23 Dekabr 2024, Bazar ertəsi

Avqustun 25-də Naxçıvan Dövlət Filarmoniyasında tanınmış müğənni, Azərbaycan Respublikasının Xalq artisti Əzizağa Məmmədovun 60 illik yubileyi münasibətilə tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova açaraq bildirib ki, qədim diyarımızda sənət adamlarına yüksək diqqət və qayğı göstərilir. Bu gün anadan olmasının 60 illiyini qeyd etdiyimiz Əzizağa Məmmədovun yubileyi də bu ənənələrin davam etdirilməsinin gözəl nümunəsidir.
Nazir Xalq artisti Əzizağa Məmmədovu 60 yaşının tamam olması münasibətilə təbrik edib, ona yaradıcı­lıq uğurları arzulayıb. Bildirilib ki, tanınmış müğənni həyatının 40 ilini musiqi mədəniyyətimizin inkişafına həsr edib. Erkən yaşlarından musiqiyə həvəsi onu Ordubad rayonunda fəaliyyət göstərən “Təravət” xalq çalğı alətləri ansamblına gətirib. Bir qədər burada çalışdıqdan sonra Naxçıvan şəhərinə gəlib. 1979-cu ildən Naxçıvan Dövlət Filarmoniyasının müğənnisi kimi fəaliyyət göstərib. Həyatını musiqiyə həsr edən istedadlı müğənni tez bir zamanda xalq və bəstəkar mahnılarını, təsniflərimizi özünəməxsus ifa etməklə tamaşaçı rəğbəti qazanıb. Onun repertuarındakı “Azərbaycan maralı”, “Sarı gəlin” və başqa onlarla xalq mahnısı bir sıra xarici ölkələrdə də səslənib və alqışlarla qarşılanıb. Müğənni xalq mahnı və təsniflərinin gözəl ifaçısı olmaqla yanaşı, həm də çoxsaylı bəstəkar mahnılarının ifaçısı kimi də tanınıb.

Qeyd olunub ki, Əzizağa Məmmədovu fərqləndirən bir cəhət də onun repertuarında həmişə Azərbaycan və qədim Naxçıvanımız, ­Vətən və dövlət sevgisi haqqında mahnıların əsas yer tutmasıdır. “Naxçıvan”, “Batabat”, “Nə gözəldir, Azərbaycan”, “Üçrəngli bayrağım”, “Azərbaycan oğluyam” və başqa mahnılar onun tərəfindən sevilə-sevilə oxunub.
Əzizağa Məmmədovun musiqi mədəniyyəti sahəsindəki xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. O, 2003-cü ildə “Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti”, 2006-cı ildə “Azərbaycan Respublikasının Əməkdar artisti”, 2008-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb və Prezident mükafatçısı olub.
Tədbirdə Xalq artistinin sənət dostları Naxçıvan Dövlət Filarmoniyasının direktoru, Azərbaycan Respublikasının Əməkdar artisti Elman Əliyev, Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, Əməkdar mədəniyyət işçisi Asim Əliyev, Əməkdar incəsənət xadimi Kamal Əhmədov, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi, tarzən Əkrəm Məmmədov, Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti, tarzən Zöhrab Axund­ov və başqaları öz ürək sözlərini bölüşüblər.
Tədbirdə tanınmış müğənninin sənət dostlarının ifasında mahnılar və musiqi əsərləri səsləndirilib.
Sonda yubilyar Əzizağa Məmmədov çıxış edərək yaradıcılığına yüksək qiymət verildiyi üçün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib, musiqi mədəniyyətimizin inkişafı üçün bundan sonra da fədakarlıqla çalışacağını deyib.

Əli RZAYEV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR