23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvanın təbii və dəyərli sərvəti olan duzun folklor mətnlərimizdə də özünəməxsus yeri var

  Hər bir naxçıvanlı öz doğma el-obası, yaşadığı yer haqqında   danışarkən şəhərimizin və digər yaşayış məntəqələrimizin müasirliyi, təmizliyi, təbiətinin əsrarəngizliyi, tarixi abidələri, əzəmətli dağları, mərd və qorxmaz insanları ilə yanaşı, Duzdağ və Naxçıvan duzu barəsində fikirləri də ayrıca yer tapır. 

Naxçıvan şəhərinin bir neçə kilometrliyində yerləşən Duzdağa uzaqdan göz məsafəsindən baxanda lay-lay torpaq qatlarını görməmək mümkün deyil. Duzdağın bu qəribə rəngli zolaqları ağbirçək nənələrimizin rəngli qurşaqlarını xatırladır. Elə buna görədir ki, ötən il yazdığım şeirlərimin birində Duzdağı “göy qurşağı”na bənzədərək demişdim:

Göy qurşağı göy üzünün yeddi rəngli möcüzəsi,
Yerdəki göy qurşağını Duzdağına baxan görər.

Duzdağın dünyanın ilkin insan məskəni olan Naxçıvanda var olması bu torpağın müqəddəsliyinə və qədimliyinə dəlalət edən faktlardan biridir. Tarixən duzu müqəddəs bilən dədə-babalarımız, bəlkə də, elə bu torpağın müqəddəsliyini də elə Duzdağla, duzla əlaqələndirib bizlərə aşılayıblar.

Sevindirici haldır ki, hər bir maddi və mənəvi, təbii sərvətinə hədsiz diqqətlə yanaşan dövlətimiz Naxçıvan duzunun da bu sırada olması üçün çox mühüm və düşünülmüş bir dövlət sənədi imzaladı. Belə ki, “Naxçıvan Duz Muzeyinin yaradılması haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 12 sentyabr tarixli Sərəncamı gözümüzün önündə olan, lakin kifayət qədər tanımadığımız, sıradan bir sərvət kimi yanaşdığımız duza layiq olan dəyəri verməyimiz üçün bir stimul oldu.
Etiraf edək ki, bu günədək, bəlkə də, bir çoxumuz heç Duzdağa getməmişik. Onun dadı və tamını yerində dadmamışıq, sirli duz mağarasında ciyərdolusu bir nəfəs almamışıq.
Halbuki yuxarıda qeyd etdiyimiz sərəncamda da vurğulandığı kimi, hələ 1882-ci ildə rus tədqiqatçısı Konstantin Nikitinin Tiflisdə nəşr olunan “Qafqaz ölkəsi və tayfalarının təsviri üçün materiallar məcmuəsi”ndə verilən “Naxçıvan və Naxçıvan şəhəri” adlı irihəcmli məqaləsində Nuh Peyğəmbərin özünün duz mədənində ilk çalışanlardan olması, şəhər əhalisinə duz çıxartmağı öyrətməsi qeyd olunur. Bəşəriyyətin ikinci atası adlandırılan Nuh Peyğəmbərin Naxçıvanda məskən salması, Duzdağda duz çıxarması bu torpağın müqəddəsliyinə daha bir müqəddəslik – Nuh müqəddəsliyi, Peyğəmbər müqəddəsliyi əlavə edir.
“Naxçıvan Duz Muzeyinin yaradılması haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 12 sentyabr tarixli Sərəncamında qeyd olunduğu kimi: “Naxçıvan duzunun tarixdə oynadığı mühüm rolu nəzərə alaraq aparılan elmi tədqiqatların nəticələrinin sistemləşdirilməsini, elmi araşdırmalar zamanı əldə olunmuş maddi-mədəniyyət nümunələrinin qorunub saxlanılmasını təmin etmək” bu müqəddəs məkanın daha bir müqəddəs sərvətinə verilən qiymətin göstəricisidir.
Şübhəsiz, hər bir xalqın tarixinin qədimliyi həm də onun şifahi söz sənətində, folklor nümunələrində, xalq yaddaşının söz xəzinəsində qorunub saxlanılır, gələcək nəsillərə ərməğan kimi çatdırılır. Bu mənada, folkloru zəngin olan xalqların həm də tarixinin qədim və zəngin olması bütün dünya alimləri tərəfindən qəbul edilmiş gerçəklikdir. Azərbaycan xalqının, xüsusilə Naxçıvan bölgəsinin zəngin folklor bazasının olması, folklor mətnlərimizdə keçmişlə, Nuhla, duzla bağlı bir çox nümunələrin zənginliyi də həm bu yerlərin Nuhla bağlılığını ortaya qoyur, həm də lap qədim zamanlardan insanların burada duz çıxarılma kimi mühüm mədəni proseslə məşğul olduqlarını isbat edir.
Naxçıvanın ayrı-ayrı bölgələrindən toplanmış folklor mətnlərində biz duzla bağlı inanclara, qarğışlara, bayatılara, atalar sözlərinə, məsəllərə, rəvayətlərə, tapmacalara, nağıllara, aşıq yaradıcılığı nümunələrinə rast gəlirik. Hətta bəzi dastanlarımız da vardır ki, həmin irihəcmli folklor nümunələrində də Naxçıvandakı Duzdağ, duz məsəlləri özünə geniş yer tapmışdır.
Nəinki Naxçıvan əhalisinin, eləcə də digər bölgələrdə yaşayanların da Naxçıvan adı gələn kimi dilə gətirdikləri “Naxçıvanın duzu, qızı, qarpızı” məsəlini xatırlatmaq kifayətdir. Bununla bərabər, bayatılarımızda da duz şifahi xalq ədəbiyyatımızın söz yaddaşına öz möhürünü vurmuşdu:

Naxçıvanın düzü var,
Büllur kimi duzu var.
İki könül bir olsa,
Kimin ona sözü var?!

Əziziyəm, duz-çörək,
Halal çörək, düz çörək.
Hər şey itsə də inan,
Heç vaxt itməz duz-çörək.

Naxçıvanın Duzdağı,
Duz təpəsi, Duz dağı.
Yar çəkdi sinəm üstən
Dərd üstündən yüz dağı.

Bu cür nümunələr Duzdağın, duzun bayatı axıcılığında, az sözlə çox fikir ifadə etməkdə usta olan xalqımızın söz sənətkarlığında da yaddan çıxarılmamışdır.
Naxçıvan duzu toy-düyünlərimizdəki xına mərasimlərində qız və oğlan tərəfinin bir-biri ilə təbəssüm doğuran sözlü atışmalarında da öz əksini tapır:

Naxçıvanın sal duzu, haxışta,
Xörəyə az sal duzu, haxışta.
Əmqızının kefidi, haxışta,
Ərə gedir baldızı, haxışta.

Duzla bağlı folklorumuzda tapmacalar arasında da maraqlı nümunələrə rast gəlinir. Onlardan birində belə deyilir:
“Gəzib bütün dünyanı,
Bəyənib bizim yeri,
Məskən edib Naxçıvanı” (Açması: Duz).
Başqa bir tapmacada isə soruşulur:
“Məni tək yeməzlər, mənsiz də yemək olmaz” (Açması: Duz).
Nağıllarda, aşıq yaradıcılığında, həmçinin aşıqlarla bağlı rəvayətlərdə, yaradılmış dastanlarda da duz tez-tez dilə gətirilir, xatırlanır. Naxçıvandan toplanmış “Daşbəyin nağılı”, “İnsaf qalmadı” nağıllarında, həmçinin “Məmmədcəfər və Səhnə xanım” adlı dastan-rəvayətdə, el şairi Sərraf Qasımın yaratdığı bir çox dastan-hekayətlərdə bu baxımdan maraqlı məqamlar diqqəti cəlb edir.
Xalqımız tərəfindən müqəddəs sayıldığı üçün inanc və qarğışlarımızda da duz istinad mənbəyi olmuş, insanlar duzdan kömək ummuş, duza söykənmişlər. Nənə-babalar övladlarını, nəvələrini “Ömrün Duzdağına dönsün” alqışıyla alqışlamış, düşmənləri “Səni görüm duz sənə qənim olsun”, – deyə qarğımışlar. İnsanlar kədərli anlarında “Yarama duz basma” yalvarışıyla dilə gəlmiş, and içəndə “Duz-çörək haqqı” inamıyla dillənmişlər. Körpə balalarımız narahat olanda başlarına duz hərləyib ocağa atıb kömək diləmiş, nadürüst insanları “duzsuz adam” kimi qiymətləndirmişlər. Səmimiyyətlərini “Filankəslə bir batman duz kəsmişik” sözləriylə bildirmiş, uzun ayrılıqların vüsalını “duz kimi yalamaqla” ifadə etmiş, dostluq və qardaşlığı “duz-çörək kəsməklə” əbədiləşdirmişlər.
Sonda bir məqamın ilahi müqəddəsliyini qeyd etmədən qələmi yerə qoymaq istəmədim. Belə ki, yuxarıda da vurğuladığımız kimi, xalqımız “Ömrün uzun olsun” alqışını bir başqa şəkildə “Ömrün Duzdağına dönsün”, – deyə ifadə edir. Nə böyük bir xoşbəxtlik ki, böyük Yaradan Naxçıvanın qoynunda Duzdağını yaratmaqla həm də bu müqəddəs torpağa öz ilahi alqışını söyləyib: “Ömrün Duzdağına dönsün”, – deyib.
“Naxçıvan Duz Muzeyinin yaradılması haqqında”kı Sərəncam da müqəddəs torpağın qoynundakı müqəddəs nemətin ömrünü Duzdağına döndərəcək.

Elxan YURDOĞLU
AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun
Folklorşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR