Cəngi”ni ifa edib. Gənc müğənni İlkin Abdullayev Asəf Zeynallının Cəfər Cabbarlının sözlərinə yazdığı “Ölkəm”, Süleyman Ələsgərovun Füzulinin sözlərinə yazdığı “Vətənimdir”, Üzeyir Hacıbəyovun dahi şairimiz Nizaminin sözlərinə yazdığı romanslarını ifa edib. Azərbaycan Respublikasının Əməkdar artistləri Gülyanaq Fərzəliyeva Niyazinin “Vətən nəğməsi”ni, Mübariz Əsgərov isə Qəmbər Hüseynlinin “Ömrümün yazısan” mahnısını oxuyublar.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi avqust ayında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarından, qəbul edilmiş dövlət pro­qramlarından irəli gələn vəzifələrin icrasını diqqət mərkəzində saxlamışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Oxunması zəruri olan kitablar haqqında” 2017-ci il 28 avqust tarixli Sərəncamının icrası ilə bağlı iş aparılmış və nazirliyin sisteminə daxil olan kitabxanalarda müvafiq kitab guşələri yaradılmışdır.
Avqust ayında muzey bələdçilərinin peşə biliklərinin artırılması məqsədilə Hüseyn Cavidin ev-muzeyində, Heydər Əliyev Muzeyində muzey bələdçiləri üçün seminar-treninqlər keçirilmiş, muzeylərin fond mühafizlərinin Naxçıvan Dövlət Tarix Muzeyində təcrübə məşğələləri davam etdirilmişdir. Muzey fondlarının yeni eksponatlarla zənginləşdirilməsi də diqqət mərkəzində saxlanılmış, muzeylərə 76 yeni eksponat daxil olmuşdur. Naxçıvan Dövlət Xalça Muzeyində muzey fondlarının zənginləşdirilməsində səmərəli fəaliyyət göstərən Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Akif Hacıyevlə görüş keçirilmişdir.

Ardını oxu...

Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayının qarşısında Milli Musiqi Gününə həsr olunmuş rəqslərdən ibarət konsert təşkil edilib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun “Eynəli bəy Sultanovun 150 illik yubileyinin keçirilməsi haqqında” 2016-cı il 15 fevral tarixli Sərəncamı eynəlibəyşünaslığın yenidən canlanması üçün yeni bir stimul oldu. Bu sərəncamdan irəli gələn vəzifələrin yerinə yetirilməsi üçün muxtar respublikamızın elm, təhsil və mədəniyyət müəssisələri səfərbər oldular, müxtəlif tədbirlər planı tərtib edilərək onların real­laşdırılması işinə başlanıldı.

Bütün bunlarla bərabər, gənc alim, Eynəli bəy Sultanovun folklorşünaslıq fəaliyyətinin tədqiqi ilə on ilə yaxın bir müddətdə ardıcıl məşğul olan Elxan Yurdoğlu (Məmmədov) həmin sərəncamdan irəli gələn vəzifələrin həlli istiqamətində səmərəli elmi fəaliyyət göstərərək əhəmiyyətli uğurlar qazanmışdır. O, Eynəli bəyin, ümumilikdə, çoxşaxəli yaradıcılığına bələd olduğundan görkəmli sənətkarın teatr, ədəbiyyat, publisistika, jurnalistika sahələrindəki fəaliyyətinin ötəri nəzər salınmış tərəflərini bir daha qabarıq və geniş işaqlandırmağın öhdəsindən gələ bilmişdir. Belə ki, yorulmaz tədqiqatçı yubiley gününədək E.Sultanovun uşaqlar üçün qələmə aldığı “Səhhət verirsən, vermirsən?” adlı birpərdəli, alleqorik pyesini müəyyən əlavələr etməklə yenidən işləyib onu Naxçıvan Dövlət Kukla Teatrına təqdim etmiş, ədibin XIX əsrin sonu, XX əsrin əvvəllərində “Novoye obozreniye”, “Yeni fikir”, “Yeni yol”, “İşıqlı yol” qəzetlərində, “Dan ulduzu”, “Şəfəq” jurnallarında və digər mətbuat səhifələrində çap olunmuş, həmçinin əlyazma şəklində və rus dilində aşkar edilmiş hekayələrini toplayaraq, onların tərcüməsinə nail olmaqla “Hekayələr” adlı kitab nəşr etdirmişdir. İzzət Maqsudovun “Eynəli bəy Sultanovun həyat və yaradıcılığı” dissertasiyasının təkrar nəşrini və İradə Əsədovanın “Eynəli bəy Sultanovun yaradıcılıq yolu” adlı rus dilində monoqrafiyasının tərtib və nəşrini isə ilk dəfə həyata keçirmişdir.

Ardını oxu...

Dünən Kəngərli Rayon Mədəniyyət Evində Milli Musiqi Günü ilə bağlı dahi bəstəkarımız Üzeyir Hacıbəyovun ömür yolundan bəhs edən ikiseriyalı “Uzun ömrün akkordları” filmi nümayiş etdirilib.
Filmin nümayişindən əvvəl Naxçıvan Dövlət Film Fondunun direktoru Mir­akif Seyidov çıxış edərək böyük bəstəkarımızın həyat və fəaliyyətinə həsr olunmuş bu filmin 1981-ci ildə çəkildiyini bildirib. Qeyd edib ki, filmin ssenari müəllifi və rejissoru Xalq yazıçısı Anardır. Ekran əsərində bəstəkarın “Leyli və Məcnun”, “Arşın mal alan”, “Koroğlu” kimi əbədiyaşar əsərlərinin yaranma tarixindən söhbət açılır. Filmin maraqlı cəhətlərindən biri də burada bəstəkarın müasirlərinin – H.Zərdabi, Ə.Haqverdiyev, M.Maqomayev, H.Sarabski, C.Qaryağdıoğlu və başqalarının obrazlarının yaradılmasıdır. Filmdə bəstəkarın musiqisindən də geniş istifadə edilmişdir.
Sonra Qıvraq qəsəbə Uşaq Musiqi Məktəbinin müəllimi Nigar İbrahimova “Azərbaycan musiqi mədəniyyəti tarixindən” mövzusunda çıxış edib. Bildirilib ki, Azərbaycan musiqi mədəniyyəti çox qədim və zəngin ənənələrə malikdir. Muğamlar, musiqi folkloru, aşıq musiqisi və XX əsrdə formalaşmış və inkişaf etmiş Azərbaycan bəstəkarlıq məktəbi ecazkar və sehrli sənətimizin əzəmətini və möhtəşəmliyini aydın göstərir. Dərin məzmunu, yüksək milliliyi və bəşəriliyi ilə seçilən Azərbaycan musiqisi iftixar mənbəyimizdir.
“Uzun ömrün akkordları” bədii filmi tamaşaçılar tərəfindən maraqla izlənib.

Əli RZAYEV

Dünən Şərur şəhərinin “Bahar” kinoteatrında 18 sentyabr – Milli Musiqi Günü ərəfəsində Naxçıvan Musiqi Kollecinin “Gənclik” İnstrumental Ansamblının konserti olub.
Qeyd edilib ki, kollecdə təhsil alan tələbələrdən ibarət musiqi kollektivləri maraqlı konsert proqramları ilə müntəzəm olaraq ictimaiyyət qarşısında çıxış edirlər. Bu gün sizin görüşünüzə “Gənclik” İnstrumental Ansamblı rəng­arəng konsert proqramı ilə gəlib.
İlk olaraq ansamblın ifasında şən musiqi kompozisiyaları səslənib. Sonra ansamblın gənc solistləri Samir İsmayılov, Əfsanə Babayeva, İlkin İsmayıl­ovun ifalarında görkəmli bəstəkarlarımız Qəmbər Hüseynlinin “Bulağa gəlsin”, Tofiq Quliyevin “Naxçıvanım”, “Nargilə”, Arif Məlikovun “Çıx yaşıl düzə”, Emin Sabitoğlunun “Güllər”, “Payız gəldi”, Cahangir Cahangirovun “Yenilməz batalyon” filminə yazdığı musiqidən “Teymurun mahnısı” və başqa mahnılar səslənib.
Şən və lirik musiqi kompozisiyası ilə başa çatan konsert rayon sakinlərində xoş ovqat yaradıb.
Qeyd edək ki, Naxçıvan Musiqi Kollecinin “Buta” muğam ansamblı və “Naxçıvanqala” ritm qrupu sen­tyabrın 14-də Ordubad şəhərinin sakinləri qarşısında konsert proqramı ilə çıxış edəcək.

Əli RZAYEV

Naxçıvan – qoca Şərqin ilk qədim insan məskəni. Sivilizasiyaların kəsişdiyi və intibahın yüksəldiyi ulu yurd yeri, min illərin gərgin və qarışıq məqamlarının şahidi olan müqəddəs türk torpağı. Hər daşında, hər qayasında hələ açılmayan nə qədər sirlər gizlənib. Torpaq laylarının altında hələ nə qədər açılmayan mətləblər var. Bu yurdun – Nuh Peyğəmbərin xeyir-dua verdiyi insanlarının nicata çatdığı məkan, Qorqud əmanəti, Əcəmi yadigarı Naxçıvanın bir memarlıq məktəbi olduğunu sübut edən faktlar sırasında memarlıq nümunələri də vardır. Belə zəngin memarlıq nümunələri arasında təmizliyin, paklığın, mədəniyyətin simvolu olan hamamlar   xüsusi yer tutur. Ümumiyyətlə, Şərq xalqlarının qədim inancları arasında suya etiqad, suyun ilahiləşdirilməsi zaman-zaman ön planda dayanıb. Suyun həyat enerjisi olması ilə yanaşı, onun paklaşdırmaq, saflaşdırmaq xüsusiyyəti ilə bağlı inanclar da Şərq mədəniyyətinin tərkib hissəsi olub. 

