Dünən Şərur şəhərinin “Bahar” kinoteatrında 18 sentyabr – Milli Musiqi Günü ərəfəsində Naxçıvan Musiqi Kollecinin “Gənclik” İnstrumental Ansamblının konserti olub.
Qeyd edilib ki, kollecdə təhsil alan tələbələrdən ibarət musiqi kollektivləri maraqlı konsert proqramları ilə müntəzəm olaraq ictimaiyyət qarşısında çıxış edirlər. Bu gün sizin görüşünüzə “Gənclik” İnstrumental Ansamblı rəngarəng konsert proqramı ilə gəlib.
İlk olaraq ansamblın ifasında şən musiqi kompozisiyaları səslənib. Sonra ansamblın gənc solistləri Samir İsmayılov, Əfsanə Babayeva, İlkin İsmayılovun ifalarında görkəmli bəstəkarlarımız Qəmbər Hüseynlinin “Bulağa gəlsin”, Tofiq Quliyevin “Naxçıvanım”, “Nargilə”, Arif Məlikovun “Çıx yaşıl düzə”, Emin Sabitoğlunun “Güllər”, “Payız gəldi”, Cahangir Cahangirovun “Yenilməz batalyon” filminə yazdığı musiqidən “Teymurun mahnısı” və başqa mahnılar səslənib.
Şən və lirik musiqi kompozisiyası ilə başa çatan konsert rayon sakinlərində xoş ovqat yaradıb.
Qeyd edək ki, Naxçıvan Musiqi Kollecinin “Buta” muğam ansamblı və “Naxçıvanqala” ritm qrupu sentyabrın 14-də Ordubad şəhərinin sakinləri qarşısında konsert proqramı ilə çıxış edəcək.
Əli RZAYEV