Naxçıvan Dövlət Xalça Muzeyində keçirilən görüşü giriş sözü ilə muxtar respublikanın mədəniyyət və turizm naziri Natəvan Qədimova açaraq bildirib ki, muzey işinin inkişaf etdirilməsində Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Sədrinin imzaladığı çoxsaylı sərəncamlar mühüm rol oynayıb. “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyul tarixli Sərəncamına əsasən təhsil müəssisələri ilə muzeylər arasında interaktiv əlaqələr təşkil olunur, məktəb muzey şəbəkələri vasitəsilə onlayn dərslər keçilir. Nazir “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 2015-ci il 27 iyul tarixli Sərəncamın icrası istiqamətində görülən işlərdə də danışıb. Qeyd edib ki, Ali Məclis Sədrinin muzeylərlə əlaqələrin gücləndirilməsi haqqında 2014-cü il 19 dekabr tarixli Sərəncamı muzeylərlə əlaqələrin qurulmasında mühüm rol oynayıb.
Diqqətə çatdırılıb ki, zəngin mədəni irsimizin qorunması və təbliği ilə bağlı görülən işlər ardıcıl olaraq həyata keçirilir. Bu sahədə muzeylərimizin zənginləşdirilməsi, maddi-mədəniyyət nümunələrinin toplanması işi də daim diqqətdə saxlanılır. Bu gün qədim diyarımızda sakinlər tərəfindən tariximizlə bağlı əşyaların muzeylərə təqdim edilməsi ənənəsi yaranır. Eksponatların təqdim edilməsi nəticəsində muzeylərimiz zənginləşir, həm də bu günə qədər gəlib çatmış qədim əşyalar muzeylərimizdə etibarlı şəkildə qorunur və nümayiş etdirilir. Keçən il muzeylərimizə 1500-ə, bu il isə 800-ə yaxın eksponat təqdim edilib.
Vurğulanıb ki, muzey fondlarının zənginləşdirilməsində səmərəli fəaliyyət göstərən vətəndaşlardan biri də Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Akif Hacıyevdir. Akif Hacıyev 35 ilə yaxındır ki, Cəlil Məmmədquluzadənin Nehrəm kəndindəki Xatirə Muzeyində çalışır. Təcrübəli muzey işçisi kimi Akif Hacıyev öz işinə qəlbən bağlılığı ilə seçilir. O, mədəniyyət və tariximizi sevməklə yanaşı, qədim əşyaların toplanmasında da fədakarlıq göstərir, muzey fondlarının yeni eksponatlarla zənginləşdirilməsində yaxından iştirak edir. İndiyədək onun topladığı 20-dən çox yeni eksponat muxtar respublikanın muzeylərinə hədiyyə edilib. Həmin eksponatlar içərisində müxtəlif məişət əşyaları, milli geyimlər, bədii tikmə və başqa maddi-mədəniyyət nümunələri vardır. Bütün bunlar onun mədəniyyət və tariximizə bağlılığından, həm də sevgisindən qaynaqlanır.
Akif Hacıyev görüşdə çıxış edərək vurğulayıb ki, muxtar respublikada maddi-mədəniyyət nümunələrinin toplanmasında bundan sonra da fəal iştirak edəcəkdir.
Görüşdə Akif Hacıyevə Mədəniyyət və Turizm Nazirliyinin fəxri fərmanı təqdim edilib, qiymətli hədiyyə verilib.
Sonda muzeyin ekspozisiyasına baxış olub.
Əli RZAYEV