Muxtar respublikamızda xalq teatrlarının fəaliyyəti üçün lazımi şərait yaradılır. Artıq bir neçə rayonda fəaliyyət göstərən xalq teatrları regionun mədəni həyatında fəal çıxışları ilə diqqəti çəkir.
Bu günlərdə yolum Babək rayonuna düşmüşdü. Əsasən mədəniyyət sahəsilə bağlı yazılar hazırladığımdan burada da fəaliyyət göstərən mədəniyyət ocaqlarına baş çəkmək istədim, xalq teatrının işi ilə maraqlandım. Babək Rayon Mədəniyyət Evinin binasında yerləşən teatrın keçdiyi yolun tarixçəsi barədə bizi teatrın aktyoru, Azərbaycan Respublikasının Əməkdar artisti Vidadi Rəcəbli məlumatlandırdı:
– Azərbaycanda teatr sənətinin kökləri xalqın həyatı, məişəti, şənlik və toy ənənələri, həmçinin dünyagörüşü ilə bağlıdır. Mərasim, ayin və oyunlardakı tamaşa elementləri müstəqil xalq teatrının yaranmasında mühüm rol oynayıb. Xalq teatrının repertuarını müəyyən etik məzmunlu kiçik tamaşalar təşkil edib. Azərbaycan professional teatrının təşəkkülündə xalq teatrları əhəmiyyətli rol oynayıblar. Kökləri qədim zamanlara gedib çıxan teatr sənətinin tarixi Mirzə Fətəli Axundovun 1873-cü ilin mart və aprel aylarında Bakıda səhnəyə qoyulan “Lənkəran xanının vəziri” və “Hacı Qara” tamaşalarından başlanır.
Teatrın quruluşçu rejissoru Yusif Əliyev isə söhbətində bildirdi ki, Babəkdə tarixən müxtəlif yaradıcılıq sahələrinə maraq olub. O, ilk olaraq Babək Rayon Mədəniyyət Evinin dram dərnəyi haqqında danışdı:
– Dərnək üzvləri ilk dəfə 2006-cı ildə Cəlil Məmmədquluzadənin “Kamança” pyesi ilə səhnəyə çıxıblar. Kollektiv 2008-ci ildə Ənvər Məmmədxanlının “Xürrəmilərin ağ şahini” əsərindən bir parça ilə tamaşaçılar qarşısında çıxış edib. 2009-cu ildə braziliyalı yazıçı G.Fiqeyredonun “Ezop” əsəri ilə səhnəyə çıxan kollektivin növbəti tamaşası da rəğbətlə qarşılanıb. Elə həmin il dram dərnəyinə “Xalq teatrı” statusu verilib. Bu, kollektiv üzvlərinin məsuliyyətini daha da artırıb. Kollektiv 2010-cu ildə Bəxtiyar Vahabzadənin “Yollara iz düşür” pyesini, 2011-ci ildə Məhərrəm Əlizadənin “Şeyx Rəhmətullah” komediyasını, 2012-ci ildə Cəfər Cabbarlının “Solğun çiçəklər” pyesini tamaşaçılara təqdim edib.
Bundan sonrakı illərdə də xalq teatrının fəaliyyətini qənaətbəxş hesab etmək olar. “Yollara iz düşür”, “İkinci səs”, “Solğun çiçəklər”, “Ana”, “Məhəbbət nişanəsi”, “Durna”, “Yağışdan çıxdıq, yağmura düşdük”, “Unuda bilmirəm” və digər tamaşalar oynanılıb.
Onu da öyrəndik ki, kollektiv 2015-ci ildə xalq teatrlarının muxtar respublika festivalında birinci dərəcəli mükafata layiq görülüb.
Repertuarında maraqlı səhnə əsərləri olan kollektiv tez-tez rayonun ayrı-ayrı yaşayış məntəqələrində, məktəblərdə olur, maraqlı tamaşalar göstərir.
Fatma BABAYEVA