23 Dekabr 2024, Bazar ertəsi

Xalq yaradıcılığının əsas növlərindən biri olan tikmə qadınların min bir əziyyətlə, həvəslə ərsəyə gətirdiyi bir sənətdir. Bu sənət sayəsində saya üzərində rəngli saplarla xəyali təsvirlər yaradılıb, min bir çalarlı təbiət gözəlliyi əks etdirilib. Məhz buna görə də tikməni “lifli rəssamlıq” da adlandırırlar. Təsviri sənətdə olduğu kimi, tikmələr də müxtəlif növ və üsullara malikdir. Müxtəlif bədii vasitələrlə portret, mənzərə, natürmort və sair tablolar, ornamental əsərlər yaradılıb. Bu sənətin hikməti onun ecazkarlığında, açılmayan səhifələrindədir.

Bu günlərdə qonşuluqda yaşayan Fatma xalanı ziyarətə getmişdim. Ev sahibəsi çay süfrəsi arxasına keçməyim üçün çox təkid etdi. Elə bu vaxt stolun üstünə salınmış süfrə nəzərimi çəkdi. Gözlərimi süfrədən ayıra bilmədim. Bunu görən Fatma xala dedi ki, nə çox baxırsan, bala? Bu, mənim rəhmətlik nənəmdən anama qalıb. Anam da heç kimə qıymadığı bu zərifnaxışlı örtüyü mənə verib ki, yadigar qalsın. Hə bala, bu örtüyü əziz qonağım gələndə işlədirəm.
Bu zərif əl işinə olan heyranlığım məni Culfa Rayon Mədəniyyət və Turizm Şöbəsinin nəzdində fəaliyyət göstərən Gülüstan kənd mədəniyyət evinin bədii rəhbəri Aidə İbrahim­ovanın çalışdığı mədəniyyət müəssisəsinə gətirdi. Eşitmişdim ki, bu sənətlə məşğul olan qadınlar arasında Aidə xanımın öz yeri var. Onunla görüşüb həmsöhbət olduq:

– Aidə xanım, hər bir sənətin öz dili var. Xalq yaradıcılığının məhsulu olan tikmə sənətində cəmiyyətin inkişaf mərhələsi xarakteri və tarixi necə əks olunub?
– Azərbaycan məişətində güləbətin, saya, naxışlı bədii tikmə, təkəlduz, “quşgözü” texnikasında tikmə, metal-muncuqlu tikmə, pilək tikmə, çaxma pilək (buna zərənduz da deyirlər), doldurma tikmə növləri olub. Bu zərif əl işlərində xalqımızın tarixi, mədəniyyəti dolğun əksini tapıb.
Bu gün də Azərbaycanın bir çox yerlərində kökü qədim dövrlərə gedən bədii tikmə sənəti qorunub saxlanılır. Sənətkarların əl işləri beynəlxalq sərgi və muzeylərin ekspozisiyasını bəzəyir.
Tikmə sənəti əsrlər boyu qadınların sevimli məşğuliyyəti sayılıb. Təkəlduz tikmə ilə kişilər də məşğul olub. Zamanında ən dəyərli sərvət sayılan bu gözəl nümunələr nəsildən-nəslə keçərək bu günümüzədək gəlib çıxıb. Tikmə elə bir sənət növüdür ki, onunla həm sadə xalq içindən çıxmış insanlar, həm də zəngin təbəqəyə malik olan qadınlar məşğul olurdular.
Bədii tikmə sənətində zərgər dəqiqliyi tələb edən rəssamlıq, yüksək rəng duyumu olmalıdır. İşlənilən sap və materiallara ciddi fikir verilməlidir. Bu sənət növünə olan marağın artmasına səbəb dövlətimizin yaradıcı insanlara göstərdiyi diqqət və qayğıdır. Bunun üçün öz tariximizi, mədəniyyətimizi tablolarda, geyimlərdə, ev əşyalarında yaşatmağa çalışıram. Bu sənətin texnikasını mükəmməl bilmək üçün daim axtarışda oluram. Naxçıvanlı qadınların dünyagörüşü, estetik zövqünün yüksək olması bu sənətin daha mükəmməl işlənməsinə şərait yaradıb. Qadınların istifadə etdiyi küləcələrdə güləbətin tikmələrə üstünlük verilir.
Tikmənin növləri çoxdur. “Quş­gözü” və sair tikmələrdə naxış elementləri düzgün seçilməlidir. Mən öz əl işlərimdə Naxçıvan Muxtar Respublikasında olan dünya əhəmiyyətli abidələri – Möminə xatın, Gülüstan türbəsi və sair kimi abidələrimizin üzərindəki naxış elementlərindən istifadə edirəm.
Hər bir əsərdə eskizlər hazırlanır, rənglər düzgün seçilir, naxış elementlərindən istifadə olunur. Əl işlərimdən birində Gəmiqayadakı qayaüstü rəsmlərdən istifadə etmişəm.
Muxtar respublikada keçirilən xalq yaradıcılığı günlərində də iştirak edirəm. Əməyim dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə “Rəşadətli əməyə görə” nişanı ilə təltif olunmuşam.
– Yaradıcılığınızda ən çox buta naxış elementinə üstünlük verirsiniz. Burada məqsəd nədən ibarətdir?
– Buta naxış elementi alov mənasında işlənir. Odlar yurdumuzun simvoludur. “Odlar yurdu” adlı bir əl işim var. Rəng seçimlərinə, həm də qoşa quş təsvirinə yer ayırmışam. Xalça və tikmələrimizdə bu naxışdan yetərincə istifadə olunub. Xalçaçı rəssam Lətif Kərimovun yaradıcılığında butaya geniş yer verilib. Qeyd etmək lazımdır ki, bu naxışdan hər yerdə istifadə etmək olmaz. Küsülü buta, sevgili buta var, onların da hər birinin özünəməxsus xüsusiyyətləri mövcuddur.
Mən həm də Culfa Rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində “Bacarıqlı əllər” dərnəyinin rəhbəriyəm. Uşaqlara bu sənətin sirlərini öyrədirəm. Çalışıram ki, uşaqlar asudə vaxtlarını səmərəli keçirsinlər. Həm də onlara başa salıram ki, bu sənətə XIX əsrdə məşhur şair və maarif xadimləri də maraq göstəriblər. Şairə Xurşidbanu Natəvan, təbiətşünas-alim Həsən bəy Zərdabi, rəssam, şair və musiqişünas Mirmöhsün Nəvvab və başqalarını misal göstərmək olar. Xurşidbanu Natəvanın əl işləri Şərqin məşhur rəssamları – Manu və Behzadın əsərlərinə bərabər ­tutulub.
Qeyd edək ki, bu sənəti yaşadanların həm vaxtları səmərəli keçir, həm də adət-ənənələrimiz, dəyərlərimiz qorunub saxlanılır. Dünyanın ən zərif sənət növlərindən olan tikmə ulu nənələrdən bizə gözəl bir ənənə olaraq ötürülən qiymətli irsdir. Bu sənəti qorumaq, yaşatmaq və gələcək nəsillərə təhvil vermək üçün hər birimiz səylə çalışmalıyıq. Tarixi yüz illərlə ölçülən tikmə sənətimizin ənənələrini bu işlə məşğul olan peşə sahibləri vasitəsilə qoruyub saxlamaq mümkündür. Ümid edirəm ki, milli dəyərlərimiz bu sənətlər vasitəsilə yaşadılacaq, gələcək nəsillərə ərməğan olacaq.

Adilə SƏFƏROVA
Naxçıvan Dövlət Televiziyasının baş redaktoru

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR