23 Dekabr 2024, Bazar ertəsi

Azərbaycan xalqı özünün çoxəsrlik tarixi boyunca zəngin mədəniyyət yaradıb. Qədim xalq sənəti növlərindən biri də Mis dövründən qalma misgərlikdir.  Tarixi mənbələrə görə, miladdan əvvəl VI minillikdə mis əldə edildikdən sonra ondan müxtəlif əşyalar hazırlanıb. Bir sənət kimi onun təşəkkülü artıq orta əsrlərdə böyük şəhərlərin misgərlik mərkəzinə çevrilməsinə gətirib çıxarıb.

Qədim el sənəti bu gün də yaşadılır. Şərur rayon Oğlanqala kənd sakini Ramiz Məmməd­ov 25 ildən artıqdır ki, bu sənətlə məşğul olur. Ramiz usta onda uşaq vaxtlarından misgərliyə maraq yarandığını, atası və əmisinin də misgərliklə məşğul olduğunu deyir. Bədii döymə sənəti üzrə təhsil almış sənətkar, əsasən, məişət əşyaları üzərində işləyir.
Usta qeyd edir ki, kiminsə ürəkdən gələn istəyi, marağı yoxdursa, onun böyük səbir tələb edən bu sənəti öyrənməsi mümkün deyil. Misgərlər həm də incə, zərif zövqə malik olmalıdırlar. Alın təri tökmək hər sənətdə olduğu kimi, burada da vacib hesab edilir. Sözügedən mis qabların hazır­lanması üçün əmək və vaxt sərf edilir. Savad da misgərlikdə vacibdir. Xüsusən rəssamlıq, xəttatlıq və həndəsədən baş çıxarmaq lazımdır. İstifadə olunan material kimyəvi maddələrdən hazırlanır. Hətta vurulan naxışlar belə, müxtəlif həndəsi fiqurlar üzərində başa gəlir. Mis elə bir metaldır ki, o usta işi sevir. Usta əlində bu əlvan metal istənilən sənət nümunəsinə çevrilə bilər. Vaxt olub ki, mis bəzək əşyaları qadınlarımızın aksesuarları olub.

Ramiz Məmmədovun sözlərinə görə, bu gün də misdən düzəldilmiş elə bəzək əşyaları var ki, qadınlar onlara daha çox üstünlük verirlər. Başqa sözlə, əsas olan metalın qiyməti deyil, sənətkarın işidir. Dədə-babadan qalma bu sənətin itib-batmaması, gələcək nəsillərə çatması üçün əlimizdən gələni əsirgəmirik. Düzdür, misgərlik ağır, çətin sənətdir. Ancaq bu sənət Azərbaycan xalqının çox qədim mədəniyyət və incəsənətindən soraq verir, ona görə də onu yaşatmaq lazımdır. Mis qablar vaxtilə süfrələrin bəzəyi olub.
Həmsöhbətimiz mis qabların necə hazır­lanmasından danışarkən deyir: “Mis, yaxud bürünc materialla müxtəlif qabların formasını alır, sonra onun üzərinə diyircəkli qələm və ya markerlə eskizini çəkirəm. Ardınca bəzəklərini döymə üsulu ilə işləyirəm”.
Usta sənətin incəliklərindən də danışaraq bildirir ki, mis, necə deyərlər, səhvi bağışlamır, dəmirə nisbətdə çox yumşaq olduğu üçün daha çox diqqət tələb edir. Qabların üzərinə ən çox milli ornament­lərdən olan buta naxışları döyürəm. Bəzən də müştərilərin istəyinə əsasən müxtəlif təsvirlər həkk edirəm. O vurğulayır ki, mis qab-qacaqların sayı və çeşidinin getdikcə azalması yalnız peşəkar misgərlərin barmaqla sayılacaq qədər olmasından irəli gəlmir. Şüşə və ya digər məmulatlara, məsələn, keramikadan hazırlanan məhsullara maraq artdıqca mis qablar kolleksiyaçılar tərəfindən toplanır və nəticədə, onlar muzey eksponatına çevrilirlər.
Bununla belə, yaşlı insanlarla söhbətdən də eşitmişik ki, mis qablarda hazırlanan xörəklər digər məmulatlardan fərqli olaraq daha dadlı, daha ləzzətli olur. Mis samovarda qaynamış çayın ətri uzaq məsafədən gəlir. Başqa sözlə desək, baba və nənələrimiz əbəs yerə mis qablara üstünlük verməyiblər. Heç indiyə qədər mis kasada ayran içmisinizmi? Əgər içməmisinizsə, bir dəfə dadmağınıza dəyər. Onda görəcəksiniz ki, mis kasadan içilən ayranın dadı başqalarından fərqlidir. Yetmiş illik sovet ideologiyası bizi tarixi keçmişimizdən, eləcə də milli mətbəximizdən, məişətimizdən ayırmağa çalışıb. Müstəqilliyimizin ilk illərində isə məlum səbəblərdən tariximizin yadigarları olan qiymətli məişət əşyalarımız xaricə aparılıb, həm də çox ucuz qiymətə. Ancaq yaxşı ki, milli dəyərlərimizə bu gün xüsusi önəm verilir. Misgərliyin öz qiymətini alması da xalq sənəti növlərinə verilən yüksək qiymətin növbəti təzahürüdür.

 Ramiyyə ƏKBƏROVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR