Psixoloqların yeni tədqiqatlarının nəticələrinə görə, uşaqlar maraqlı oyun prosesində əldə etdikləri bilikləri daha yaxşı mənimsəyirlər. Söhbət təkcə akademik biliklərdən yox, həm də mənəvi-etik məsələlərdən gedir. Uşaqlar səhnədə personajlarla birgə həyəcan keçirərək rolları aktyorlarla birgə yaşayır və həyati vəziyyətlər onların şüurunda həkk olunur.
Bəli, kukla teatrı uşaqda həyati proqram formalaşdıran son dərəcə mühüm məfhumdur. Uşaqları kukla teatrına aparmaq, onlarla birgə getmək, baxılan tamaşaları mütləq müzakirə etmək çox vacibdir. Axı onlar gördüklərinə tənqidi yanaşa bilmirlər. Buna görə də böyüklər səhnədə baş verənlərə qiymət verərkən ehtiyatlı və təmkinli olmalıdırlar. Çünki uşaq böyüyün mövqeyini qavraya bilmir. Buna görə də ehtiyatsız olaraq deyilən söz uşağın səhnədəki sehrli aləm haqqında münasibətini dəyişə bilər.
Görkəmli maarifçi M.T.Sidqinin adını daşıyan Naxçıvan Dövlət Kukla Teatrı uşaqların ən çox üz tutduğu məkanlardandır. Teatrın kollektivi hər həftənin şənbə günü müxtəlif tamaşalarla uşaqların görüşünə gəlir, bir-birindən maraqlı səhnə əsərləri ilə onları sevindirə bilir.
Avqustun 1-də teatr mövsümü başa çatdı. Ötən mövsüm Naxçıvan Dövlət Kukla Teatrı bir-birindən maraqlı tamaşaları ilə balaca teatrsevərləri sevindirdi. Belə ki, ötən mövsümdə teatrın səhnəsində Nağı İsmayılzadənin “Ağca və Bozca”, Zaur Vedilinin eyniadlı Azərbaycan xalq nağılının motivləri əsasında yazdığı “Şahzadə Bəndalı”, “Meşə macəraları”, “Çalıb çağlayan ağac”, Eynəlibəy Sultanovun 150 illik yubileyi münasibətilə Səbuhi Hüseynovun pyesi əsasında səhnələşdirilən “Seymurun sirli dünyası”, Kəmalə Ağayevanın “Göyçək Fatma”, “Sirli sözlər”, Ağaxan Salmanlının “Niyyət açarı” və başqa tamaşalar maraqla qarşılandı.
Bəs gələn mövsüm teatr hansı tamaşalarla balacaların görüşünə gələcək? Elə bu suala cavab tapmaq üçün yolumuzu adıçəkilən ünvandan saldıq. Teatrın direktoru, Azərbaycan Respublikasının Xalq artisti Şirzad Abutalıbov bizimlə söhbət zamanı bildirdi ki, teatr kollektivi yeni mövsümdə maraqlı tamaşalarla balacalara sevinc bəxş edəcək. Belə ki, yeni mövsümdə balaca teatrsevərləri Əyyub Abbasovun “Keçinin qisası”, Şirzad Abutalıbovun ərəb xalq nağılı əsasında səhnələşdirdiyi “Ələddinin sehrli çırağı”, rus xalq nağılı əsasında hazırlanan “Qoğalın sərgüzəşti” və başqa tamaşalar gözləyir.
Tamaşaya qoyulan əsərlər, əsasən, vətənpərvərlik, dürüstlük, ədalət, böyüklərə hörmət ruhunda yazılan pyeslərdir. Tamaşa üçün elə əsərlər seçilir ki, onlar uşaqların düzgün tərbiyəsinə, gələcəkdə cəmiyyətə faydalı vətəndaş kimi formalaşmasına köməklik etsin. Milli adət-ənənələrimizin öyrənilməsi, Vətənə, xalqa məhəbbət hissləri hər zaman ön plana çəkilir. Kukla teatrı fəaliyyətə başladığı vaxtdan etibarən uşaqlarda bu teatra qarşı həvəs yaratmaq məqsədilə bir çox tədbirlər həyata keçirir. Belə ki, hər il teatrın kollektivi muxtar respublikanın bölgələrində müxtəlif tamaşalarla balaca teatrsevərlərin qonağı olur. Bu tədbirlər gələn mövsüm də davam etdiriləcək.
Nail ƏSGƏROV