Qoca Şərqin bütün bölgələrində, eləcə də Naxçıvanda ilk ictimai əhəmiyyətli bina kimi inşa olunan tikililərin sırasında hamamların xüsusi yeri olub. Aparılan arxeoloji qazıntılar zamanı əldə olunan maddi-mədəniyyət nümunələrinin sırasında onlarla hamam binasının qalıqları aşkar olunub, bunlardan bir neçəsi bərpa edilib. Lap qədimdə inşa olunan hamamlar orta əsrlərə məxsus binalardan xeyli dərəcədə fərqlənirdi. Onu da vurğulayaq ki, belə hamamlara təkcə şəhərlərdə deyil, həmçinin kənd­lərdə də rast gəlmək mümkündür. Bir çox qaynaqlarda, eləcə də XVII əsr türk səyyahı Övliya Çələbinin Naxçıvan şəhəri haqqında öz qeydlərində bildirilir ki, “Cənabi” hamamı son dərəcə gözəl və işıqlıdır. Qapı və divarı şirəli kaşıdan, döşəmələri isə ağ mərmərdəndir. Hamam məhrabaları şahmat naxışı ilə bəzədilmişdir. Mehmanxanamıza yaxın Zal paşa hamamı vardır. Onun bütün qapı və divarı şirəli kaşılarla örtülmüşdur. Döşəməsi başdan-ayağa boz, sumağı və tünd-qırmızı mərmər daşlardandır. Hamamın bütün pəncərələri büllurdandır. Həyətin ortasında böyük bir hovuz var. Xülasə, gözəl havası olan bu hamamın tərifi, təmizliyi və gözəlliyini şərh etməkdə qələm belə acizdir”.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 18 sentyabr – Milli Musiqi Günü ilə bağlı təsdiq etdiyi tədbirlər qrafikinə uyğun olaraq muxtar respublikanın paytaxtında və rayon mərkəzlərində, o cümlədən uşaq musiqi, incəsənət, bədii sənətkarlıq məktəblərində konsertlər təşkil olunur. Eyni zamanda Milli Musiqi Günü ilə bağlı dahi bəstəkar Üzeyir Hacıbəylinin həyat və yaradıcılığından bəhs edən “Uzun ömrün akkordları” bədii filminin və musiqimizlə bağlı sənədli filmlərin nümayiş etdirilməsi, musiqi tariximizlə bağlı mühazirələrin oxunması nəzərdə tutulub.
Bu çərçivədə sentyabrın 11-də Naxçıvan Dövlət Filarmoniyasının Kamera Orkestrinin konserti olub.
Konsert dahi bəstəkarımız Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasının “Müqəddimə”sinin ifası ilə başlayıb. Konsertdə Şərqin ilk operası kimi milli musiqimizin incisi sayılan “Leyli və Məcnun” operasından Naxçıvan Muxtar Respublikasının Əməkdar artistləri Zülfüqar Mahmudov və Hünər Əliyevin Qəribə Həsənova ilə birlikdə ifa etdikləri duetlər alqışlarla qarşılanıb.
Orkestr operadan ərəb mahnısını ifa etdikdən sonra gənc solist İlkin Abdullayevin ifasında dahi bəstəkarımız Üzeyir Hacıbəylinin “Sənsiz” və “Sevgili canan” romansları səslənib.

Ardını oxu...

Dünən Sədərək rayon 1 nömrəli tam orta məktəbdə Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə “Azərbaycan musiqi tarixindən” mövzusunda tədbir keçirilib.
Nazirliyin baş məsləhətçisi Kənan Tağızadə çıxış edərək bu mövzuda aparılan mühazirələrin məqsəd və əhəmiyyətindən danışıb.
Sonra Sədərək Rayon Uşaq Musiqi Məktəbinin direktoru Vəfa Həsənova “Azərbaycan musiqi tarixindən” mövzusunda mühazirə ilə çıxış edib. Qeyd olunub ki, Azərbaycan musiqi mədəniyyətinin tarixi çox qədimdir. Gəmiqaya və Qobustan qayaüstü rəsmləri, arxeoloji qazıntılar zamanı əldə edilmiş maddi-mədəniyyət nümunələri musiqi mədəniyyətimiz haqqında dəyərli məlumatlar verir. Xalqımızın şifahi xalq ədəbiyyatında, Nizami, Xaqani, Füzuli, Nəsimi və başqalarının əsərlərində də orta əsrlərin musiqi həyatı haqqında çox zəngin məlumatlar vardır.
Bildirilib ki, bu gün ölkəmizdə, o cümlədən muxtar respublikamızda da musiqi mədəniyyətimizin inkişafı istiqamətində həyata keçirilən tədbirlər uğurla davam etdirilir. Hər il musiqi məktəbləri üçün yeni binaların inşa olunması, konsert salonlarının təmir edilməsi, musiqi sahəsində çoxsaylı müsabiqə və festivalların keçirilməsi bunun əyani ifadəsidir.
Mühazirə başa çatdıqdan sonra tədbir iştirakçıları “Azərbaycan musiqisi” sənədli filminə baxıblar.

Əli RZAYEV

Muzey bələdçiləri üçün seminar-treninqlərin keçirilməsi davam etdirilir. Növbəti belə tədbir Naxçıvan şəhərindəki Xatirə Muzeyində olub.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən seminar-treninqdə nazirliyin Mədəni irs və muzey işi üzrə baş məsləhətçisi Qumral Məmiyeva “Muzey bələdçisinin davranış qaydaları” mövzusunda çıxış edərək bildirib ki, ötən ildən başlayaraq keçirilən seminar-treninqlər səmərəli olub. Belə tədbirlərin keçirilməsində əsas məqsəd muzeylərdə ekskursiya işinin təşkili ilə bağlı muzey bələdçilərinin nəzəri və praktik bilik səviyyəsini yüksəltmək, onların qədim diyarımızın bütün bölgələrində yerləşən muzeylərlə tanış olmasına şərait yaratmaqdır. Seminar-treninqlər muxtar respublikanın müxtəlif bölgələrindəki muzeylərdə də keçirilir.
Diqqətə çatdırılıb ki, bu gün muxtar respublikamıza gələn turistlərə qədim diyarımız haqqında ətraflı məlumat vermək üçün muzey bələdçisi daim öz üzərində çalışmalı, tariximizi və mədəniyyətimizi dərindən bilməlidir.
Sonra Xatirə Muzeyində muzey bələdçisinin təqdimatında Azərbaycan və ingilis dillərində ekspozisiyaya baxış olub.
Sonda ekskursiya mətni müzakirə edilib, muzey bələdçilərinə metodik tövsiyələr verilib.

Əli RZAYEV

Hər bir xalq özünün milli və mənəvi dəyərləri, adət-ənənələri ilə yaşayır və tanınır. Odur ki, bu sərvətlərin qorunub gələcək nəsillərə ərməğan olunması mühüm rol oynayır. Azərbaycan xalqı da tarixən qədim, eyni zamanda zəngin milli və mənəvi dəyərlərə malik olub. Bədii irsimizin daşıyıcısı olan xalq yaradıcılığı da əsrlər boyu formalaşıb və daha da inkişaf edərək bu günümüzə gəlib çatıb. 

Bu gün milli adət-ənənələrin qorunub saxlanılması ən vacib məsələlərdən biridir. Bu istiqamətdə muxtar respublikada da ardıcıl işlər görülüb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 2009-cu il 7 fevral tarixli Sərəncamı xalq yaradıcılığının öyrənilməsinə, onların geniş şəkildə təbliğinə əsaslı töhfədir. Sərəncamda adıçəkilən dekorativ-tətbiqi sənətin əsas növlərindən biri də zərgərlikdir. Qeyd edək ki, zərgərlik sənəti zəngin ənənəyə malikdir. Qədim dövrlərdən Azərbaycan zərgərlərinin yaratdıqları gözəl və nəfis sənət nümunələri dillərdə əzbər olub. Bədii gözəlliyi ilə seçilən milli zərgərlik nümunələri səyyahların, tacirlərin, şairlərin zövqünü oxşayıb.
Aparılan araşdırmalara əsasən demək olar ki, Azərbaycanda zərgərliyin tarixi eradan əvvəl II min­illiyə dayanır. Bunu müxtəlif bölgələrdən tapılmış arxeoloji qazıntılar da təsdiq edir. Tədqiqatçılar Azərbaycan zərgərlik sənətinin ilk mərhələsini Naxçıvan Muxtar Respublikasının Kültəpə yaşayış məntəqəsində və Gəncəçay vadisində aşkar olunmuş bəzək nümunələrində müşahidə etdiklərini bildirirlər.

Ardını oxu...

Bu bina haqqında nə bilirik?

Naxçıvan şəhərinin Heydər Əliyev prospekti ilə Təbriz küçəsinin kəsişdiyi yerdə – “Zaviyə” məhəlləsində tarixi-memarlıq abidəsi kimi tanınan Zaviyə-Mədrəsə binası əvvəllər məscid kimi fəaliyyət göstərib.
Məscid binasının zahiri memarlıq siması, plan quruluşu və özünəməxsus kompozisiyası onun XVII-XVIII əsrlərin zəngin memarlıq ənənələrinin məhsulu olduğunu göstərir. Binanın indiki interyer quruluşu böyük salondan, ona bitişik vestibüldən, ikimərtəbəli iki yardımçı otaqdan və dolama pilləkənləri olan minarədən ibarətdir. Salonun və digər tikililərin sferik günbəzləri dağıdıldığından XIX əsrin sonlarında düz xətti örtüklə əvəz edilib. Giriş qapısı qərb tərəfdəndir.
Ərəb dilində çoxmənalı söz kimi ibadətlə məşğul olmaq üçün tənha yer, təkiyə, hücrə, guşə, künc, bucaq mənasını daşıyan zaviyə həm də sufi təriqətinə mənsub məskən adlarından biridir. Övliya Çələbinin “Səyahətnamə”sində zaviyə “sufi dərvişlərin təbliğat evi” kimi göstərilib. Bir sıra fars mənbələrində isə zaviyə “müqəddəs yer” anlamında işlədilir.
Orta əsrlərdə Naxçıvanda mövcud olmuş bəzi təriqət tərəfdarları əsas məscidlərə getmir, özləri üçün ayrıca təkiyələr, zaviyələr tikərək orada yaşayır və zikrlə məşğul olurdular. Hürufi təriqətçiləri belə binaları xanəgah, bektaşi və nəqşibəndilər isə zaviyə adlandırıblar. Hürufilərin ideologiyası olan sufilik ittifaqı və qardaşlığı isə “dərviş ordenləri” adlanırdı. “Dərviş ordenləri”nin bektaşilik və nəqşibəndilik təriqətlərinin tərəfdarları həmin dövrdə Naxçıvanda daha geniş yayılmışdı. Onlar bir guşəyə çəkilib ibadətlə məşğul olmaq üçün zaviyənişin olur və tikdikləri günbəzin altındakı zikr yerlərinə “zaviyə” adı verirdilər. Ə.Salamzadə və K.Məmmədzadənin “Azərbaycan memarlığının Naxçıvan məktəbi abidələri” kitabının 203-cü səhifəsində oxuyuruq: “Bu tip xüsusi günbəzli tikintilər feodalizm dövrünün “zaviyə” və ya “təkiyə” adlandırılan dini müəssisələr qrupunu təmsil edirdi. Onlar dərviş təriqətinə mənsub olub, ömrünü ibadətə həsr etmiş dərvişlərin yaşayış binası olub”.

Ardını oxu...

Musiqi sənəti hər bir xalqın mədəniyyət tarixinin tərkib hissəsini təşkil edir. Bu sənətin kamala yetməsində başlıca rol oynayan musiqi alətlərinin yaranması da, təbii ki, çox qədim dövrlərə gedib çıxır. Musiqi alətləri ilk əvvəllər ibtidai formada olub, insan cəmiyyətinin sonrakı mərhələlərində mədəniyyətin, musiqi və ifaçılıq sənətinin inkişafı ilə əlaqədar böyük bir təkamül yolu keçib. Musiqi alətlərinin meydana gəlməsi ilə bağlı bir sıra fərziyyələr mövcuddur. Belə ehtimal olunur ki, ilk əvvəl onlar siqnal alətləri rolunu oynayıb, bu və ya digər dərəcədə ibtidai insanın əmək prosesi ilə bağlıdır. Lakin arxeoloji qazıntılar sübut edir ki, hələ insan cəmiyyətinin erkən inkişaf mərhələsində sırf estetik funksiyaları yerinə yetirən musiqi alətləri də mövcud olmuşdu. Bəzi musiqi alətlərimiz öz qədim forması ilə bu günümüzə gəlib çıxdığı halda, bəziləri inkişaf prosesi keçərək xeyli dəyişib. 

Musiqi alətlərini şərti olaraq xalq çalğı alətlərinə və professional musiqi alətlərinə ayırırlar. Bu məqalədə xalq çalğı alətləri haqqında danışacağıq. Onlar xalq tərəfindən hazırlanıb məişətdə, o cümlədən bayramlarda, toylarda, müxtəlif mərasimlərdə geniş işlədilir. Arxeoloji qazıntılar zamanı əldə olunmuş materiallar respublikamızın ərazisində çox qədimdən musiqi alətlərinin istifadə olunduğunu sübut edir. Azərbaycanın qədim musiqi alətləri haqqında məlumatlara orta əsr şairlərinin əsərlərində də rast gəlirik. Nizami Gəncəvinin məşhur “Xəmsə”sində musiqi yaradıcılığının ayrı-ayrı janrları, müxtəlif çalğı alətləri və ifaçılıq sənəti haqqında maraqlı fikirlər vardır. Onların bəziləri ilə yaxından tanış olaq.
Tar əsas Azərbaycan xalq çalğı alətlərindən biridir. Bu alətin xalq arasında geniş şöhrət qazanması milli musiqimizin zənginliyi, qədimliyi və musiqi sənətimizin klassik janrı olan muğamın varlığı ilə sıx bağlıdır. Xalq təfəkkürünün, arzu və istəklərinin poetik ifadəsi şəklində təzahür edən muğamlar inkişaf etdikcə, tar da təkmilləşərək və bugünkü səviyyəyə gəlib çıxıb.

Ardını oxu...

Tarixdən bizə məlum olduğu kimi, hələ orta əsrlərdən Ordubadda xəttatlar yaşayıb-yaradıblar. Xüsusilə XVI əsrdə bu sənət növü özünün daha yüksək inkişaf mərhələsinə çatıb. Səfəvilər dövründə məşhur xəttatlar olub ki, onlardan biri də Ətiq Ordubadidir.
Doğrudur, o dövrdə Ordubadda çox sayda xəttat olub. Ancaq Ətiq Ordubadi qədər sənətinin zirvəsində olan bir xəttatın adına tarix səhifələrində rast gəlinmir.
Həmin dövrdə bir çox xəttatlar yazılarını məscid divarlarında, gəc üzərində oyma şəklində işləyiblər. Sonralarsa parça və kağız üzərində yazıblar. Bundan başqa, ən çox zinət əşyaları – mis, qızıl, gümüş üzərində xəttatlıq ediblər.
Ordubad şəhər sakini Cabir Cabbarovla söhbət zamanı bildirdi ki, bölgədə bu cür xəttatlıq nümunələrinə çox rast gəlinir. Bunlar içərisində dahi şairimiz Nizami Gəncəvinin “Xəmsə”sini xüsusi qeyd etmək lazımdır. Bu kitabda xəttat nəstəliq xətt növü ilə əlyazma yaradıb və kitaba gözəl bədii tərtibat verib. Bu kitabı 1978-ci­ ildə mərhum Muxtar Rəsulov evlərini sökərkən divarın içərisindən tapıb və Azərbaycan Əlyazmaları Fonduna təhvil verib.

Ardını oxu...

Dulusçuluq qədim sənətkarlıq növü kimi xalqımızın məişətində mühüm yer tutub. Qədim dulusçuluq nümunələrinin tapıldığı yerlər arxeoloq alimlər tərəfindən oturaq həyatın və şəhər mədəniyyətinin məkanı kimi yüksək qiymətləndirilir. Muxtar respublikamızda da arxeoloji qazıntılar zamanı tapılan müxtəlif dulusçuluq nümunələri də sübut edir ki, bu sənət növü qədim dövrlərdən bəri Naxçıvanda yüksək səviyyədə inkişaf edib. Ona görə də xalqımızın tarixi keçmişini əks etdirən bu sənətin yaşadılması diqqət mərkəzində saxlanılır. 

Ardını oxu...

Bu günlərdə muxtar respublikamızda intellektual gələcəyimizin daha mükəmməl şəkildə formalaşdırılmasına hesablanmış mühüm bir addım atıldı. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə “Oxunması zəruri olan kitabların Siyahısı”nın təsdiq edilməsi təkcə muxtar respublikamızın deyil, ölkəmizin təhsil işçiləri, tanınmış ziyalıları tərəfindən alqışlarla qarşılandı. Hər kəs həmin siyahıda yer alan 30 kitabın hamısının mükəm­məl seçim olduğu qənaətini bölüşdü. Çünki bu kitablar gənc nəsildə vətənpərvərliyin, tarixə, milli köklərə bağlılığın formalaşdırılmasına əsaslı təsir göstərəcək ideoloji mənbələr rolunu oynayır, onların kənar təsirlərdən qorunması üçün dünyagörüşünü zənginləşdirir, dövlətə, dövlətçiliyə, Vətənə, xalqa bağlılıq hisslərini aşılayır. 

Kitab və mütaliənin təbliği bu gün xüsusi əhəmiyyət kəsb edən məsələlərdən biridir. Çünki bu məsələ uşaqların, yeniyetmə və gənclərin, ümumilikdə isə cəmiyyətimizin və dövlətimizin gələcəyi ilə bağlıdır. Ona görə də əhalinin bütün kateqoriyalarının kitabxanalara cəlb edilməsi işinə əhəmiyyət verilməklə yanaşı, əsas diqqət uşaq, yeniyetmə və gənclərin mütaliəsinə yönəldilir. Uşaq və yeniyetmələrin mütaliə xarakteri isə hər gün dəyişir: uşaqlar üçün kitabı müstəqil seçmək heç də həmişə asan olmur. Yəni mütaliəyə yeni başlayan istənilən oxucu bəzən özü də nə istədiyini, nə oxuyacağını bilmir. Təbii ki, əgər söhbət məktəb tapşırığından, konkret mövzu və ya artıq formalaşmış maraqdan gedirsə problem yaranmır. Lakin sərbəst oxu zamanı kitab seçimi asan olmur və mütəxəssis köməyinə ehtiyac yaranır. Bu mənada, hər hansı bir kitabın və ya kitabların tövsiyə olunması böyük əhəmiyyət kəsb edir.

Ardını oxu...

Naxçıvan Dövlət Xalça Muzeyində keçirilən görüşü giriş sözü ilə muxtar respublikanın mədəniyyət və turizm naziri Natəvan Qədimova açaraq bildirib ki, muzey işinin inkişaf etdirilməsində Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Sədrinin imzaladığı çoxsaylı sərəncamlar mühüm rol oynayıb. “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyul tarixli Sərəncamına əsasən təhsil müəssisələri ilə muzeylər arasında interaktiv əlaqələr təşkil olunur, məktəb muzey şəbəkələri vasitəsilə onlayn dərslər keçilir. Nazir “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 2015-ci il 27 iyul tarixli Sərəncamın icrası istiqamətində görülən işlərdə də danışıb. Qeyd edib ki, Ali Məclis Sədrinin muzeylərlə əlaqələrin gücləndirilməsi haqqında 2014-cü il 19 dekabr tarixli Sərəncamı muzeylərlə əlaqələrin qurulmasında mühüm rol oynayıb.
Diqqətə çatdırılıb ki, zəngin mədəni irsimizin qorunması və təbliği ilə bağlı görülən işlər ardıcıl olaraq həyata keçirilir. Bu sahədə muzeylərimizin zənginləşdirilməsi, maddi-mədəniyyət nümunələrinin toplanması işi də daim diqqətdə saxlanılır. Bu gün qədim diyarımızda sakinlər tərəfindən tariximizlə bağlı əşyaların muzeylərə təqdim edilməsi ənənəsi yaranır. Eksponatların təqdim edilməsi nəticəsində muzeylərimiz zənginləşir, həm də bu günə qədər gəlib çatmış qədim əşyalar muzeylərimizdə etibarlı şəkildə qorunur və nümayiş etdirilir. Keçən il muzeylərimizə 1500-ə, bu il isə 800-ə yaxın eksponat təqdim edilib.

Ardını oxu...

“Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksindən reportaj

Qədim Naxçıvan torpağı canlı təbiət muzeyi, görkəmli şəxsiyyətlərin vətəni, Nuh Peyğəmbərin ayağı dəyən torpaq, müqəddəs bir məkandır. Gəmiqaya ilə başlayan belə müqəddəslik ünvanlarını Naxçıvanın bir sıra yerlərində görmək olar. Onlardan biri və ən mühümü Əshabi-Kəhf ziyarətgahıdır. Naxçıvan şəhərindən 12-13 kilometr məsafədə yerləşən bu müqəddəs məkan inanclara görə, daha çox mənəvi təmizlənmə və Allaha yaxınlaşma yeridir. Aşağıdan yuxarıya doğru ziyarət edərək qalxan insan dünyəvi aləmdən ayrılır, sanki rəbbani məqama daxil olur, özünü bağışlanmışlardan sayır. 

Müqəddəs kitabımız “Qurani-Kərim”in “Əl-kəhf” (Mağara) surəsində bu ziyarətgahdan bəhs olunur. 18-ci surənin 7-ci ayəsində bu barədə deyilir: “Beləcə, (insanları) onları xəbərdar etdik ki, Allahın vədinin haqq olduğunu qiyamətin şübhə götürməz olduğunu bilsinlər... Üzərinə bir bina tikin. Rəbləri onları yaxşı bilir”.
Buraya naxçıvanlılarla yanaşı, həm ölkəmizin digər bölgələrindən, həm də xarici ölkələrdən ziyarətçilər gəlir. Çünki bu müqəddəs məkanın sorağı hər yerə yayılıb. Ürəyində niyyət tutub buraya gələnlər ziyarətgahdan ulu Tanrıya dua edə-edə qayıdıblar. Bu yerin müqəddəsliyini gözləri ilə görüblər.

Ardını oxu...

Avqustun 25-də Naxçıvan Dövlət Filarmoniyasında tanınmış müğənni, Azərbaycan Respublikasının Xalq artisti Əzizağa Məmmədovun 60 illik yubileyi münasibətilə tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova açaraq bildirib ki, qədim diyarımızda sənət adamlarına yüksək diqqət və qayğı göstərilir. Bu gün anadan olmasının 60 illiyini qeyd etdiyimiz Əzizağa Məmmədovun yubileyi də bu ənənələrin davam etdirilməsinin gözəl nümunəsidir.
Nazir Xalq artisti Əzizağa Məmmədovu 60 yaşının tamam olması münasibətilə təbrik edib, ona yaradıcı­lıq uğurları arzulayıb. Bildirilib ki, tanınmış müğənni həyatının 40 ilini musiqi mədəniyyətimizin inkişafına həsr edib. Erkən yaşlarından musiqiyə həvəsi onu Ordubad rayonunda fəaliyyət göstərən “Təravət” xalq çalğı alətləri ansamblına gətirib. Bir qədər burada çalışdıqdan sonra Naxçıvan şəhərinə gəlib. 1979-cu ildən Naxçıvan Dövlət Filarmoniyasının müğənnisi kimi fəaliyyət göstərib. Həyatını musiqiyə həsr edən istedadlı müğənni tez bir zamanda xalq və bəstəkar mahnılarını, təsniflərimizi özünəməxsus ifa etməklə tamaşaçı rəğbəti qazanıb. Onun repertuarındakı “Azərbaycan maralı”, “Sarı gəlin” və başqa onlarla xalq mahnısı bir sıra xarici ölkələrdə də səslənib və alqışlarla qarşılanıb. Müğənni xalq mahnı və təsniflərinin gözəl ifaçısı olmaqla yanaşı, həm də çoxsaylı bəstəkar mahnılarının ifaçısı kimi də tanınıb.

Ardını oxu...

Muxtar respublikada rəssamlıq sahəsində xüsusi istedada malik olan çox sayda gənc rəssam var. Bu gün onların əsərləri muxtar respublikada, eləcə də ölkə miqyaslı sərgilərdə uğurla nümayiş etdirilir. Bu əsərlər peşəkarlar, eləcə də həvəskar rəsmsevərlər tərəfindən maraqla qarşılanır.

Hazırda Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin üzvləri arasında gənc rəssamlar üstünlük təşkil edirlər. Bu da ondan irəli gəlir ki, son illərdə muxtar respublikada həyata keçirilən tədbirlər nəticəsində rəssamlıq sənəti inkişaf edib. Bu rəssamlar Bəhruz Kəngərli irsinin davamçıları kimi yaşayıb-yaradır, incəsənətin inkişafına öz töhfələrini verirlər. Onlar üçün emalatxanaların istifadəyə verilməsi, bu sahədə istedada malik olanların üzə çıxarılması muxtar respublika rəhbərinin böyük diqqət və qayğısı nəticəsində mümkün olub. Ötən müddətdə Naxçıvan Dövlət Universitetində və Naxçıvan Müəllimlər İnstitutunda Təsviri incəsənət müəllimliyi ixtisaslarının açılması gənc rəssamlar nəslinin yetişməsi və orta məktəblərdə təsviri incəsənət dərslərinin tədrisinin daha yaxşı aparılması üçün göstərilən böyük təşəbbüsdür.
Budəfəki yazımız sözügedən institutun yetirməsi olan Xədicə Əlizadə haqqındadır. Onun çəkdiyi şəkillərin emosional təsiri, özünəməxsusluğu elə ilk baxışdan nəzərə çarpır. ­­O, rəssamlıq sənəti ilə bağlı düşüncələrini bizimlə paylaşdı. Həmsöhbətimiz dedi ki, onda bu sənətə həvəs uşaqlıq illərində yaranıb, balaca yaşlarında baxdığı cizgi filmlərinin qəhrəmanlarını kağız üzərində tez-tez cızma-qara edib. Orta məktəbdə oxuduğu illərdə onun bacarığı özünü göstərməyə başlayıb. Beləcə, Xədicənin istedadı qısa müddət ərzində ona dərs deyən müəllimlərin də diqqətini çəkib. Məktəb illəri onun üçün bu sahədə daha uğurlu olub, rəsmxət müəllimindən ilk addımları atmağı öyrənib.

Ardını oxu...

Xalq yaradıcılığının əsas növlərindən biri olan tikmə qadınların min bir əziyyətlə, həvəslə ərsəyə gətirdiyi bir sənətdir. Bu sənət sayəsində saya üzərində rəngli saplarla xəyali təsvirlər yaradılıb, min bir çalarlı təbiət gözəlliyi əks etdirilib. Məhz buna görə də tikməni “lifli rəssamlıq” da adlandırırlar. Təsviri sənətdə olduğu kimi, tikmələr də müxtəlif növ və üsullara malikdir. Müxtəlif bədii vasitələrlə portret, mənzərə, natürmort və sair tablolar, ornamental əsərlər yaradılıb. Bu sənətin hikməti onun ecazkarlığında, açılmayan səhifələrindədir.

Bu günlərdə qonşuluqda yaşayan Fatma xalanı ziyarətə getmişdim. Ev sahibəsi çay süfrəsi arxasına keçməyim üçün çox təkid etdi. Elə bu vaxt stolun üstünə salınmış süfrə nəzərimi çəkdi. Gözlərimi süfrədən ayıra bilmədim. Bunu görən Fatma xala dedi ki, nə çox baxırsan, bala? Bu, mənim rəhmətlik nənəmdən anama qalıb. Anam da heç kimə qıymadığı bu zərifnaxışlı örtüyü mənə verib ki, yadigar qalsın. Hə bala, bu örtüyü əziz qonağım gələndə işlədirəm.
Bu zərif əl işinə olan heyranlığım məni Culfa Rayon Mədəniyyət və Turizm Şöbəsinin nəzdində fəaliyyət göstərən Gülüstan kənd mədəniyyət evinin bədii rəhbəri Aidə İbrahim­ovanın çalışdığı mədəniyyət müəssisəsinə gətirdi. Eşitmişdim ki, bu sənətlə məşğul olan qadınlar arasında Aidə xanımın öz yeri var. Onunla görüşüb həmsöhbət olduq:

Ardını oxu...

Muzey bələdçiləri üçün seminar-treninqlərin keçirilməsi davam etdirilir. Növbəti belə tədbir Heydər Əliyev Muzeyində olub.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən seminar-treninqdə nazirliyin Mədəni irs və muzey işi üzrə baş məsləhətçisi Qumral Məmiyeva “Muzey bələdçisinin davranış qaydaları” mövzusunda çıxış edərək bildirib ki, ötən ildən başlayaraq keçirilən muzey bələdçiləri üçün seminar-treninqlərin əsas məqsədi muzeylərdə ekskursiya işinin təşkili ilə bağlı muzey bələdçilərinin nəzəri və praktik bilik səviyyəsini yüksəltməkdir. Bu tədbirlər zamanı bələdçilər vəzifə funksiyalarını dərindən öyrənməyə səy göstərməklə yanaşı, muzey işi haqqında da ətraflı məlumat alıblar. Eyni zamanda seminar-treninqlər muzey işçilərinin qədim diyarımızın bütün bölgələrində yerləşən muzeylərlə tanış olmasına şərait yaratmaq baxımından da əhəmiyyətlidir.

Ardını oxu...

 Tarixin öyrənilməsində insanların yaşadığı dövrlərin təyin edilməsi, məişəti, istifadə etdikləri əmək alətləri haqqında məlumatlar,  arxeoloji abidələrin tədqiq olunması böyük əhəmiyyət kəsb edir. Ölkəmiz müstəqillik əldə etdikdən sonra bu sahəyə diqqət artırılmış, tariximizin elmi əsaslarla öyrənilməsinə qayğı ilə yanaşılmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin pasportlaşdırılması və qorunması işinin təşkili haqqında” imza­ladığı Sərəncama əsasən 1200-dən artıq tarix və mədəniyyət abidəsi qeydə alınmışdır ki, bunların da əksəriyyəti arxeoloji abidələrdir.
Ali Məclis Sədrinin “Ümummilli lider Heydər Əliyevin anadan olmasının 85 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Tədbirlər Planı”na uyğun olaraq 2008-ci ildə “Naxçıvan abidələri” ensiklopediyası nəşr edilmişdir. Həmin il AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin “Naxçıvanın arxeoloji abidələri” kitabı çapdan çıxmışdır.
Ötən doqquz il ərzində Vəli Baxşəliyevin rəhbərliyi ilə Naxçıvan-Fransa, Naxçıvan-ABŞ birgə arxeoloji ekspedisiyaları və digər arxeoloqlar tərəfindən muxtar respublika ərazisində və eləcə də Babək rayonunda arxeoloji tədqiqatlar aparılmış, bunların əsasında yeni elmi əsərlər yazılmışdır. Ötən dövr ərzində bir sıra yeni abidə aşkarlanmış, səthi baxış keçirilmiş, bunlardan Zirincli, Uzunoba, Yeniyol, Şorsu, Uçan ağıl abidələrində qazıntı işləri aparılmışdır. 2016-cı ildə aşkarlanan “Naxçıvan” abidəsində aparılan qazıntıların nəticəsi Naxçıvan tarixinə önəmli töhfə olmuşdur.

Ardını oxu...

Adil Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən yay mövsümündə dərslərindən geri qalan 30 şagird üçün “Yay oxu zalı” təşkil edilib. I-IV sinif şagirdləri üçün nəzərdə tutulan tədbirlərə iyul ayının 1-dən start verilib və şagirdlərin mütəmadi olaraq iştirakı təmin olunub. Şagirdlər həftədə iki dəfə olmaqla, “Yay oxu zalı”nda iştirak ediblər. Tədbir avqust ayının 25-də yekunlaşacaq. Bu müddət ərzində müəllimlər tərəfindən 100 ədəd dərslikdən istifadə etməklə biliklərin sirləri öyrədilib. Dərslər, əsasən, təcrübəli kitabxanaçılar tərəfindən tədris olunub. Yalnız ingilis dili və riyaziyyat fənlərini Heydər Əliyev adına və Naxçıvan şəhər 4 nömrəli tam orta məktəblərin müəllimləri tədris ediblər. Bu tədbirin təşkili həmin şagirdlərin valideynləri tərəfindən də minnətdarlıqla qarşılanıb.

Ardını oxu...

Azərbaycanın mədəniyyət mərkəzi olan Naxçıvan əsrlər boyu zəngin irsimizi qoruyub yaşadan, Şərq memarlığının möhtəşəmliyini, türk-islam mədəniyyəti nümunələrini özündə əks etdirən tarixi abidələri ilə zəngindir. Belə abidələrdən biri, tarixi VIII əsr bundan əvvələ söykənən, Əcəmi qüdrətinin ilk bəhrəsi olan Yusif Küseyir oğlu türbəsidir.
Türbənin ikiqat günbəz quruluşu zəmanəmizə qədər əvvəlki şəklini mühafizə edən və bu günümüzə qədər gəlib çatan yeganə günbəztipli abidə nümunəsidir. Ulu tariximizin şahidi olan bu qədim mədəniyyət abidəsi haqqında məlumat almaq üçün AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli ilə həmsöhbət olduq. O bildirdi ki, Naxçıvan-Marağa memarlıq məktəbinin və ümumilikdə, Azərbaycan memarlığının ən böyük nümayəndələrindən biri olan memar Əcəmi Naxçıvaninin əsəri olan bu abidə 1162-ci ildə tikilib. Bu haqda məlumat günbəzin yuxarı səthində yerləşən kitabədə qeyd olunub. Abidə yeraltı sərdabədən və yerüstü qülləvarı hissədən ibarətdir. Sərdabə yer altına salındığından türbə bayırdan birqatlı qüllə kimi görünür. Abidənin yerüstü hissəsi daxildən və xaricdən səkkizbucaqlı şəkildədir.
Türbənin qülləsi iç və bayır taxçalarla işləndiyindən qalın dayaqlar şəklində olan künc hissələr qəfəs quruluşuna bənzəyən konstruktiv sistem yaradır. Belə quruluş abidənin bayır görünüşünün vizual dayanıqlılığını da gücləndirir. Başlıca məsələ isə künc­lərin konstruktiv möhkəmliyi hesabına ara divarları o qədər də qalın olmayan tikilinin uzunömürlülüyünün təmin edilməsidir. Yüksək mühəndis həllinin nəticəsidir ki, Yusif Küseyir oğlu türbəsi Azərbaycanın qülləvarı türbələri içərisində üst piramidal örtüyü 800 ildən artıq bir müddətdə salamat qalan tək abidədir.

Ardını oxu...

Kəngərli Rayon Mədəniyyət Evində Naxçıvan Dövlət Film Fondu tərəfindən “Azərbaycan Kinosu Günü” layihəsi çərçivəsində 2015-ci ildə “Azərbaycanfilm” kinostudiyası tərəfindən istehsal olunmuş “Yarımçıq xatirələr” bədii filmi nümayiş etdirilib.
Filmin nümayişindən əvvəl Naxçıvan Dövlət Film Fondunun əməkdaşı Şənhəyat Səfərova çıxış edərək Azərbaycan kinosunun keçdiyi inkişaf yolundan danışıb və müstəqillik illərində çəkilmiş yeni bədii filmlər haqqında tamaşaçılara məlumat verib.
Bildirilib ki, ssenari müəllifləri Konstantin Vorobyov və Yavər Rzayev olan bu ekran əsəri müharibə mövzusundadır. Film 1941-ci ildə Brest qalasını faşistlərdən qəhrəmancasına qorumuş və 50 ildən sonra doğma Qarabağı erməni işğalçılarından müdafiə etməyə qalxmış bir əsgərin taleyindən bəhs edir.

Ardını oxu...

Muxtar respublikamızda xalq teatrlarının fəaliyyəti üçün lazımi şərait yaradılır. Artıq bir neçə rayonda fəaliyyət göstərən xalq teatrları regionun mədəni həyatında fəal çıxışları ilə diqqəti çəkir.
Bu günlərdə yolum Babək rayonuna düşmüşdü. Əsasən mədəniyyət sahəsilə bağlı yazılar hazırladığımdan burada da fəaliyyət göstərən mədəniyyət ocaqlarına baş çəkmək istədim, xalq teatrının işi ilə maraqlandım. Babək Rayon Mədəniyyət Evinin binasında yerləşən teatrın keçdiyi yolun tarixçəsi barədə bizi teatrın aktyoru, Azərbaycan Respublikasının Əməkdar artisti Vidadi Rəcəbli məlumatlandırdı:
– Azərbaycanda teatr sənətinin kökləri xalqın həyatı, məişəti, şənlik və toy ənənələri, həmçinin dünyagörüşü ilə bağlıdır. Mərasim, ayin və oyunlardakı tamaşa elementləri müstəqil xalq teatrının yaranmasında mühüm rol oynayıb. Xalq teatrının repertuarını müəyyən etik məzmunlu kiçik tamaşalar təşkil edib. Azərbaycan professional teatrının təşəkkülündə xalq teatrları əhəmiyyətli rol oynayıblar. Kökləri qədim zamanlara gedib çıxan teatr sənətinin tarixi Mirzə Fətəli Axundovun 1873-cü ilin mart və aprel aylarında Bakıda səhnəyə qoyulan “Lənkəran xanının vəziri” və “Hacı Qara” tamaşalarından başlanır.

Ardını oxu...

Azərbaycan xalqı özünün çoxəsrlik tarixi boyunca zəngin mədəniyyət yaradıb. Qədim xalq sənəti növlərindən biri də Mis dövründən qalma misgərlikdir.  Tarixi mənbələrə görə, miladdan əvvəl VI minillikdə mis əldə edildikdən sonra ondan müxtəlif əşyalar hazırlanıb. Bir sənət kimi onun təşəkkülü artıq orta əsrlərdə böyük şəhərlərin misgərlik mərkəzinə çevrilməsinə gətirib çıxarıb.

Qədim el sənəti bu gün də yaşadılır. Şərur rayon Oğlanqala kənd sakini Ramiz Məmməd­ov 25 ildən artıqdır ki, bu sənətlə məşğul olur. Ramiz usta onda uşaq vaxtlarından misgərliyə maraq yarandığını, atası və əmisinin də misgərliklə məşğul olduğunu deyir. Bədii döymə sənəti üzrə təhsil almış sənətkar, əsasən, məişət əşyaları üzərində işləyir.
Usta qeyd edir ki, kiminsə ürəkdən gələn istəyi, marağı yoxdursa, onun böyük səbir tələb edən bu sənəti öyrənməsi mümkün deyil. Misgərlər həm də incə, zərif zövqə malik olmalıdırlar. Alın təri tökmək hər sənətdə olduğu kimi, burada da vacib hesab edilir. Sözügedən mis qabların hazır­lanması üçün əmək və vaxt sərf edilir. Savad da misgərlikdə vacibdir. Xüsusən rəssamlıq, xəttatlıq və həndəsədən baş çıxarmaq lazımdır. İstifadə olunan material kimyəvi maddələrdən hazırlanır. Hətta vurulan naxışlar belə, müxtəlif həndəsi fiqurlar üzərində başa gəlir. Mis elə bir metaldır ki, o usta işi sevir. Usta əlində bu əlvan metal istənilən sənət nümunəsinə çevrilə bilər. Vaxt olub ki, mis bəzək əşyaları qadınlarımızın aksesuarları olub.

Ardını oxu...

Amerika Birləşmiş Ştatlarının Massachusetts ştatının Boston şəhərində yerləşən, mədəniyyətlər və xalqlar arasında güclü əlaqələr qurmaq naminə fəaliyyət göstərən “Vahid Planet” (www.unitedplanet.org) beynəlxalq qeyri-kommersiya təşkilatının təsisçisi və prezidenti David Santulli bu il avqustun 11-də övladları ilə birlikdə Naxçıvan Muxtar Respublikasında səfərdə olmuşdur. O, ölkəsinə qayıtdıqdan sonra “Naxçıvan –  Azərbaycan mədəniyyətinin paytaxtı” sərlövhəli məqalə yazaraq rəhbərlik etdiyi təşkilatın unitedplanet.org internet saytında yerləşdirmişdir. Həmin məqaləni oxuculara təqdim edirik. 

Ardını oxu...

Psixoloqların yeni tədqiqatlarının nəticələrinə görə, uşaqlar maraqlı oyun prosesində əldə etdikləri bilikləri daha yaxşı mənimsəyirlər. Söhbət təkcə akademik biliklərdən yox, həm də mənəvi-etik məsələlərdən gedir. Uşaqlar səhnədə personajlarla birgə həyəcan keçirərək rolları aktyorlarla birgə yaşayır və həyati vəziyyətlər onların şüurunda həkk olunur.
Bəli, kukla teatrı uşaqda həyati proqram formalaşdıran son dərəcə mühüm məfhumdur. Uşaqları kukla teatrına aparmaq, onlarla birgə getmək, baxılan tamaşaları mütləq müzakirə etmək çox vacibdir. Axı onlar gördüklərinə tənqidi yanaşa bilmirlər. Buna görə də böyüklər səhnədə baş verənlərə qiymət verərkən ehtiyatlı və təmkinli olmalıdırlar. Çünki uşaq böyüyün mövqeyini qavraya bilmir. Buna görə də ehtiyatsız olaraq deyilən söz uşağın səhnədəki sehrli aləm haqqında münasibətini dəyişə bilər.
Görkəmli maarifçi M.T.Sidqinin adını daşıyan Naxçıvan Dövlət Kukla Teatrı uşaqların ən çox üz tutduğu məkanlardandır. Teatrın kollektivi hər həftənin şənbə günü müxtəlif tamaşalarla uşaqların görüşünə gəlir, bir-birindən maraqlı səhnə əsərləri ilə onları sevindirə bilir.

Ardını oxu...

XIX əsrin sonu, XX əsrin əvvəlləri tarixə Azərbaycanda maarifçiliyin intibah dövrü kimi daxil olmuşdur. Həmin dövrdə qədim Naxçıvan diyarı da Azərbaycana çoxlu görkəmli şəxsiyyətlər, vətənpərvər övladlar bəxş etmişdir. Vətənini sevən, yaşadığı torpağa bağlı olan vətənpərvər övladlardan biri də Mirbağır Mirheydər oğlu Mirheydərzadə olmuşdur. Anadan olmasının 140 illiyi tamam olan bu maarifpərvər ziyalı mənalı həyatının  15 ilə yaxın bir dövrünü Naxçıvanda muzey quruculuğu işinə həsr etmişdir. 

Mirbağır Mirheydərzadə 1877-ci ildə Ordubad rayonunun Nürgüt kəndində yoxsul kəndli ailəsində anadan olmuşdur. Bir neçə il sonra onun ailəsi köçüb Naxçıvan şəhərinə gəlir. 1887-1896-cı illərdə Naxçıvan şəhər mədrəsəsində təhsil alan bu gənc 1899-cu ildə Təbriz ruhani məktəbində təhsilini başa vurur. Naxçıvanda münasib iş tapa bilmədiyindən Tiflisə gedən gənc Mirbağır burada inqilabi əhvali-ruhiyyəli adamlarla tanış olur və onlarla tez-tez görüşür.
XX əsrin ilk illərində Rusiyanın, Ukraynanın mərkəzi şəhərlərində, Bakıda, Tiflisdə və digər yerlərdə cərəyan edən ictimai-siyasi prosesləri diqqətlə izləyən Mirbağır Mirheydərzadə yavaş-yavaş ruhanilikdən uzaqlaşaraq siyasətlə məşğul olur, bu fəaliyyətinə görə dəfələrlə təqiblərə məruz qalır, həbsxanaya salınır.

Ardını oxu...

Bu ilin avqust ayından başlayaraq Azərbaycan-Fransa beynəlxalq arxeoloji ekspedisiyası AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev və Katerina Marronun rəhbərliyi ilə növbəti arxeoloji araşdırmalara başlayıb. Arxeoloji ekspedisiyanın əsas məqsədi qədim əkinçilik mədəniyyətlərinin formalaşması prosesini və insanların ətraf aləmlə tanışlığını öyrənmək, iqtisadi-mədəni əlaqələrin istiqamətini müəyyənləşdirməkdən ibarətdir.
Xatırladaq ki, tədqiqatların aparıldığı ilk günlərdə Eneolit dövrünün erkən mərhələsinə aid yaşayış yeri aşkar edilib. Bu, elmi ictimaiyyətin böyük marağına səbəb olub. Yaşayış yerinin keramika məmulatları arasında boyalı qablar da vardır. Maddi-mədəniyyət nümunələri ­ölkəmizin qədim sakinlərinin Yaxın Şərq ölkələri ilə əlaqələrini öyrənməyə, Eneolit dövrünün ardıcıl inkişaf mərhələlərini müəyyənləşdirməyə imkan verir.
Tədqiqat zamanı aşkar olunan maddi-mədəniyyət nümunələrinin bir qismi obsidian alətlərdən ibarətdir. Hazırda araşdırmalar davam etdirilməkdədir. Aşkar edilən maddi-mədəniyyət nümunələri Azərbaycan, Fransa, Almaniya, İtaliya, Türkiyə, Macarıstan və Avstraliyadan gələn mütəxəssislər tərəfindən tədqiq edilməkdədir.

Xəbərlər şöbəsi

Azərbaycan folklorundakı uşaq oyunları uşaqların fiziki və əqli inkişafında böyük rol oynamaqla yanaşı, həm də onlara bir çox müsbət keyfiyyətlər, gözəl vərdişlər aşılayır. Uşaq folkloru ayrıca bir istiqamət kimi müxtəlif alimlər tərəfindən toplanmış, bu və ya digər dərəcədə tədqiq və nəşr olunmuşdur. 

Çox uzaq keçmişi əhatə etməyən zaman kəsiyində sürətli şəkildə elektronlaşma, elektrotexnikanın inkişafı, kompüterin, internetin hər evə ayaq açması, hətta “ciblərdə məskən salması” folklorun bu tərəfinə ciddi zərbə vurdu. Əvvəllər folklorumuzda yer alan düzgülər, sanamalar, deyimlər kimi folklor janrlarıyla zəngin oyunlara maraq üstünlük təşkil edirdisə, təəssüflə etiraf etməliyik ki, bu gün həmin oyunları kompüterlərin, yaxud telefonların yaddaşındakı oyunlar əvəz edib. Xüsusilə də folklorun geniş şəkildə qorunub yaşadıldığı kəndlərdə belə, artıq uşaq oyunları sıradan çıxmaq üzrədir.
Elə buna görə də bu gün folklorşünaslıq elmi mənafeyindən uşaq oyunlarının yenidən tədqiqi və təbliğinə böyük ehtiyac duyulduğunu diqqətə çatdırmaq istədik və belə bir mövzu üzərində iş aparmağa çalışdıq.
Ölkəmizdə uşaq oyunlarının geniş arealda yayıldığı, oynanıldığı, öyrənildiyi yerlərdən biri də Naxçıvandır. Muxtar respublikanın hər bir bölgəsində uşaqların repertuarında folklordan gələn uşaq oyunlarının böyük yeri var idi. Lakin bu gün yuxarıda da qeyd etdiyimiz kimi, bu folklor nümunələrimiz müasir texnologiyanın təsiri altında əzilir. Bəs nə etməli?
Burda bir haşiyə çıxıb qeyd etmək istərdik ki, Naxçıvanda qədim uşaq oyunları ilə yanaşı, sonralar meydana gələrək oynanılan oyunlar da kifayət qədərdir. Bu gün unudulmaqda olan həmin oyunların muxtar respublikanın özündə də regionlara görə seçildiyini müşahidə etmək mümkündür. Naxçıvanda onlarla uşaq oyununun adını qeyd edə bilərik. Bu barədə üçcildlik “Naxçıvan folklor antologiyası”nda da bəzi materiallar yer alıb.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyi tərəfindən 12 avqust – Beynəlxalq Gənclər Günü ilə bağlı gənclərin muzeylərə gəzintiləri təşkil olunub.
Gənclər və İdman Nazirliyinin əməkdaşı Tahir Məmmədli deyib ki, gəzintinin təşkil olunmasında məqsəd gənclərin asudə vaxtlarının səmərəli təşkili, tarixi abidələr və muzeylərlə daha yaxından tanış olması, tariximizin unudulmaması və gələcək nəsillərə çatdırılmasıdır. O bildirib ki, 12 avqust tarixinin Beynəlxalq Gənclər Günü kimi qeyd olunması 1998-ci il avqustun 8-dən 12-dək Lissabonda gənclərlə iş üzrə nazirlərin iştirakı ilə keçirilən beynəlxalq konfransda qərara alınıb. Həmin gündən etibarən bu gün Azərbaycanda da Beynəlxalq Gənc­lər Günü kimi qeyd olunur.
Daha sonra ekskursiya iştirakçıları Heydər Əliyev Muzeyini ziyarət ediblər. Burada muzeyin direktoru Ramil Orucəliyev onlara muzey haqqında ətraflı məlumat verib, gənclər muzeydəki eksponatlarla tanış olublar. Həmçinin idmançılar Xalça Muzeyini və Ədəbiyyat Muzeyini də ziyarət edib, orada nümayiş olunan eksponatlara da baxıblar.
Gəzintidə 30 nəfər gənc iştirak edib.

Ceyhun MƏMMƏDOV

Adil Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən şəhərimizdəki Təbriz küçəsində yerləşən 1 nömrəli yaşayış binasının həyətində balaca oxucular üçün mütaliə günü təşkil edilib. Tədbir Azərbaycanın Xalq şairi Mirvarid Dilbazinin anadan olmasının 100 illiyi münasibətilə keçirilib.
Kitabxananın direktor müavini Kəmalə Ağayeva, əməkdaşı Mehriban Seyidova Mirvarid Dilbazinin zəngin poeziya dünyası haqqında uşaqlara məlumat veriblər. Bildirilib ki, tanınmış Xalq şairimizin əsərləri bu gün də sevilə-sevilə oxunur. Şair həm də gözəl tərcüməçi kimi tanınıb.
Vurğulanıb ki, Mirvarid Dilbazi 1912-ci il avqustun 19-da Qazax rayonunda dünyaya gəlib. Şairin “Qadınların hürriyyəti” adlı ilk şeiri 1927-ci ildə nəşr olunub. Şairənin müxtəlif illərdə çapdan çıxan “Bizim səsimiz”, “Vətən eşqi”, “Sənətkarın xəyalı”, “Xatirələr olan yerdə”, “Həyat lövhələri” və başqa kitablarında xalqımızın tarixi və müqəddəs dəyərləri, xalqa bağlılıq duyğuları böyük məhəbbətlə tərənnüm edilir.
Sonda Xalq şairinin kitablarından ibarət, eyni zamanda kitabxanaya yeni daxil olmuş 250-dən çox kitabın nümayiş etdirildiyi sərgiyə baxış olub.

Əli Rzayev

Rəssamlar təkcə rəsm əsərləri çəkən insanlar deyil, onlar həyatdakı hər görüntüdə belə, bir gözəllik axtaran, bu gözəlliyi yeddi rəngin harmoniyası ilə kətana köçürən sənətkarlardır. Haqqında söhbət açacağım Azərbaycan Respublikasının Əməkdar rəssamı Telman Abdinov da belə rəssamlardandır.

Telman Abdinov muxtar respublikanın dilbər guşələrindən olan Şahbuz rayonunun Külüs kəndində dünyaya göz açıb. Orada orta təhsil alıb. Onunla söhbət əsnasında bu sənətə olan həvəsinin təsadüfən yaranmadığını öyrəndim. Telman Abdinovun dediklərindən: “Nənəm Şərəbanı gözəl xalça toxuyan olub. Hələ uşaq vaxtlarımdan onun ilmələrə vurduğu rənglərə böyük maraqla baxar, vaxtımın necə gəlib keçdiyini bilməzdim. Rəssamlıq sənətinə də həvəsim elə o vaxtlardan yarandı. Orta məktəbdə oxuyarkən təsadüfən dünya şöhrətli rəssam Mikayıl Abdullayevin əsərlərindən ibarət nəfis şəkildə tərtib olunmuş bir kitab-albom əlimə keçdi. Kitabı vərəqlədim. Adi kibrit qutusu elə canlı verilmişdi ki, rəsmə baxan adam əlini atıb sanki onu götürmək istəyirdi. Bu, mənim hələ o vaxt başa düşə bilmədiyim rəssam təfəkkürünün cansız fırça ilə ərsəyə gətirdiyi həqiqət idi”.

Ardını oxu...

Muzey bələdçiləri üçün seminar-treninqlərin keçirilməsi davam etdirilir. Növbəti belə tədbir Naxçıvan şəhərindəki Hüseyn Cavidin ev-muzeyi və Xatirə Kompleksində olub.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən seminar-treninqdə nazirliyin əməkdaşı Qumral Məmiyeva “Muzey bələdçisinin davranış qaydaları” mövzusunda çıxış edərək bildirib ki, ötən il muxtar respublikanın muzey şəbəkələri üçün 11 belə tədbir təşkil olunub. Bugünkü tədbirimiz 2017-ci ildə keçirilən on üçüncü seminar-treninqdir. Muzey bələdçiləri üçün seminar-treninqlərin keçirilməsində əsas məqsəd muzeylərdə ekskursiya işinin təşkili ilə bağlı mövcud nöqsan və çatışmazlıqları aradan qaldırmaq, muzey bələdçilərinin nəzəri və praktik bilik səviyyəsini yüksəltməkdir.

Ardını oxu...

Görkəmli sərkərdənin adını daşıyan muzey onun şərəfli ömür yolunu əks etdirir

Yurdumuzun şanlı tarixinə adını qızıl hərflərlə yazmış elə nəsillər, sərkərdələr olub ki, onlar öz mərdliyi, igidliyi ilə vətənimizin müstəqilliyinə, ərazi bütövlüyünə misilsiz töhfələr veriblər. Hələ ötən əsrin 20-30-cu illərində milli hərbi kadrların yetişdirilməsində, vətənimizin müdafiə qüdrətinin möhkəmləndirilməsində xüsusilə sərkərdələrimizin danılmaz xidmətləri olub. Azərbaycanın hərb tarixində görkəmli rol oynamış belə sərkərdələrdən biri də Cəmşid Naxçıvanskidir. O, milli  hərb tariximizə 6 general bəxş edən Kəngərli nəslindəndir. Bu tayfadan yetişən yüksəkrütbəli hərbi xadimlər – Ehsan xan, Kalbalı xan, İsmayıl xan, Hüseyn xan, Cəfərqulu xan Cəmşid Naxçıvanskinin həyatında mühüm rol oynayıb.

10 avqust 1895-ci ildə Naxçıvan şəhərində dünyaya göz açan Cəmşid Naxçıvanski 43 illik ömrünün 26 ilini hərb sənətinə həsr edib. O, bu sənətə sıravi əsgər kimi gəlsə də, igidliyi, sədaqəti, qəhrəmanlığı və şücaəti sayəsində general kimi böyük rütbəyə yüksəlməyə nail olub. Hərb sənətinin inkişafında və kadr hazırlığı sahəsində mühüm rol oynayan sərkərdə fəaliyyətlərinə görə dəfələrlə mükafatlandırılıb. Misilsiz xidmətlərinə, böyük şücaətlərinə baxmayaraq, ötən əsrin 30-cu illərinin repressiyası Azərbaycanın digər görkəmli nümayəndələri kimi, böyük sərkərdə Cəmşid Naxçıvanskidən də yan keçməyib. 1938-ci il avqustun 26-sı görkəmli hərbi xadim Cəmşid Naxçıvanski ağır repressiyaya məruz qalıb və totalitarizmin qurbanına çevrilib.

Ardını oxu...

Azərbaycan dili dünyanın qədim dil ailəsinə – türk dilləri qrupuna daxildir. Bu dil dünyanın elə bir dilidir ki, onu bilmək, o dildə danışmaq çox böyük şərəf və qürurdur. Ümummilli liderimiz Heydər Əliyev ana dilimiz haqqında deyirdi: “Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm”.

Ana dilinin bütün fənlərlə geniş əlaqə imkanları vardır. Orta və ali məktəblərdə tədris olunan fənlərin hamısı öz “qidasını”, əsasən, ana dilindən alır. Burada konkret olaraq Azərbaycan dili dərslərində xalq mahnılarımızdan, xalq musiqisindən istifadə və onun əhəmiyyəti haqqında bəzi fikirlərimizi oxucularla bölüşmək istəyirəm.
Ana dili bütün fənlərin ilk rüşeymi, digər dilləri öyrənməyin kökü və mənbəyidir. Ona görə də ayrı-ayrı elm sahələri nə qədər inkişaf etsə də, onların hamısının kökü ana dili adlı şəffaf dəryanın suyu ilə qidalanır.
Ana dilinin şirinlik və həzinliyini, gözəllik və zənginliyini özündə yaşadan incilərimizdən biri də xalq mahnılarımızdır. Sözlərinin şirinliyi, saflığı, təbiiliyi ilə ürək oxşayan bu mahnılar həzinliyi, həlimliyi ilə insanı ovsunlayır, dilimizin saf mayasından yoğrulmuş gözəlliyi ilə insanı heyran edir.
Xalq mahnılarının heyranedici mətnlərin sözlərindən və musiqisindən Azərbaycan dili dərslərində geniş şəkildə istifadə etmək imkanları çoxdur. Məsələn, fonetikanın tədrisində səslərin əmələ gəlməsi, onların formalaşdırılmasında danışıq üzvlərinin rolu, səslərin uzun və qısa tələffüzü, vurğu, səsin ahəngi, tonu, danışıq səslərinin digər səslərlə oxşar və fərqli əlamətləri öyrədilərkən xalq mahnılarından geniş istifadə etmək imkanları vardır. Belə ki, fonetika üzrə biliklərin möhkəmləndirilməsi zamanı üzərində iş aparılacaq xalq mahnılarından biri ustad müğənninin ifasında səsləndirilir. Şagirdlərə əvvəlcədən kollektiv və ya fərdi tapşırıqlar verilir. Məsələn, səslənəcək xalq mahnısında saitləri uzun tələffüz ediləcək sözlərin yazılması, nəqəratda hər misrada neçə hecanın olduğunun müəyyənləşdirilməsi, tələffüzü yazılışından fərqlənən sözlərin qeyd edilməsi, qoşadodaq samitlərin işləndiyi sözlərdən bir neçəsinin yazılması tapşırılır.

Ardını oxu...

Culfa Rayon Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi və Yeni Azərbaycan Partiyası Culfa Rayon Təşkilatı Gənclər Birliyinin birgə təşkilatçılığı ilə rayonda fəaliyyət göstərən yeniyetmə cüdoçu idmançıların “Gülüstan” Tarix-Mədəniyyət Qoruğuna yürüşü təşkil edilib.
Rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Elçin Cəfərov çıxış edərək keçirilən tədbirin mahiyyətindən, yeniyetmə və gənc­lərə göstərilən diqqət və qayğıdan, yay tətilinin səmərəli keçirilməsi məqsədilə təşkil olunan bu kimi tədbirlərin mahiyyətindən danışıb.
Sonra “Gülüstan” Tarix-Mədəniyyət Qoruğunun nəzarətçisi Zemfira Səfərova iştirakçılara Gülüstan türbəsi, buradakı muzey, Gülüstan kəndinin tarixi, etno­qrafiyası haqda məlumat verib.
Sonda yeniyetmələri maraqlandıran suallar cavablandırılıb.

 Ceyhun MƏMMƏDOV

Azərbaycan kino sənəti əlamətdar hadisələrlə zəngin özünəməxsus inkişaf yolu keçmiş və xalqımızın mədəni-mənəvi həyatında mühüm rol oynamışdır. Ölkəmizdə onun yaranma tarixi XIX əsrdən etibarən cərəyan edən maarifçilik hərəkatının, dünyəvi teatrın və mətbuatın inkişafı ilə sıx bağlıdır.
Bu gün isə bir çox istiqamətlərdə inkişaf edən ölkəmiz kino sahəsində də öz uğurlu addımlarını atır. Yeni filmlər çəkilir, onlar geniş tamaşaçı auditoriyasına təqdim edilir. Bəs bu filmlər muxtar respublikamızda necə nümayiş olunur? Filmlərimizin təbliği sahəsində hansı işlər görülür? Suallarımıza cavab almaq üçün Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Naxçıvan Dövlət Film Fondunun direktoru Mirakif Seyidovla həmsöhbət olduq. O dedi:
– 2000-ci ilin yanvar ayında Azərbaycan Dövlət Film Fondunun Naxçıvan filialı kimi yaradılan müəssisə 2006-cı ildən Mədəniyyət və Turizm Nazirliyinin nəzdində Naxçıvan Dövlət Film Fondu kimi müstəqil şəkildə fəaliyyət göstərir. Fondda 4700-dən artıq film qorunur ki, bunlar da elmi-kütləvi, dublyaj, qısametrajlı, sənədli, bədii, uşaq, cizgi və sair olmaqla, müxtəlif janrlarda çəkilən filmlərdir.
Naxçıvan Dövlət Film Fondu milli kinomuzun təbliğatı işi ilə də məşğul olur. Belə ki, ötən ildən fondun nəzdində Naxçıvan Kino Klubu yaradılıb ki, bu klub vasitəsilə istedad­lı gənclər üzə çıxarılır və onlar düzgün istiqamətləndirilir. Klubda teatr-sənət sahəsindən olan şəxslər toplanıb.

Ardını oxu...

İnsan övladının əl əməyi bütün dövrlərdə əvəzsiz rol oynayıb, xüsusən də qədim el sənəti kimi formalaşaraq bu günümüzədək yol gələn dəmirçilik kənd təsərrüfatı işlərində mühüm əhəmiyyətə malik olub. Dəmirçi nağıl və dastanlarımızda da baş qəhrəmanlara öz müsbət ideyalarını gerçəkləşdirməkdə yardımçı olan müsbət obraz kimi təsvir edilib.
Dəmirçilik, adından da məlum olduğu kimi, Daş dövründən sonra meydana gəlmiş bir sənətdir. Dəmirçi isə bu qədim el və xalq sənətini qoruyub bu günümüzə gətirib çatdıran, zindan üzərində, qolunun gücünə dəmiri “yoğuraraq” müxtəlif formalara salan, ən ağır əmək sərf edən sənət sahibidir. Onun əsas materialları dəmir, çuqun, mis, qalay və digər əlvan metallardır ki, respublikamız da bu təbii sərvətlərlə olduqca zəngindir. Dəmirçi xammalı əridərək qəlibə tökür. Əlbəttə, metalın əridilərək müxtəlif detallara çevrilməsi yalnız bu yolla mümkün deyil. Dəmirçilər əridilərək soyudulmuş metalları dartmaq, burmaq, döymək və naxışlamaq kimi böyük fiziki güc tələb edən işləri də görürlər. Ona görə də onları pəhləvanlarla müqayisə etmək mümkündür.

Ardını oxu...

Naxçıvan teatr sənətinin inkişafına böyük töhfələr verən, yaratdığı maraqlı, dolğun rolları ilə tamaşaçı sevgisi qazanan aktyorlardan biri də Azərbaycan Respublikasının Xalq artisti Şirzad Abutalıbovdur. O, hələ kiçik yaşlarından teatra maraq göstərib. Səhnə onun üçün əlçatmaz zirvə, sirlərlə dolu bir məkan idi. Zaman keçdikcə özü də bu məkanın sakini oldu.

Şirzad Abutalıbovun teatra, aktyorluğa marağını görən Azərbaycanın Xalq artisti Tofiq Mövləvi onu həvəskarlardan ibarət dram dərnəyinə üzv yazdırır. Dram dərnəyində ilk dəfə Cəfər Cabbarlının “Solğun çiçəklər” və “Vəfalı Səriyyə, yaxud göz yaşı içində gülüş” əsəri əsasında hazırlanmış tamaşalarda fərqli obrazlar yaradır. Sonra o, təhsilini Azərbaycan Dövlət İncəsənət İnstitutunda davam etdirir. Təhsilini başa vurub yenidən doğma teatra qayıdır.
58 yaşlı aktyor ömrünün 43 ilini səhnə fəaliyyətinə həsr edib, yerli və dünya dramaturqlarının əsərlərində yaddaqalan obrazlar yaradıb. Sənət aləmində özünü təsdiqləyən aktyor pedaqoji fəaliyyətlə də məşğuldur. O, teatrda çalışmaqla bərabər, Naxçıvan Musiqi Kollecində səhnə danışığı fənnindən də dərs deyir.

Ardını oxu...

Azərbaycanın məşhur kəndlərinin birindən reportaj (I yazı)

...Bu evi kəndin o zaman ən varlı adamlarından olan Hacı Məhəmməd tikdirib. Onun Arazın üstündəki körpünün yanında dükanı vardı. İrandan mal gətirib satardı. O dövrdə bu cür 6-7 otaqlı, ikimərtəbəli belə mülk tikdirmək hər kəsin işi deyildi. Bu binanın qarşı tərəfində də 4-5 otaqlı bir ev tikdirmişdi. Ancaq sonradan həmin evin otaqlarını sökdülər. 20 sota yaxın ərazisi var bu həyətin. Görürsünüz də, binanın fasadındakı “prikaz” mətni, rusca hərbi şüarlar sovet əsgərlərindən qalma yadigarlardır. Evin birinci giriş qapısı üzərindəki daş kitabədə oyularaq həkk olunmuş beşguşəli ulduz, “1909” və ərəb qrafikası ilə əski əlifbaya uyğun hərflərlə sözlər yazılıb. Tərcüməsini bilmirəm, indiyə qədər bura baxanlar çox olub. Ancaq onu bilirəm ki, bu ikimərtəbəli ev 1901-ci ildə tikilib. İkinci mərtəbəyə qalxan pilləkənlər də böyük sal daşlardan yonularaq düzəldilib. Ağsaqqallarımız belə rəvayət edirlər ki, burada o dövrdə dəmir yolunun tikintisində çalışan yunanlar işləyiblər. Hacı Məhəmməd onlara yaxşı pul verirmiş, yerli adamlardan da işləyənlər varmış. Allah sovetlərin evini yıxsın, heç qoymadılar Hacı bu evdə rahat yaşasın. Sovet hakimiyyəti qurulandan sonra bu binanı rus hərbçilərinin yerləşdirildiyi komendaturaya çevirdilər (bəzi məlumatlara görə isə II Dünya müharibəsi dövründə sovet qoşunlarının İrana dislokasiya olunmuş hissələri müvəqqəti burada yerləşdirilib). Hacını isə evini tərk etməyə məcbur etdilər. Müharibədən sonrakı dövrlərdə bu ikimərtəbəli ev gah dövlət idarəsi, gah da uşaq bağçası kimi istifadə olundu. Nəhayət, 1975-ci ildə Hacı Məhəmmədin oğlu bu ata mülkünü bizə satdı. Biz isə burada 2004-cü ilə qədər yaşadıq. İndi isə gördüyünüz kimi heç kim yaşamır...

Ardını oxu...

 

 

 

El-el gəzib, dildən-dilə düşüb, könüllərə su səpib, ruhu qanadlandırıb, elimizdə, ulusumuzda yaranan mahnı-oyunlar. Qanad açıb, işıq saçıb, yer üzünə səs-soraq salan bu mahnıların hər birinin öz rəngi, öz ahəngi var. Hər kəlməsi ürəklər fəth edən, könüllər oxşayan həmin mahnı-oyunlar dildə-dodaqda gəzib, sazda-sözdə ötüb, nəğmə olub dilləri bəzəyib: 

Arazda seçim gördüm,
Çəkdikcə üzüm gördüm.
Elə nəğmə oxudum,
Sözlərin gücün gördüm.

Mahnı-oyunlarımız el sorağı, məclislər yaraşığıdır. Hicrandır, vüsaldır, qəmə qəmxardır, sevincə yardır. Gülümeylər isə bu mahnı-oyunların yaraşığıdır.

Əzizinəm sırası,
Ürəyimin parası
Baxanı heyran qoyar
Bizim gülümey havası.

Söz ki gülümeylərdən düşdü, elə Kəngərli obasına məxsus olan “Gülümey” mahnı-oyunundan bəhs edək. Buna “dilyallısı” da deyirlər. “Gülümey”in, adətən, 12 nəfər qızdan ibarət üzvü olur. Əvvəl həzin nağara ritminin sədaları altında əsas hissəni ifa edən qız milli geyimdə ortaya çıxır və: “Ay qızlar, ay qızlar, gülümeyə gəlin, gülümeyə”, – deyə qızları gülümeyə çağırır.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR