Tarixin öyrənilməsində insanların yaşadığı dövrlərin təyin edilməsi, məişəti, istifadə etdikləri əmək alətləri haqqında məlumatlar, arxeoloji abidələrin tədqiq olunması böyük əhəmiyyət kəsb edir. Ölkəmiz müstəqillik əldə etdikdən sonra bu sahəyə diqqət artırılmış, tariximizin elmi əsaslarla öyrənilməsinə qayğı ilə yanaşılmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin pasportlaşdırılması və qorunması işinin təşkili haqqında” imzaladığı Sərəncama əsasən 1200-dən artıq tarix və mədəniyyət abidəsi qeydə alınmışdır ki, bunların da əksəriyyəti arxeoloji abidələrdir.
Ali Məclis Sədrinin “Ümummilli lider Heydər Əliyevin anadan olmasının 85 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Tədbirlər Planı”na uyğun olaraq 2008-ci ildə “Naxçıvan abidələri” ensiklopediyası nəşr edilmişdir. Həmin il AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin “Naxçıvanın arxeoloji abidələri” kitabı çapdan çıxmışdır.
Ötən doqquz il ərzində Vəli Baxşəliyevin rəhbərliyi ilə Naxçıvan-Fransa, Naxçıvan-ABŞ birgə arxeoloji ekspedisiyaları və digər arxeoloqlar tərəfindən muxtar respublika ərazisində və eləcə də Babək rayonunda arxeoloji tədqiqatlar aparılmış, bunların əsasında yeni elmi əsərlər yazılmışdır. Ötən dövr ərzində bir sıra yeni abidə aşkarlanmış, səthi baxış keçirilmiş, bunlardan Zirincli, Uzunoba, Yeniyol, Şorsu, Uçan ağıl abidələrində qazıntı işləri aparılmışdır. 2016-cı ildə aşkarlanan “Naxçıvan” abidəsində aparılan qazıntıların nəticəsi Naxçıvan tarixinə önəmli töhfə olmuşdur.
Bütün bunlara baxmayaraq, ərazimizdə aşkarlanmayan, tədqiqata ehtiyacı olan abidələr çoxdur. Bunlardan biri də yeni aşkarlanan “Nəcəfəli Dizə qalası”dır.
Qahab kəndindən Nəhəcirə gedən avtomobil yolunun sağ tərəfində əhalinin “Plovtəpə” adlandırdığı təpə vardır. Təpə ilə yolun ara hissəsində qədim divar qalığı uzaqdan seçilir. Qalıqlar əvvəllər arxeoloqların nəzərini cəlb etsə də, təyinat haqda yekdil bir fikir yoxdur. Divarın xırda daşları tikinti üçün seçilib aparılsa da, iri daşlardan ibarət qalıqlar yaxşı izlənir. Plovtəpənin qərb hissəsində divar 90 dərəcə bucaq altında şimala tərəf dönür. Yerli sakinlər əvvəllər onun Nəhəcir kəndinə qədər 5-6 kilometrlik məsafədə uzandığını söyləyirlər. Tikilinin yaxınlığında kiçik keramika parçaları Antik dövrə və orta əsrlərə aiddir.
Plovtəpənin cənub hissəsində Əshabi-Kəhf dağının şimalından başlanan quru çay dərəsi vardır. Çay dərəsinə paralel olaraq Əshabi-Kəhf dağından Nəcəfəli Dizə kəndinə qədər yüksək təpə tirəsi uzanır. Cənub-şərqdən şimal-qərbə doğru üç kilometrə yaxın uzanan təpələrin quzey yamacı daha dik olub, üzərində qaya parçalarından ibarət örtük vardır. Təpənin qərb qurtaracağına yaxın dərənin sağ hissəsində kəhriz var idi. Haliyədə kəhrizin suyu Nəcəfəli Dizə kəndinə çəkilmişdir. Təpənin şimal hissəsində, bir kilometrə yaxın məsafədə müxtəlif tikili qalıqları izlənilir. Evlər, əsasən, dördkünc olub, dağ daşlarından tikilmişdir. Qərb hissədə binalar daha sıx olub, çay dərəsinin sol sahilindən təpənin üzərinə qədər 300-400 metr enində ərazini əhatə edir.
Evlər bir-birinə yaxın tikilmişdir. Ərazidə müxtəlif küpə, kasa, çölmək, səhəng qırıqlarından ibarət keramikalar mövcuddur. Keramika parçaları daha böyük olub, əksəriyyəti müxtəlif formalara malikdir. Saxsıdan hazırlanıb, üzəri naxışlanmış müxtəlif ölçülü çox sayda qapaqların qırıqları vardır.
Təpənin üst hissəsi isə hamardır. Eni 40-60 metr arasındadır. Qərb hissəsində cənuba tərəf genişlənən sahədə bir çox yerlərdə təbii qala divarları yaranmışdır. Təpənin üzərində 300 metrə qədər məsafədə maddi-mədəniyyət qalıqları olsa da, qərb hissədə son 100 metr fərqlidir. Bu hissə dar bir boğazla şərq hissədən ayrılır. 4-5 hektara yaxın bu ərazidə dördkünc bina qalıqları olmaqla maddi-mədəniyyət nümunələri də çoxdur. Təbii qayalardan ibarət qala divarlarının əlavə olaraq hörülüb möhkəmləndiyi aydın seçilir. Görünür ki, bura yaşayış yerinin narınqalası rolunu oynamışdır. Təpənin cənub yamacında, qala divarlarından eşikdə maddi-mədəniyyət qalıqları ilə zənginləşən qalın kül təbəqəsi vardır. Vəhşi heyvanların oyub yuva açdığı yerlərdə təbəqənin qalınlığı 3-4 metrə yaxındır. Burada çox nəfis və qeyri-adi rəngli şirli qab qırıqları mövcuddur. Bu ərazidə kül qalığının çoxluğuna görə keramikanın bişirilməsi qənaətinə gəlmək olar.
Ərazidə olan keramika nümunələri şimal-qərb hissədə Son Dəmir, Antik və orta əsrlərə aiddir. Antik dövr keramikaları qəhvəyi rəngli olub, yaxşı cilalanmışdır. Həm hasarın yaxınlığında, həm də qalada Eneolit dövrünə aid bir neçə ədəd forma verməyən keramika və obsidian (dəvəgözü) aşkarlanmışdır.
Qalanın üst hissəsində geoloqlar tərəfindən bir neçə uzun xəndək qazılmışdır. Müxtəlif yerlərdə texnika və əl üsulu ilə abidə dağıdılmışdır. Abidədə daha geniş arxeoloji tədqiqatlara ehtiyac vardır.
Maraqlıdır ki, yerli sakinlər qalada – təpənin üstündə çox sərin “Zinəbulaq” adlanan bir bulağın çıxdığını və bulağın ətrafında bir neçə qaraağac və tut ağacının olduğunu deyirlər. Belə ki, qala içməli su ilə birbaşa içəridən təmin olunurmuş. Yerli sakinlər həm də bulağın suyunun saxsı borularla Nəcəfəli Dizə kəndinə çəkildiyini də söyləyirlər. 1960-cı illərdə kəndin yaxınlığında, həmin təpələrdə qazılan mədən şaxtasından sonra təpənin üzərindəki bulaq qurumuşdur.
Yaşayış yerinin şimal hissəsindən keçən köhnə yol “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksinə gedən ən qısa yoldur. Bu həm də Sirab-Qahab istiqamətindən Qazançı istiqamətinə uzanan yolun bir hissəsidir.
Zaleh Novruzov
Babək rayonunun Sirab kənd tam orta məktəbinin müəllimi