23 Dekabr 2024, Bazar ertəsi

Tarixdən bizə məlum olduğu kimi, hələ orta əsrlərdən Ordubadda xəttatlar yaşayıb-yaradıblar. Xüsusilə XVI əsrdə bu sənət növü özünün daha yüksək inkişaf mərhələsinə çatıb. Səfəvilər dövründə məşhur xəttatlar olub ki, onlardan biri də Ətiq Ordubadidir.
Doğrudur, o dövrdə Ordubadda çox sayda xəttat olub. Ancaq Ətiq Ordubadi qədər sənətinin zirvəsində olan bir xəttatın adına tarix səhifələrində rast gəlinmir.
Həmin dövrdə bir çox xəttatlar yazılarını məscid divarlarında, gəc üzərində oyma şəklində işləyiblər. Sonralarsa parça və kağız üzərində yazıblar. Bundan başqa, ən çox zinət əşyaları – mis, qızıl, gümüş üzərində xəttatlıq ediblər.
Ordubad şəhər sakini Cabir Cabbarovla söhbət zamanı bildirdi ki, bölgədə bu cür xəttatlıq nümunələrinə çox rast gəlinir. Bunlar içərisində dahi şairimiz Nizami Gəncəvinin “Xəmsə”sini xüsusi qeyd etmək lazımdır. Bu kitabda xəttat nəstəliq xətt növü ilə əlyazma yaradıb və kitaba gözəl bədii tərtibat verib. Bu kitabı 1978-ci­ ildə mərhum Muxtar Rəsulov evlərini sökərkən divarın içərisindən tapıb və Azərbaycan Əlyazmaları Fonduna təhvil verib.

Həm əlyazmalar şəklində, həm də daşbasma formasında olan bir çox kitablar məhv edilib. Ətiq Ordubadinin xəttatlıq nümunələri Ordubadda qalmasa da, Yaxın Şərq ölkələrində üç yüz ildən artıqdır ki, tanınır. Hələ Osmanlı imperiyası dövründə onun “Tuğra” formasında yazdığı “Qurani-Kərim”in ilk ayəsi “Bismillahir Rəhmanir Rəhim” İstanbulda kəsilən qızıl onluq pulların üzərində qabartma şəklində dörd yüz ilə yaxın bir müddətdə zərb olunub və dünyanın hər yerinə yayılıb. Ondan sonrakı dövrdən bu günə qədər hələ də Türkiyədə, İranda çap olunan kitabların başlıqlarında bu yazı forması işlədilir. Hətta dekorativ məmulatların üzərində də Ətiq Ordubadinin bu yazı forması verilir. Demək olar ki, “Tuğra” formasının ən gözəl şəklini də məhz Ətiq Ordubadi yaradıb.

 Səbuhi HÜSEYNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR