23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun “Eynəli bəy Sultanovun 150 illik yubileyinin keçirilməsi haqqında” 2016-cı il 15 fevral tarixli Sərəncamı eynəlibəyşünaslığın yenidən canlanması üçün yeni bir stimul oldu. Bu sərəncamdan irəli gələn vəzifələrin yerinə yetirilməsi üçün muxtar respublikamızın elm, təhsil və mədəniyyət müəssisələri səfərbər oldular, müxtəlif tədbirlər planı tərtib edilərək onların real­laşdırılması işinə başlanıldı.

Bütün bunlarla bərabər, gənc alim, Eynəli bəy Sultanovun folklorşünaslıq fəaliyyətinin tədqiqi ilə on ilə yaxın bir müddətdə ardıcıl məşğul olan Elxan Yurdoğlu (Məmmədov) həmin sərəncamdan irəli gələn vəzifələrin həlli istiqamətində səmərəli elmi fəaliyyət göstərərək əhəmiyyətli uğurlar qazanmışdır. O, Eynəli bəyin, ümumilikdə, çoxşaxəli yaradıcılığına bələd olduğundan görkəmli sənətkarın teatr, ədəbiyyat, publisistika, jurnalistika sahələrindəki fəaliyyətinin ötəri nəzər salınmış tərəflərini bir daha qabarıq və geniş işaqlandırmağın öhdəsindən gələ bilmişdir. Belə ki, yorulmaz tədqiqatçı yubiley gününədək E.Sultanovun uşaqlar üçün qələmə aldığı “Səhhət verirsən, vermirsən?” adlı birpərdəli, alleqorik pyesini müəyyən əlavələr etməklə yenidən işləyib onu Naxçıvan Dövlət Kukla Teatrına təqdim etmiş, ədibin XIX əsrin sonu, XX əsrin əvvəllərində “Novoye obozreniye”, “Yeni fikir”, “Yeni yol”, “İşıqlı yol” qəzetlərində, “Dan ulduzu”, “Şəfəq” jurnallarında və digər mətbuat səhifələrində çap olunmuş, həmçinin əlyazma şəklində və rus dilində aşkar edilmiş hekayələrini toplayaraq, onların tərcüməsinə nail olmaqla “Hekayələr” adlı kitab nəşr etdirmişdir. İzzət Maqsudovun “Eynəli bəy Sultanovun həyat və yaradıcılığı” dissertasiyasının təkrar nəşrini və İradə Əsədovanın “Eynəli bəy Sultanovun yaradıcılıq yolu” adlı rus dilində monoqrafiyasının tərtib və nəşrini isə ilk dəfə həyata keçirmişdir.

