XIX əsrin sonu, XX əsrin əvvəlləri tarixə Azərbaycanda maarifçiliyin intibah dövrü kimi daxil olmuşdur. Həmin dövrdə qədim Naxçıvan diyarı da Azərbaycana çoxlu görkəmli şəxsiyyətlər, vətənpərvər övladlar bəxş etmişdir. Vətənini sevən, yaşadığı torpağa bağlı olan vətənpərvər övladlardan biri də Mirbağır Mirheydər oğlu Mirheydərzadə olmuşdur. Anadan olmasının 140 illiyi tamam olan bu maarifpərvər ziyalı mənalı həyatının 15 ilə yaxın bir dövrünü Naxçıvanda muzey quruculuğu işinə həsr etmişdir.
Mirbağır Mirheydərzadə 1877-ci ildə Ordubad rayonunun Nürgüt kəndində yoxsul kəndli ailəsində anadan olmuşdur. Bir neçə il sonra onun ailəsi köçüb Naxçıvan şəhərinə gəlir. 1887-1896-cı illərdə Naxçıvan şəhər mədrəsəsində təhsil alan bu gənc 1899-cu ildə Təbriz ruhani məktəbində təhsilini başa vurur. Naxçıvanda münasib iş tapa bilmədiyindən Tiflisə gedən gənc Mirbağır burada inqilabi əhvali-ruhiyyəli adamlarla tanış olur və onlarla tez-tez görüşür.
XX əsrin ilk illərində Rusiyanın, Ukraynanın mərkəzi şəhərlərində, Bakıda, Tiflisdə və digər yerlərdə cərəyan edən ictimai-siyasi prosesləri diqqətlə izləyən Mirbağır Mirheydərzadə yavaş-yavaş ruhanilikdən uzaqlaşaraq siyasətlə məşğul olur, bu fəaliyyətinə görə dəfələrlə təqiblərə məruz qalır, həbsxanaya salınır.
Mütərəqqi fikirli Mirbağır Mirheydərzadə siyasi fəaliyyəti ilə şah və çar üsul-idarəçiliyinə qarşı mübarizə aparmaqla bərabər, 1918-1919-cu illərdə erməni daşnaklarına və ingilis-amerikan müdaxiləsinə qarşı da geniş fəaliyyət göstərmişdir. 1918-ci ilin iyul ayında erməni daşnakları Nehrəmə hücum etdiyi vaxtlarda Mirbağır Mirheydərzadə nehrəmlilərə silah və hərbi sursat göndərməklə kəndin müdafiəçilərinə dəstək vermişdir. O, eyni zamanda tarix, dil-ədəbiyyat, coğrafiya və astronomiya elmləri ilə də dərindən maraqlanır, rus, ərəb və fars dillərini mükəmməl bilirdi.
1920-ci ildə Azərbaycanda və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan diyarında sovet hakimiyyəti bərqərar olduqdan sonra M.Mirheydərzadənin fəaliyyəti, əsasən, Naxçıvanın tarixi, bu ərazidəki qədim abidələrin və yer adlarının öyrənilməsi, arxeoloji materialların, folklor nümunələrinin toplanması və tədqiqi ilə bağlı olmuşdur.
Həmin dövrdə Naxçıvanda heç bir elmi müəssisə, idarə və təşkilat olmadığından o, müstəqil surətdə tədqiqat işləri ilə məşğul olur, Naxçıvanın tarixini və coğrafiyasını öyrənirdi.
1923-cü ildə Bakıda Azərbaycanı Öyrənən Tədqiq və Tətəbbö Cəmiyyətinin, 1924-cü ilin oktyabrında Naxçıvanda Xalq Komissarları Sovetinin qərarı ilə Naxçıvan Tarix-Etnoqrafiya Muzeyi, 1925-ci ilin may ayında isə Azərbaycanı Öyrənən Tədqiq və Tətəbbö Cəmiyyətinin Naxçıvan təşkilatı yaradılır. Təsis yığıncağında M.Mirheydərzadə cəmiyyətin elmi katibi vəzifəsinə seçilmiş və 1928-ci ilin ortalarınadək bu vəzifədə çalışmışdır. Cəmiyyətin 1925-1928-ci illərdəki fəaliyyəti dövründə keçirilmiş iclas protokollarının təhlilindən aydın olmuşdur ki, cəmiyyətin üzvləri, xüsusilə onun elmi katibi M.Mirheydərzadə Naxçıvanda muzey quruculuğu işində fəal iştirak etmişlər.
Naxçıvanı Öyrənən Tədqiq və Tətəbbö Cəmiyyətinin fəaliyyətini müəyyən mənada əks etdirən iclas protokollarının təhlilindən aydın olur ki, cəmiyyət Naxçıvan Tarix-Etnoqrafiya Muzeyinin fəaliyyəti ilə daim maraqlı olmuşdur. Protokollardan o da məlum olur ki, həmin iclaslarda Naxçıvan Tarix-Etnoqrafiya Muzeyi ilə bağlı məsələlər müzakirə edilmiş və müvafiq qərarlar qəbul olunmuşdur. Müzakirədə qəbul olunan qərarlarda Naxçıvan Tarix-Etnoqrafiya Muzeyinin zənginləşdirilməsi, həmin dövrlərdə Naxçıvana gəlmiş arxeoloq və etnoqrafların Xaraba Gilandan, Qızılburundan və Şahtaxtı Govur qalasından əldə etdikləri maddi-mədəniyyət nümunələrinin, onların fotoşəkillərinin, həmçinin həmin arxeoloq və etnoqrafların tərtib etdikləri hesabatların nüsxələrinin muzeyə verilməsi nəzərdə tutulurdu.
Faktlardan göründüyü kimi, ötən əsrin 20-ci illərinin ortalarından etibarən Naxçıvan tarixinin öyrənilməsində və bu tarixi özündə yaşatmağa başlayan Naxçıvan Tarix-Etnoqrafiya Muzeyinin (indiki Naxçıvan Dövlət Tarix Muzeyinin) təşəkkülündə və inkişafında Tədqiq və Tətəbbö Cəmiyyətinin, xüsusilə onun elmi katibi olmuş M.Mirheydərzadənin əvəzsiz rolu olmuşdur.
O dövrdə qazanılan əsas uğurlu nəticə ondan ibarət olmuşdur ki, həmin dövrlərdə bir çox yerlərdən və xüsusilə Rusiyadan gəlmiş arxeoloqların Naxçıvanda apardıqları qazıntı işləri zamanı əldə olunan maddi-mədəniyyət nümunələrinin hamısının olmasa da, bir qismi muzeyə verilərək onların Azərbaycandan çıxarılmasının qarşısı alınmışdır.
Mirbağır Mirheydərzadə Naxçıvan partiya-sovet məktəbində ölkəşünaslığa dair fənni tədris etmiş, eyni zamanda elmi-tədqiqat sahəsində də geniş fəaliyyət göstərmiş, Rusiyanın Moskva, Leninqrad (indiki Sankt-Peterburq) şəhərlərindən və Bakıdan Naxçıvana gələn tədqiqatçılara bələdçilik etmişdir.
Mirbağır Mirheydərzadə Naxçıvan MSSR Xalq Maarif Komissarlığının 1930-cu il 27 avqust tarixli 362 saylı əmri ilə Naxçıvan Tarix-Etnoqrafiya Muzeyinə direktor təyin olunmuş və 1944-cü ilin yazınadək bu vəzifədə çalışmışdır. Onun muzey direktorluğunun ilk illərində bu mədəniyyət müəssisənin adı dəyişdirilərək Naxçıvan Tarix-Ölkəşünaslıq Muzeyinə çevrilmişdir. Naxçıvan Mərkəzi İcraiyyə Komitəsi və Rəyasət Heyətinin 1932-ci il 26 avqust tarixli iclasında “Naxçıvan Ölkəşünaslıq Muzeyi” haqqında məsələ müzakirə olunmuşdur. İclasda Azərbaycan Dövlət Tarix Muzeyinin hazırladığı plan əsasında Naxçıvan Ölkəşünaslıq Muzeyinin tamamilə yenidən təşkil edilib başa çatdırılması, bununla əlaqədar Azərbaycan SSR Xalq Maarif Komissarlığı tərəfindən iki nəfər muzey işçisinin kömək üçün Naxçıvana ezam edilməsi ilə bağlı qərar qəbul edilmişdir. Dövlət və təsərrüfat təşkilatlarının sərəncamında olan bütün muzey eksponatlarının Naxçıvan Dövlət Tarix-Ölkəşünaslıq Muzeyinə verilməsi də həmin qərarda öz əksini tapmışdır. 1932-ci ilin oktyabrında qısa zamanda yenidən təşkil olunan Naxçıvan Dövlət Tarix-Ölkəşünaslıq Muzeyi yeni eksponatlarla muxtar respublika sakinlərinin istifadəsinə vermişdir. Yarandığı ilk illərdə muzeyin 250-yə qədər eksponatı olduğu halda onların sayı artırılaraq 1932-ci ildə 2520-yə, 1940-cı ildə isə 4880-ə çatdırılmışdır. Təkcə 1940-cı ildə muzeyə gələn tamaşaçıların sayı 6 min nəfərdən çox olmuşdur. Bütün bu faktlar və rəqəmlər M.Mirheydərzadənin muzeydəki səmərəli fəaliyyətindən xəbər verir.
Araşdırmalardan aydın olur ki, 30-cu illərin repressiya dalğaları M.Mirheydərzadədən də yan keçməyib. XX əsrin əvvəllərindəki siyasi fəaliyyətinə görə o da başqaları kimi xüsusi xidmət orqanlarının təqiblərinə məruz qalmışdır.
1941-1945-ci illər müharibəsi bütün sahələrdə olduğu kimi, Naxçıvanda muzey quruculuğu sahəsində nəzərdə tutulan tədbirləri də yarımçıq qoymuş, muzeydə işlərin səngiməsinə səbəb olmuşdur.
Tanınmış muzey qurucusu 1956-cı il yanvar ayının 10-da vəfat etmiş və Naxçıvan şəhər qəbiristanlığında dəfn edilmişdir.
Nizami Rəhimov
Naxçıvan Dövlət Tarix Muzeyinin direktoru