Ordubad Rayon Gənclər və İdman İdarəsi və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Uşaq-gənclər idman məktəbinin bir qrup idmançısının “Tariximizi tanıyaq və tanıdaq” devizi altında akademik Yusif Məmmədəliyevin ev-muzeyinə ekskursiyası təşkil edilib.
Ekskursiyada 20 nəfərə yaxın idmançı iştirak edib. Bələdçi Nazilə Bağırova muzeyin tarixi barədə iştirakçıları məlumatlandıraraq bildirib ki, ümummilli lider Heydər Əliyevin qayğısı nəticəsində görkəmli alimin adını əbədiləşdirmək üçün 1975-ci ildə akademikin ev-muzeyinin əsası qoyulub, 1976-cı il 6 fevral tarixdə açılış mərasimi olub. 2005-ci ildə isə muzeydə yenidənqurma işləri aparılıb.
Mədəniyyət müəssisəsi fəaliyyətə 407 eksponatla başlayıb, hazırda isə burada iki min eksponat mövcuddur. Bələdçi akademikin həyat və yaradıcılığını əks etdirən fotoşəkillər və muzeydəki digər eksponatlar haqqında iştirakçılara geniş məlumat verib.
Ceyhun MƏMMƏDOV