Bu günlərdə işıq üzü görmüş “Eynəli bəy Sultanov və folklor” monoqrafiyası isə Elxan Yurdoğlunun eynəlibəyşünaslığa ən böyük töhfədir. Bu sanballı elmi əsər müəllifin uzunmüddətli və hərtərəfli axtarışlarının, tədqiqatlarının uğurlu yekunudur.
Akademik, Əməkdar elm xadimi İsa Həbibbəylinin rəhbərliyi altında ərsəyə gəlmiş bu tədqiqat əsəri giriş, üç fəsil, nəticə və istifadə olunmuş ədəbiyyat siyahısından ibarətdir. “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində nəşr olunmuş monoqrafiyanın rəyçiləri akademik Muxtar İmanov, AMEA-nın müxbir üzvü Kamran Əliyev, filologiya üzrə elmlər doktorları, professorlar Məhərrəm Qasımlı və Yusif Səfərovdur.
“Giriş”də müəllifin maraqlı bir nüansa toxunması və monoqrafiyanın aktuallığını tutarlı əsaslandırması təqdirəlayiqdir: “Tarix boyu süfrələrimizin başında əyləşib, yeməyimizə zəhər qatmağa çalışan mənfur qonşularımız olan ermənilərin, eləcə də Qafqaz ailəsi adı altında bir bölgədə iç-içə yaşadığımız digər xalqların bir çox hallarda Azərbaycan xalqının şifahi söz sənətini imitasiya edərək, hətta bəzən açıq şəkildə mənimsəyərək öz adlarına çıxmalarını nəzərə alsaq, o dövrün ziyalılarının folklorşünaslıq irsinin tədqiqi çox aktual problem kimi qarşımıza çıxır. Müstəqillik əldə etdikdən sonra bu istiqamətdə elmi tədqiqatların aparılması üçün də geniş imkanlar yarandığını qeyd etməliyik.
Son illər Azərbaycan folklorunun, folklorşünaslığının, yazıçı-folklor əlaqəsinin, yaradıcılıqda folklor məsələlərinin öyrənilməsi sahəsində qazanılan təcrübə, görülən işlər ­Eynəli bəy Sultanovun folklor toplayıcısı, tədqiqatçısı məsələsinə də geniş şəkildə yanaşma zərurətini ortaya çıxarmışdır”.
Monoqrafiyanın “Eynəli bəy Sultanov və onun folklorşünaslıq görüşləri” adlanan birinci fəslində tanın­mış şəxsiyyətin həyatı və mühiti də bir daha xatırlanır, folklorşünaslıq görüşlərindən bəhs olunur. “Azərbaycan folklorunun toplanması, tədqiqi və nəşrində Eynəli bəy Sultan­ovun rolu” adlı ikinci fəsildə yazıçı-publisistin folklorşünaslıq fəaliyyəti tədqiq olunmaqla yanaşı, o, bir folklor toplayıcısı və folklor naşiri kimi də tanıdılır. Üçüncü, əsas fəsil “Eynəli bəy Sultanovun yaradıcılığında folklor ənənəsi” adlanır. Burada əsas diqqət görkəmli yazıçı-publisistin yaradıcılığında folklordan istifadəyə cəlb olunur. Onun əsərlərində folklor mövzu və süjetlərindən, atalar sözləri və məsəllərdən istifadəsi, yaradıcılığında xalq şeirinin və nağıl təhkiyəsinin yer alması tədqiq və təhlil olunur. Bu fəsildə E.Sultanovun publisistikasında da folklordan istifadəyə ətraflı nəzər salınır.
Bu tədqiqat əsərində əldə olunmuş elmi nəticələr böyük əhəmiyyət daşıyır. Monoqrafiyanın folklorşünaslığımıza gətirdiyi elmi yeniliklərin də bir qisminə diqqət yetirək: hər şeydən əvvəl, bu monoqrafiyaya qədər E.Sultanov haqqında yazılmış dissertasiyalarda ədibin həyatı, təhsil aldığı yer və məktəb illəri ilə bağlı yol verilmiş yanlışlıqlar, ayrı-ayrı tədqiqatçıların axtarışlarının nəticələri dəqiqləşdirilmişdir; Eynəli bəy Sultanovun folklorşünaslıq görüşləri geniş, ətraflı və əhatəli şəkildə araşdırılaraq müasir elmi prinsiplər əsasında öyrənilmişdir; onun milli folklor nümunələrimizin toplanması istiqamətində fəaliyyəti ilə bağlı araşdırmalar aparılmış, publisistikasında bu nümunələrdən istifadə etməsi də ilk dəfə olaraq araşdırılmışdır.
Kitabın cildinin arxasında müəllif haqqında məlumatla yanaşı, Elxan Yurdoğlunun ilk dəfə ekranda – 2016-cı ildə E.Sultanov haqqında Naxçıvan televiziyası tərəfindən çəkilmiş “Onun həyat amalı” sənədli filmində canlandırdığı Eynəli bəy obrazının müxtəlif epizodlardan təsviri olan fotolar verilmişdir ki, bu da gənc və istedadlı alimin uğurlu eynəlibəyşünaslıq fəaliyyətinin məcmusu və məntiqi davamı kimi maraq doğurur.
Bu yazını monoqrafiyanın elmi redaktoru, görkəmli akademik, XX əsr Azərbaycan ədəbiyyatının mükəmməl tədqiqatçısı İsa Həbibbəylinin kitab üçün yazdığı ön sözdən bir neçə cümlə ilə bitirməyi məqsədəuyğun saydım. Akademik yazır: “... Elxan Yurdoğlu-Məmmədovun ədibin folklorşünaslıq irsinə həsr olunmuş monoqrafiyası bu istiqamətdəki tədqiqatların əhatə dairəsini genişləndirir və tamamlayır.
...“Eynəli bəy Sultanov və folklor” monoqrafiyası müstəqillik dövrü Azərbaycan folklorşünaslıq elminə qiymətli töhfədir. Bu monoqrafiya folklor irsimizin toplanma təcrübəsi və araşdırılması səviyyəsini elmi səviyyədə əks etdirir. Eyni zamanda əsər Eynəli bəy Sultanovun timsalında folklorçunun vətənpərvərlik və milli mövqeyinin zənginliyinə işıq salmaqla yeni nəsil folklorşünaslar üçün konkret baxış bucağı müəyyən etməyə işıq salır. Elxan Yurdoğlu-Məmmədov məhz həmin ali prinsipləri dərindən mənimsəyən və uğurla həyata keçirən folklorşünas olduğunu isbat edir”.

Ələkbər QASIMOV
sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR