Adil Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən şəhərimizdəki Təbriz küçəsində yerləşən 1 nömrəli yaşayış binasının həyətində balaca oxucular üçün mütaliə günü təşkil edilib. Tədbir Azərbaycanın Xalq şairi Mirvarid Dilbazinin anadan olmasının 100 illiyi münasibətilə keçirilib.
Kitabxananın direktor müavini Kəmalə Ağayeva, əməkdaşı Mehriban Seyidova Mirvarid Dilbazinin zəngin poeziya dünyası haqqında uşaqlara məlumat veriblər. Bildirilib ki, tanınmış Xalq şairimizin əsərləri bu gün də sevilə-sevilə oxunur. Şair həm də gözəl tərcüməçi kimi tanınıb.
Vurğulanıb ki, Mirvarid Dilbazi 1912-ci il avqustun 19-da Qazax rayonunda dünyaya gəlib. Şairin “Qadınların hürriyyəti” adlı ilk şeiri 1927-ci ildə nəşr olunub. Şairənin müxtəlif illərdə çapdan çıxan “Bizim səsimiz”, “Vətən eşqi”, “Sənətkarın xəyalı”, “Xatirələr olan yerdə”, “Həyat lövhələri” və başqa kitablarında xalqımızın tarixi və müqəddəs dəyərləri, xalqa bağlılıq duyğuları böyük məhəbbətlə tərənnüm edilir.
Sonda Xalq şairinin kitablarından ibarət, eyni zamanda kitabxanaya yeni daxil olmuş 250-dən çox kitabın nümayiş etdirildiyi sərgiyə baxış olub.
Əli Rzayev