23 Dekabr 2024, Bazar ertəsi

Azərbaycan folklorundakı uşaq oyunları uşaqların fiziki və əqli inkişafında böyük rol oynamaqla yanaşı, həm də onlara bir çox müsbət keyfiyyətlər, gözəl vərdişlər aşılayır. Uşaq folkloru ayrıca bir istiqamət kimi müxtəlif alimlər tərəfindən toplanmış, bu və ya digər dərəcədə tədqiq və nəşr olunmuşdur. 

Çox uzaq keçmişi əhatə etməyən zaman kəsiyində sürətli şəkildə elektronlaşma, elektrotexnikanın inkişafı, kompüterin, internetin hər evə ayaq açması, hətta “ciblərdə məskən salması” folklorun bu tərəfinə ciddi zərbə vurdu. Əvvəllər folklorumuzda yer alan düzgülər, sanamalar, deyimlər kimi folklor janrlarıyla zəngin oyunlara maraq üstünlük təşkil edirdisə, təəssüflə etiraf etməliyik ki, bu gün həmin oyunları kompüterlərin, yaxud telefonların yaddaşındakı oyunlar əvəz edib. Xüsusilə də folklorun geniş şəkildə qorunub yaşadıldığı kəndlərdə belə, artıq uşaq oyunları sıradan çıxmaq üzrədir.
Elə buna görə də bu gün folklorşünaslıq elmi mənafeyindən uşaq oyunlarının yenidən tədqiqi və təbliğinə böyük ehtiyac duyulduğunu diqqətə çatdırmaq istədik və belə bir mövzu üzərində iş aparmağa çalışdıq.
Ölkəmizdə uşaq oyunlarının geniş arealda yayıldığı, oynanıldığı, öyrənildiyi yerlərdən biri də Naxçıvandır. Muxtar respublikanın hər bir bölgəsində uşaqların repertuarında folklordan gələn uşaq oyunlarının böyük yeri var idi. Lakin bu gün yuxarıda da qeyd etdiyimiz kimi, bu folklor nümunələrimiz müasir texnologiyanın təsiri altında əzilir. Bəs nə etməli?
Burda bir haşiyə çıxıb qeyd etmək istərdik ki, Naxçıvanda qədim uşaq oyunları ilə yanaşı, sonralar meydana gələrək oynanılan oyunlar da kifayət qədərdir. Bu gün unudulmaqda olan həmin oyunların muxtar respublikanın özündə də regionlara görə seçildiyini müşahidə etmək mümkündür. Naxçıvanda onlarla uşaq oyununun adını qeyd edə bilərik. Bu barədə üçcildlik “Naxçıvan folklor antologiyası”nda da bəzi materiallar yer alıb.

Uşaq oyunları tədqiqatçılar tərəfindən hərəkətli xalq oyunları və söz oyunları kimi iki yerə ayrılır. Eyni zamanda hərəkətli xalq oyunlarının özü də əşyalarla və əşyalarsız oynanılan oyunlar deyə iki şəkildə qruplaşdırılıb.
Naxçıvanda yayılmış uşaq oyunları arasında “Evcik-evcik”, “Çırtı-çırtı”, “Cıdır oyunu”, “Dirədöymə”, “Papaq­aldıqaç”, “Xan-vəzir”, “Ənzəli”, “Bənövşə”, “Qəcəmə daş”, “Gizlənqaç”, “Qodu-qodu”, “Tıx-tıx”, “Dama-dama”, “Ocaq yandı, su qaynadı”, “Qazlar-­ördəklər”, “Gələn-gedən”, “Qırqovul”, “Əlimi siçan dişlədi”, “Fincan-fincan” kimi onlarla oyunun adını çəkə bilərik ki, bunların bir çoxu nəinki uşaqların, hətta vaxtilə bu oyunu oynamış böyüklərin belə, yaddaşından silinib getmək təhlükəsi ilə üz-üzədir.
Düzdür, uşaq oyunlarının araşdırılması sahəsində bu günədək bir çox tədqiqatçılar söz söyləyib, fikir bildiriblər. Belə folklorşünaslardan biri – Vaqif Vəliyev hələ ötən əsrin sonlarında bu mövzuda həyəcan təbili çalaraq yazırdı: “Uşaq oyunlarının şeirlə birləşməsi, heç şübhəsiz ki, oyunda bir qayda yaratmaqla, onda iştirak edənləri məşğul etmiş və oyunun yadda saxlanılmasına kömək etmişdir. Şeirlə olmayan oyun sözləri tez unudulmuş, onları yadda saxlamaq mümkün olmamışdır. Nəzmlə olanlar isə dövrümüzə qədər gəlib çatma­mışdır”. Göründüyü kimi, hələ ötən əsrin səksəninci illərində bəzi oyunların günümüzə gəlib çatmadığından bəhs olunur. Bu məsələ bu gün daha çox aktualdır, həmin oyunların gələcək nəsillərə də çatmayacaq nümunələri gözümüzün önündəcə silinib gedir.
Bununla bağlı professor Ramazan Qafarlı sistemli, ardıcıl və əhatəli tədqiqatlar aparıb, Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Folklorşünaslıq şöbəsinin əməkdaşları Elmin İnkişafına Dövlət Dəstəyi Fondu ilə birlikdə “Naxçıvan uşaq folklorundan örnəklər” irihəcmli toplama materialları kitabını nəşrə hazırlayıb. Bu işlər, sadəcə, həmin oyunların öyrənilməsi, tədqiqi üçün əhəmiyyətlidir. Bəs yaşadılması? Bu işin yerinə yetirilməsində kənd və şəhərlərdə fəaliyyət göstərən klublar, mədəniyyət evləri, yaradıcılıq mərkəzləri tərəfindən həyata keçirilməli bir sıra işlər vardır. Həmçinin bağça və məktəblərdə bu işin sistemli və daimi olması üçün bu gün həm tədqiqat müəssisəsi, həm də Folklorşünaslıq şöbəsi kimi qarşımızda böyük vəzifələr durur.
Belə ki, folklor ekspedisiyalarının sistemliliyini artırmalı, hər bir bölgədə oyunların toplanmasını birgünlük toplayıcılıq fəaliyyəti ilə məhdudlaşdırma­malı, bir kənddə bir neçə dəfə olmalı, materialları toplamalı, onların izahlı kataloqunu hazırlamalı, toplu halında nəşr etdirməli və sonrakı mərhələdə tədqiqini həyata keçirməli, ən son olaraq isə təbliğatını aparmaq üçün üsullar, yollar axtarmalıyıq.
Bunun üçün ilk olaraq kütləvi informasiya vasitələrinin gücündən istifadə etmək mümkündür. Mətbuatda müxtəlif məqalələr dərc etmək, xüsusilə televiziyaların uşaqlar üçün nəzərdə tutulmuş verilişlərinin hər buraxılışında bir uşaq oyunu haqqında məlumat vermək, bölgələrdəki bu oyunları əyani şəkildə tamaşaçıya göstərməklə həmin oyunların yenidən uşaqların gündəlik repertuarına daxil edilməsinə nail ola bilərik.
Nəzərə alsaq ki, uşaq yeniliyə meyillidir, bu zaman unudulmaqda olan və bu gün həmin uşağın rast gəlmədiyi, şahidi və iştirakçısı olmadığı oyuna maraq yaranacaq, onu da sınaqdan çıxarmaq istəyəcək. Belə olan halda isə problem kimi qarşımıza qoyduğumuz məsələnin həlli istiqamətində – oyunların yenidən aktiv yaşayış qazanmasına ümid etmək olar.
Təbii ki, yuxarıda qeyd etdiyimiz məqamları da unutmamalıyıq. Belə ki, bağça və məktəblərdə uşaqların həmin folklor oyunları ilə tanışlığı tədris planlarında da özünə yer almalıdır. Bunun üçün isə, geniş mənada, Elmlər Akademiyasının müvafiq institutları ilə Təhsil Nazirliyinin qarşılıqlı və ortaq fəaliyyət xəritəsi hazırlana bilər. Uşaq oyunlarının təbliği istiqamətində qonşu və qardaş Türkiyənin ayrı-ayrı vilayətlərdə festivallar keçirmək təcrübəsini tətbiq etməklə bu oyunların unudulmamasına, yeniyetmə uşaqların yaddaşına yazılmasına və yaşadılmasına nail ola bilərik. Bu cür festivallarda bəzən lap arxaik yaddaşda ilişib qalmış elə oyunlar üzə çıxarmaq olar ki, onlar nəinki öyrənilib, bəlkə də, heç toplanılmayıb da. Bunun üçün isə bu cür oyun festivala kəndlərdəki ağsaqqal və ağbirçək insanları dəvət etmək, onları uşaqların əhatəsində bildikləri oyunları həm danışmağa, həm də oynamağa həvəsləndirmək olar.
Uşaqların yaddaşının güclü və tərtəmiz olduğunu nəzərə alsaq, onların bu zəngin yaddaş tutumundan faydalanmaqla folklorumuzun unudulmaq təhlükəsiylə üz-üzə qalan oyunlarını yenidən bərpa etmək, folklora qayıdışı təmin etməklə həm tədqiqatçılar üçün, həm də uşaqların özü üçün zəngin material toplama şəraiti yaratmaq mümkün ola bilər.
Nəzərə alaq ki, muxtar respublikamızda milli kimliyə, milli kökə, milli mədəniyyətə, milli mətbəxə qayıdış son illərdə sistemli və ardıcıl xarakter alıb. Muxtar respublikamızda qazanılan festival təcrübəsi “Uşaq oyunları” festivalının da öhdəsindən gələ biləcəyimizə əminlik hissi yaradır. Beləcə, milli və mənəvi xəzinəmiz olan folklorumuzun uşaq oyunları şöbəsini də festivallar vasitəsiylə əyləncəli və öyrədici hala gətirmək mümkündür.
Əgər bu gün uşaqlar daha çox “Bənövşə”, “Gizlənqaç”, “Evcik-evcik”, “Ocaq yandı”, “Son hərfə görə sözdemə” kimi oyunları oynayırlarsa, niyə də onların oynayacaqları oyunların sırasında festivallar sayəsində mənimsəyəcəyi “Halay gəlmək”, “Qayışagirmə”, “Qələ­şəngi oyunu”, “Səkkiz daş”, “Qəcəmə daş”, “Qoşalbənd”, “Sapda, supda”, “Palazagirmə”, “Qırqovul”, “Südlü sümük” və digər bu kimi oyunlar olmasın? Bu oyunları yuxarıda bəhs etdiyimiz müxtəlif yollarla kütləviləşdirmək və öyrətmək olar.
Müasir dövrümüzdə uşaq folkloru sahəsində yeganə ardıcıl və sistemli tədqiqatçı olan professor Ramazan Qafarlının da vurğuladığı kimi, “tamaşa, dram ünsürləri uşaq oyunlarının canını təşkil edir. Elə bir oyun göstərmək olmaz ki, orada uşaqlar öz “aktyorluq” məharətlərini nümayiş etdirməsinlər. Uşaqlar oyunlarla praktik fəaliyyətə başlayır, sərbəstliyə öyrəşir, digər tərəfdən, bu fəaliyyət nəticəsində mənəvi və estetik zövq alır, əhatə olunduqları ətraf mühiti dərk etməyə çalışırlar. Bütün bunlar, son nəticədə, uşaqların həm fiziki, həm də mənəvi inkişafına kömək edir, onların şəxsiyyətini formalaşdırır. Nəhayət, oyunlara uşaqlar şüurlu surətdə yanaşırlar. Belə ki, oyunu ifa edən hər kəsin qarşısında müəyyən məqsəd durur və həmin məqsədə çatmaq üçün hansı yolla getməyi, hansı üsuldan, vasitədən istifadə etməyi şüurlu olaraq uşaqlar özləri seçirlər. Uşaq üçün hər oyun gərəklidir, başqa sözlə, o oynayarkən yaşayır. Oynayarkən həm uşağın qəlbi genişlənir, həm də boya-başa çatır”.

Məqaləmizin sonunda demək istərdik ki, uşaq oyunları folklorumuzun, xüsusilə uşaq folklorumuzun zəngin bir sahəsidir və oyunların keçmişdən bu günə kimi gələn nümunələrini qorumaq, öyrənmək və öyrətmək həm biz tədqiqatçıların, həm də hər bir vətəndaşın şifahi xalq ədəbiyyatı kimi milli və mənəvi varlığımız qarşısında borcu olmalıdır. Həmçinin var olan oyunlarla birlikdə, mütəmadi olaraq yeni oyunlar da meydana gəlir ki, onlar bu gün üçün yeni olsa da, 100-150 il sonra bu günün folklor nümunəsi kimi toplanılacaq, öyrəniləcək. Ona görə də oyunların tədqiqi və təbliğinə ənənəvi metodlar və elmi nəticələr prizmasından yanaşmaqla, həm də yeni üsullarla öyrənmək və təbliğ etmək lazımdır və buna böyük ehtiyac vardır.

Elxan YURDOĞLU
AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və
Ədəbiyyat İnstitutunun Folklorşünaslıq şöbəsinin müdiri

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR