23 Dekabr 2024, Bazar ertəsi

Düşünün, ən son nə zaman bir kitab və yaxud bir jurnal oxumusunuz? Ümumiyyətlə, gündəlik oxuma vərdişiniz sizi qane edirmi, yoxsa mütaliəniz yalnız “instagram”, “facebook” və digər sosial şəbəkələrdə paylaşılan kiçik mülahizələrdən ibarətdir? Bəs kitab oxumağın faydalarını bilsəydiniz necə? O zaman da belə əhəmiyyətsiz yanaşardınızmı mütaliəyə? 

Kiçik yaşlarımdan kitablar ən sevimli dostlarım olub. Mənə düzgün yol göstərən, hər şeyin daha çoxunu istəmək fikrindən daşındıran, pis vərdişlərdən uzaqlaşdıran, məntiqli fikirlərilə yoluma işıq salan, bir sözlə, hər cümləsində mənəvi rahatlıq tapdığım, ibrət aldığım sadiq dostlarım... Bəlkə də, ondandır gənclərin kitab oxumasına, ya da oxumamasına belə həssas yanaşmağım... Bəzən avtobusda olarkən və ya bir parkdan keçərkən oturacaqda birinin kitab oxumasını gördükdə ürəyim dağa dönür. Fikrimcə, insan yalnız kitablarla həyata vəsiqə qazana bilər, kədərləndikdə kitablarda təsəlli tapıb, xoşbəxtliyini kitablarla paylaşa bilər. Təbii ki, bu, mənim düşüncəmdir... Bəs gənclər üçün kitab anlayışı nədir? Mütaliə etməyin onlar üçün əhəmiyyəti nədən ibarətdir? Ümumiyyətlə, bu gün gənc nəslin kitablara olan marağı hansı səviyyədədir? Bu suallarla üz tutduq şəhərimizdə yerləşən Kitab evinə...

