Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyi tərəfindən 12 avqust – Beynəlxalq Gənclər Günü ilə bağlı gənclərin muzeylərə gəzintiləri təşkil olunub.
Gənclər və İdman Nazirliyinin əməkdaşı Tahir Məmmədli deyib ki, gəzintinin təşkil olunmasında məqsəd gənclərin asudə vaxtlarının səmərəli təşkili, tarixi abidələr və muzeylərlə daha yaxından tanış olması, tariximizin unudulmaması və gələcək nəsillərə çatdırılmasıdır. O bildirib ki, 12 avqust tarixinin Beynəlxalq Gənclər Günü kimi qeyd olunması 1998-ci il avqustun 8-dən 12-dək Lissabonda gənclərlə iş üzrə nazirlərin iştirakı ilə keçirilən beynəlxalq konfransda qərara alınıb. Həmin gündən etibarən bu gün Azərbaycanda da Beynəlxalq Gənclər Günü kimi qeyd olunur.
Daha sonra ekskursiya iştirakçıları Heydər Əliyev Muzeyini ziyarət ediblər. Burada muzeyin direktoru Ramil Orucəliyev onlara muzey haqqında ətraflı məlumat verib, gənclər muzeydəki eksponatlarla tanış olublar. Həmçinin idmançılar Xalça Muzeyini və Ədəbiyyat Muzeyini də ziyarət edib, orada nümayiş olunan eksponatlara da baxıblar.
Gəzintidə 30 nəfər gənc iştirak edib.
Ceyhun MƏMMƏDOV