XVl-XVll əsrlərdə Azərbaycanın bir çox bölgəsində, xüsusilə Naxçıvanda əhali arasında geniş yayılmış, öz zəngin görünüşüylə gözoxşayan tikmə üsullarından biri də güləbətin tikmə üsuludur.
Güləbətin tikmə üsulu bahalı və ağır, sıx toxunuşlu parça üzərində tətbiq olunur. Parça üzərində qızılı və gümüşü saplar həm tikilmə texnikası, həm də gözoxşayan naxış oriyentallığıyla insanda estetik zövq yaradır. Bu tikmə üçün seçilən parça növü adətən mahud və ya tirmə olurdu. Güləbətin tikmə üçün saplar fərqliliyi ilə seçilir, bu saplarla işləmək xüsusi sənətkarlıq tələb edir. Saplar əyirmə və eşmə nəticəsində alınır, qızılı və gümüşü sapların özəyi ipək, adi iplik və kətan, yalnız üst təbəqəsi qızılı və gümüşü olur.
Güləbətin tikmə növünün bir neçə üsulu vardır. Doldurma tikmə sənəti muxtar respublikamızda daha çox yayıldığından, bu özəllik güləbətində də öz əksini tapır. Çünki ən geniş yayılmış üsul sadə və qabarıq doldurma üsuludur. Güləbətin tikmənin əsas xüsusiyyəti onun böyük və siluetli olmasıdır.
Həmin dövrdə, əsasən, milli geyimlərdə, xüsusən Naxçıvan xanımlarının geyindiyi üst geyimlərində və qadın baş geyimi olan araqçınlarda daha çox təsadüf olunur. Bu da keçmişdən xanımlarımızın yüksək zövqə sahib olduğundan xəbər verir.
Qədimdə Naxçıvanda hər bir nişanlı qız öz cehizliyi üçün güləbətin tikmə üsulu ilə işlənmiş müəyyən əşyaları əl əməyi, göz nuru ilə bəzəyirdi (örtüklər, yastıqlar, daraqqabı, canamazlar və sair).
Güləbətin tikmə sənəti nümunələrini orta əsrlərdə feodallara vergi ödəyənlər xərac əvəzinə də verirdilər. Bu da həmin sənət nümunələrinin nə qədər zəngin və qiymətli olmasından xəbər verir. Artıq bu sənət növü bütün el sənəti nümunələri kimi müasir dövrümüzdə də tətbiq edilməkdədir. Bunlar yüz illər boyu cilalana-cilalana dövrümüzə qədər gəlib çatıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 2009-cu il 7 fevral tarixli Sərəncamı muxtar respublikada belə dəyərlərin qorunmasına, təbliği və gələcək nəsillərə ötürülməsinə böyük dövlət qayğısının parlaq ifadəsidir. Sərəncama əsasən müxtəlif tədbirlərin keçirilməsi davamlı xarakter alıb. Belə tədbirlər unudulmaqda olan folklor nümunələrimizin, milli adət-ənənələrimizin, qədim sənətlərimizin yenidən xalqımıza qaytarılmasında mühüm rol oynayır. Muxtar respublikamızın bütün bölgələrində xalq yaradıcılığının müxtəlif sahələrinə yeni həyat verilir. Xalq sənətinin və yaradıcılığının ağacişləmə, xalçaçılıq, papaqçılıq, dülgərlik, dəmirçilik, toxuculuq, zərgərlik, misgərlik sahələri ilə yanaşı, tikmə sənəti də yaşadılır.
Fatma ŞAHBAZOVA
AMEA Naxçıvan Bölməsinin əməkdaşı