Həmsöhbətimiz Məhəmmədağa Şahtaxtlı adına Kitab evinin direktoru Hidayət Cəfərov bizə kitabların həyatımızdakı əhəmiyyətindən, gənclərin kitablara münasibətindən danışdı: “Bu, bir faktdır ki, insan oxuduğu kitablarla kamilləşir, formalaşır, cəmiyyətdə özünə yer tapa bilir. Bu gün kitab, xüsusilə də bədii ədəbiyyatlar almaq üçün bizə müraciət edən gənc­lər var, lakin sözün düzünü desək, say etibarilə bu göstərici məni qane etmir. Bu isə böyük ehtimalla, insanların son vaxtlar internetə daha çox üstünlük verməsi ilə əlaqədardır. Düzdür, elektron kitablar istər vaxta qənaət, istərsə də rahatlıq baxımından əlverişlidir. Ancaq kitabı səhifələməklə, səhifələrin kənarlarında özünəməxsus qeydlər edərək oxumağın zövqünü heç bir elektron kitab əvəz edə bilməz”.
Hidayət müəllim deyir ki, Kitab evinə xarici qonaqlar da müraciət edir. Onlar, əsasən, Naxçıvanın tarixi, mədəniyyəti, görkəmli şəxsiyyətləri, milli mətbəxi ilə bağlı kitablara üstünlük verirlər. O deyir ki, burada bütün janrlarda kitab tapmaq mümkündür. Həmçinin bukinist bölməsi də fəaliyyət göstərir ki, bu bölmədən istifadə edənlərin də sayı az deyil. Əhali tərəfindən satılmaq üçün verilmiş ensiklopediyalar, müəyyən elm sahələri ilə bağlı kitablar burada qəbul edilir.
“Alıcılar daha çox hansı müəlliflərin kitablarına üstünlük verirlər?” sualına müsahibimiz belə cavab verdi ki, hazır­da onlar, əsasən, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Oxunması zəruri olan kitablar haqqında” 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş siyahıya daxil olan kitablarla maraqlanırlar. Ümumiyyətlə, daha çox bizə olunan müraciətlərə əsasən deyə bilərəm ki, adıçəkilən sərəncam mütaliəyə böyük maraq yaradıb. Biz də çalışırıq ki, həmin siyahıda olan nəşrlərin satışını təşkil etməklə bu tələbata cavab verək. Bəzən bu kitablar olmadıqda onları sifarişlə əldə etməyə çalışırıq. Kitab evində çalışanlar oxucularını maarifləndirmək üçün əlindən gələni əsirgəmirlər. Hətta kitab almaq üçün imkanı olmayan gəncləri də nəzərə alaraq kitabları qaytarmaq şərtilə onlara veririk. Məqsədimiz insanların asudə vaxtlarını kitab oxumağa sərf etmələrinə şərait yaratmaqdan ibarətdir.
Kitab ticarəti sahəsində zəngin təcrübəsi olan biri kimi Hidayət müəllimdən hansı kitabları oxumağı məsləhət gördüyünü bilmək istədik: “Hərənin bir janra marağı olur. Hər kəsin bir sevimli yazıçısı və ən çox sevdiyi bir kitabı olur. Elə yazarlar var ki, orta yaşlı nəsil tərəfindən bəyənilmədiyi halda, həmin yazarların kitablarına gənc nəsil tərəfindən müəyyən tələbat var. Mütaliə üçün kitab seçərkən çalışmalıyıq ki, bizim üçün tərbiyəvi əhəmiyyət daşımaqla yanaşı, insana vətənpərvərlik aşılayan, millətinə sevgi, hörmət, qayğı, fədakarlıq hissləri aşılayan kitablar oxuyaq. Məsələn, təkcə Azərbaycan xalqının deyil, bütün Türk dünyasının möhtəşəm və əzəmətli tarixini yaşadan, onu bu günümüzə qovuşduran ulu sənət nümunələrindən biri “Kitabi-Dədə Qorqud” dastanı kimi... Bədii söz xəzinəsi, türk xalqlarının tarixi salnaməsi, həyat ensiklopediyası olan bu dastanı oxumaqla insan özünü hər cəhətdən formalaşdıra, təkmilləşdirə bilər. Başqa birini misal çəksək, Cek Londonun “Həyat eşqi” hekayəsi. Bu kitabı illər əvvəl oxusam da, hər xatırladıqda təsirindən çıxa bilmirəm.
Kitab əsl təsəlli və özünütərbiyə mənbəyidir. Adını sadalayacağımız onlarla belə kitab var. Hər biri insan üçün ibrətamiz, təsəlli mənbəyi, bilik qaynağı, fikrimizdə yeni ideya və təfəkkür yaradan, formalaşdıran, gələcəyimizə işıq saçan neçə-neçə kitablar...
Buradan ayrılarkən türk klassik­lərindən Əhməd Batmanın “Soyuq qəhvə” adlı kitabını vərəqləyən Könül Səfərbəyli ilə həmsöhbət oluruq. Sözün düzü, bunun şahidi olmaq məni sevindirdi, elə bu gəncin mütaliə ilə bağlı fikirləri də. Könülün dediyinə görə, o, mütaliə etməyi çox sevir. Gündə ən azı bir saatını mütaliəyə sərf edir. Onun üçün kitab həm müqayisəolunmaz mənbə, həm dost qazanma, həm də özünü yeniləmə vasitəsidir. Müsahibimizin fikrincə, kitablar təkcə insanların deyil, xalqların da həyatını dəyişir: “Araşdırmalar göstərir ki, kitab oxunan ölkələr oxunmayanlara nəzərən daha çox inkişaf edir. Bu inkişaf rifah səviyyəsində də özünü göstərir”.
O deyir ki, bəzən kitabı mağazadan alır, hansısa tanışından əldə edir, ya da elektron variantını tapıb oxuyur. Müsahibimiz elektron resursların geniş yayılmasına baxmayaraq, kitabın həmişə klassik anlamda öz yerini qoruduğunu və gələcəkdə də qoruyacağını bildirir. O deyir ki, kitab oxumaq ən sevimli və faydalı məşğuliyyətdir. Üstəlik, elektron resurslardan fərqli olaraq gözləri yormur, əksinə, onların yaxşı görməsini təmin edir.
Müsahibimiz təəssüflə onu da bildirir ki, bəzən kitabı oxuyub, orada yazılanlardan düzgün nəticə çıxarmağı bəziləri bacarmır. Müəyyən hallarda müəllifin oxucuya çatdırmaq istədiyi fikir və ideyalar oxucular tərəfindən düzgün anlaşılmır. Ona görə də düşünürəm ki, kitab oxumaq qədər onu analiz etməyi bacarmaq da lazımdır.
Keçmiş və gələcək demişkən, gəlin ingilis yazıçısı Frensis Bekonun fikirlərinə nəzər salaq: “Kitablar zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir”. Unutmayaq ki, milli ruhu, mənəvi dəyərləri, tarixi, mədəniyyəti, dövlətçiliyi qorumaq, onları yaşatmaq və gələcək nəslə çatdırmaqda kitabların rolu danılmazdır. Kitablar xalqın ulu keçmişini özündə yaşadan və gələcək nəslə çatdıran bir vasitədir.
Dahi filosof Sokratın mütaliə haqqında fikirləri də maraqlıdır. Onun fikrincə, mütaliə cəmiyyətin gündəlik vərdişinə çevrilərsə, həmin cəmiyyət xoşbəxt olar. Bu fikri əlinə hər yeni kitab aldıqda onu acgözlüklə vərəqləyən və oxuduqlarının içində öz xəyali səadətini tapan hər kəs təsdiqləyə bilər. Bədii əsər oxuyanda üzündəki ifadələr qəhrəmanın ruh halına görə dəyişirsə, demək, sən artıq ətrafındakı süni münasibətlərdən, beyninin əsas hissəsini zəbt edən qayğılardan azad halda əsərinin qəhrəmanı ilə ruh söhbətindəsən. Kitab oxuyarkən ən böyük zövq də elə budur.
Kitab nəinki bizə mənəvi rahatlıq verir, ruhu dinləndirir, eyni zamanda zehni təzələyir, danışıq qabiliyyətini qüvvətləndirir, xəyal gücünü inkişaf etdirir, dünyaya baxışı dəyişir. Bizi həssas bir insana çevirərək cəmiyyətdə müsbət keyfiyyətlərlə fərqlənməyimizə, iş həyatında müvəffəqiyyət qazanmağımıza böyük təsir göstərir. Sizcə, bu kimi müsbət keyfiyyətlərə nail olmaq üçün bu andan etibarən kitab oxumağın vaxtı deyilmi?

 Gülcamal TAHİROVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR