Kəngərli Rayon Mədəniyyət Evində Naxçıvan Dövlət Film Fondu tərəfindən “Azərbaycan Kinosu Günü” layihəsi çərçivəsində 2015-ci ildə “Azərbaycanfilm” kinostudiyası tərəfindən istehsal olunmuş “Yarımçıq xatirələr” bədii filmi nümayiş etdirilib.
Filmin nümayişindən əvvəl Naxçıvan Dövlət Film Fondunun əməkdaşı Şənhəyat Səfərova çıxış edərək Azərbaycan kinosunun keçdiyi inkişaf yolundan danışıb və müstəqillik illərində çəkilmiş yeni bədii filmlər haqqında tamaşaçılara məlumat verib.
Bildirilib ki, ssenari müəllifləri Konstantin Vorobyov və Yavər Rzayev olan bu ekran əsəri müharibə mövzusundadır. Film 1941-ci ildə Brest qalasını faşistlərdən qəhrəmancasına qorumuş və 50 ildən sonra doğma Qarabağı erməni işğalçılarından müdafiə etməyə qalxmış bir əsgərin taleyindən bəhs edir.
Qeyd edək ki, faşizm üzərində qələbənin 70 illiyinə həsr olunan filmin çəkilişləri Belarus Respublikasının paytaxtı Minskdə, məşhur Brest şəhərində, Vileyka qəsəbəsində və Azərbaycanda aparılıb.
Müharibəyə nifrət aşılayan “Yarımçıq xatirələr” filminin musiqisi görkəmli sənətkarımız Polad Bülbüloğlunundur. Filmin quruluşçu rejissoru Elxan Cəfərov, quruluşçu operatoru Nadir Mehdiyevdir.
Filmdə əsas rollarda Bəhruz Yusifoğlu, Qurban İsmayılov, Gülzar Qurbanova və başqaları çəkiliblər. “Yarımçıq xatirələr” filmində azərbaycanlı aktyorlarla yanaşı, belarus, gürcü və rus aktyorları da rol alıblar.
Maraqlı döyüş səhnələri və həyat hekayələri olan bədii film tamaşaçını düşündürür. Müharibənin real səhnələri tamaşaçıda həm də işğalçılıq siyasətinə nifrət yaradır.
“Yarımçıq xatirələr” filmi rayon ictimaiyyəti tərəfindən maraqla qarşılanıb.
Əli Rzayev