Muxtar respublikada rəssamlıq sahəsində xüsusi istedada malik olan çox sayda gənc rəssam var. Bu gün onların əsərləri muxtar respublikada, eləcə də ölkə miqyaslı sərgilərdə uğurla nümayiş etdirilir. Bu əsərlər peşəkarlar, eləcə də həvəskar rəsmsevərlər tərəfindən maraqla qarşılanır.
Hazırda Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin üzvləri arasında gənc rəssamlar üstünlük təşkil edirlər. Bu da ondan irəli gəlir ki, son illərdə muxtar respublikada həyata keçirilən tədbirlər nəticəsində rəssamlıq sənəti inkişaf edib. Bu rəssamlar Bəhruz Kəngərli irsinin davamçıları kimi yaşayıb-yaradır, incəsənətin inkişafına öz töhfələrini verirlər. Onlar üçün emalatxanaların istifadəyə verilməsi, bu sahədə istedada malik olanların üzə çıxarılması muxtar respublika rəhbərinin böyük diqqət və qayğısı nəticəsində mümkün olub. Ötən müddətdə Naxçıvan Dövlət Universitetində və Naxçıvan Müəllimlər İnstitutunda Təsviri incəsənət müəllimliyi ixtisaslarının açılması gənc rəssamlar nəslinin yetişməsi və orta məktəblərdə təsviri incəsənət dərslərinin tədrisinin daha yaxşı aparılması üçün göstərilən böyük təşəbbüsdür.
Budəfəki yazımız sözügedən institutun yetirməsi olan Xədicə Əlizadə haqqındadır. Onun çəkdiyi şəkillərin emosional təsiri, özünəməxsusluğu elə ilk baxışdan nəzərə çarpır. O, rəssamlıq sənəti ilə bağlı düşüncələrini bizimlə paylaşdı. Həmsöhbətimiz dedi ki, onda bu sənətə həvəs uşaqlıq illərində yaranıb, balaca yaşlarında baxdığı cizgi filmlərinin qəhrəmanlarını kağız üzərində tez-tez cızma-qara edib. Orta məktəbdə oxuduğu illərdə onun bacarığı özünü göstərməyə başlayıb. Beləcə, Xədicənin istedadı qısa müddət ərzində ona dərs deyən müəllimlərin də diqqətini çəkib. Məktəb illəri onun üçün bu sahədə daha uğurlu olub, rəsmxət müəllimindən ilk addımları atmağı öyrənib.
Onun dediklərindən: Rəsmxət dərsinə marağım böyük olub. Çəkdiyim işlərə görə yaxşı qiymətlər alırdım. Müəllimlərim də deyirdi ki, sən böyüyəndə yaxşı rəssam ola bilərsən. Onların dəstəyi zaman keçdikcə rəssamlıq sənətinə maraq və həvəsimi daha da artırdı. Naxçıvan Müəllimlər İnstitutunda mən özümə doğma hiss etdiyim müəllimlərlə yaxından tanış oldum ki, bu da mənim gələcək uğurlarıma yol açdı. Onlar içərisində Səriyyə Əkbərovanın adını xüsusi qeyd etməliyəm.
Səriyyə müəllimə mənə institutdaxili rəsm sərgilərində iştirak etmək üçün çox böyük kömək etdi, məni bu sənətin sirlərini daha dərindən öyrənməyə həvəsləndirdi. Bu illər ərzində mən, həmçinin Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda təşkil edilən sərgilərdə, müsabiqələrdə də iştirak edirdim. Həmin tədbirlərdən xatirə qalan diplom və mükafatlarım indi mənim üçün ən əziz yadigarlardır. “Naxçıvan – bəşəriyyətin beşiyi” adlı Beynəlxalq Rəsm festivalları da mənim üçün xüsusilə əlamətdar olub. 2014-cü ildə keçirilən eyniadlı festival zamanı mən institutun birinci kursunda təhsil alırdım. Bizi də həmin festivala baxmağa aparmışdılar. Dünyanın tanınmış rəssamları adıçəkilən festivalda iştirak edirdi, onların əsərləri, janr və üslub rəngarəngliyi məni heyrətə gətirmişdi. Həmin festivalda muxtar respublikanın tanınmış rəssamı Eldar Zeynalovla görüşüb söhbət etmək imkanı əldə etdim. Əsərləri ilə tanış olduqdan sonra heç tərəddüd etmədən Eldar müəllimdən dərs almağı qərara aldım. Çünki bilirdim ki, görkəmli rəssamın tələbəsi olmaq məni gələcəkdə daha böyük uğurlara apara bilər. İki il ərzində Eldar Zeynalov mənə rəssamlığın sirlərini öyrətdi. Azərbaycan xalq rəssamlarının əsərlərinə çox böyük rəğbətim var.
Biz gənclər üçün bu gün ən böyük töhfələrdən biri də budur ki, rahat işləmək üçün emalatxanalarımız var. Yaradılan şərait gənc rəssamların, eləcə də mənim inkişafıma təkan verir.
Müsahibim onu da dedi ki, rəssamlıq mənim üçün özünüifadə, özünütəsdiq üsuludur. Müxtəlif sərgilərdə iştirakım və nailiyyətlərim bunun sübutudur. Ümumiyyətlə, incəsənət mənim üçün hər şeydir. Rəssamlığın bütün janrları maraqlıdır. Ancaq ən çox qrafika janrına üstünlük verirəm.
Xədicənin fikrincə, rəssamlıq sənətinin təməli məhz bu janrla atılır. Ən çox sevdiyi rənglər çəhrayı və mavi rənglərdir. O, tez-tez öz molbertini götürərək muxtar respublikanın gəzməli-görməli yerlərinə gedir, Tanrının yurdumuza bəxş etdiyi təbiət gözəlliklərini kətan üzərinə köçürür. Xədicənin yaratdığı əsərlərin bəyənilməsi üçün təxəyyül də əsas rol oynayır.
Onun ən böyük arzusu rəsm qalereyası yaratmaqdır. Biz də, öz növbəmizdə, Xədicəyə sənət yolunda yeni-yeni yaradıcılıq uğurları arzulayırıq. Əminik ki, dövlətimiz tərəfindən yaradılan şərait Xədicə kimi bir çox gəncimiz üçün geniş üfüqlər açacaqdır.
Nail ƏSGƏROV